BMT-nin İrqi ayrı-seçkiliyin ləğvi üzrə Komitəsi (CERD) tərəfindən Fransanın müstəmləkəsi altında olan Kanakiyə (Yeni Kaledoniya) dair bəyanat qəbul edilib.
Qarabaginfo.az xəbər verir ki, bəyanatda Komitə Kanakidə həyata keçirdiyi müstəmləkəçilik siyasəti nəticəsində yaranmış vəziyyətə görə Fransaya xəbərdarlıq edib və ciddi narahatlığını ifadə edərək qeyd edib ki, Kanaki ilə bağlı siyasi və konstitusiya islahatları yalnız yerli Kanak xalqının iştirakı ilə, sərbəst və şəffaf formada həyata keçirilməlidir.
Bəyanatda qeyd edilir ki, 12 dekabr 2021-ci ildə Kanakidə Fransa tərəfindən üçüncü dəfə keçirilən “öz müqəddəratını təyinetmə referendumu” kanak xalqının milli matəm dövrünə təsadüf etdiyindən yerli kanak xalqı tərəfindən referendumun təxirə salınması ilə bağlı legitim çağırışlar Fransa hakimiyyəti tərəfindən nəzərə alınmayıb. Bəyanatda xüsusilə vurğulanır ki, kanak xalqını təmsil edən Kanaki Adət-Ənənə Senatı və səkkiz bölgənin adət şuraları bu məsələ ilə bağlı dəfələrlə rəsmi müraciətlər etsələr də, onların iradəsi və mövqeyi tamamilə görməzlikdən gəlinmiş, kanak xalqının siyasi iradəsinə və ənənəvi institutlarına qarşı Fransa tərəfindən açıq etinasızlıq nümayiş etdirilib.
Referendumdan sonra da Fransa hakimiyyəti “siyasi islahat” adlandırdığı, lakin kanak xalqının hüquq və həyati maraqlarına zidd olan prosesi, onların razılığı və iştirakı olmadan birtərəfli qaydada həyata keçirib, yerli kanak xalqını öz taleyi ilə bağlı qərarvermə prosesindən bilərəkdən kənarlaşdırıb, onun siyasi iradəsini zəiflətməyə, və ənənəvi idarəetmə institutlarını nüfuzdan salmağa yönəlmiş siyasət həyata keçirib.
Bəyanatda vurğulanır ki, Fransa, Noumea Sazişi ilə müəyyən edilmiş siyasi çərçivəni birtərəfli qaydada dəyişdirməyə yönəlmiş təşəbbüslər göstərib və sazişin fundamental əsaslarından biri olan öz müqəddəratını təyinetmə prosesinə ciddi şəkildə təhlükə yaradıb. Komitənin qiymətləndirməsinə görə, bu cür addımlar kanak xalqının siyasi iradəsini zəiflətməyə, onların ölkənin siyasi həyatında iştirak hüququnu və xüsusilə beynəlxalq hüquqla müəyyən edilmiş digər hüquqlarını məhdudlaşdırmağa yönəlib.
Sənəddə qeyd edilir ki, 1998-ci ildə imzalanmış Numea sazişinin Fransa tərəfindən öz lehinə mahiyyətinin dəyişdirilməsi dekolonizasiya prosesinin legitimliyinə ciddi zərbə vurmaqla yanaşı, kanak xalqının gələcəyi ilə bağlı qərarların onların razılığı olmadan formalaşdırılması riskini daha da artırır.
Komitə seçki korpusunun genişləndirilməsini nəzərdə tutan qanun layihəsinin Kanak xalqının razılığı olmadan hazırlanmasından dərin narahatlığını ifadə edir və bildirir ki, seçki sisteminə bu cür müdaxilə Kanak xalqının öz gələcəyini sərbəst şəkildə müəyyənləşdirmə hüququnun həyata keçirilməsinə və dekolonizasiya prosesinin gedişatına ciddi zərər vurur.
Komitə həmçinin 2024-cü ilin may ayında baş vermiş yerli əhalinin haqlı etirazları zamanı təhlükəsizlik qüvvələri tərəfindən həddindən artıq güc tətbiq edilməsi, o cümlədən ölümcül zorakılıq hallarının beynəlxalq insan hüquqları çərçivəsində araşdırılmasının vacibliyini vurğulayıb. Bundan əlavə qeyd olunub ki, 2025-ci ildə Bujival (Bougival) şəhərində qapalı formatda aparılmış danışıqlar nəticəsində Kanakinin gələcəyinə dair yeni siyasi razılaşma hazırlanıb, lakin bu prosesdə kanak xalqını təmsil edən institutların iştirakı təmin edilməyib.
Sənəddə bildirilir ki, Kanak xalqı hələ də struktur xarakterli irqi ayrı-seçkiliyə məruz qalır və bu vəziyyət onların siyasi, iqtisadi, sosial və mədəni hüquqlardan tam və bərabər şəkildə faydalanmasına ciddi məhdudiyyətlər yaradır. Bu səbəbdən Fransa hökumətinə Kanak xalqının siyasi proseslərdə bərabər və səmərəli iştirakını təmin etməyə, onların fundamental hüquqlarının qorunmasına zəmanət verməyə, zorakılıqla bağlı iddiaların müstəqil və şəffaf şəkildə araşdırılmasını həyata keçirməyə, eləcə də, BMT-nin müvafiq tövsiyələrini tam və ardıcıl şəkildə icra etməyə çağırış edilib.
Qeyd edək ki, 2024-cü ildə Bakı Təşəbbüs Qrupu tərəfindən Fransanın müstəmləkəçilik siyasəti və Kanak xalqının hüquqlarının pozulması ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasına təqdim edilmiş alternativ hesabatda qaldırılan məsələlər Komitənin hazırkı bəyanatında da öz əksini tapıb.