Ana Sayfa > Karusel / Sosial > “14 ildir işlədiyim vəzifədə qalmağım üçün 2500 manat istədi” - Açıqlama

“14 ildir işlədiyim vəzifədə qalmağım üçün 2500 manat istədi” - Açıqlama


Bu gün, 15:46. Yazar: Admin

14-ildir-islediyim-vezifede-qalmagim-ucun-2500-manat-istedi

“14 ildir Neftçalanın Şorkənd kəndində kitabxanaçı işləyirəm. Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəhbəri Araz Əlizadə məndən rüşvət tələb edib, vermədikdə isə hədə-qorxu gələrək ərizə yazdırıb və işdən çıxarıb”.

Bu iddia ilə Qarabaginfo.az-a Neftçala rayon sakini Gülmira Zeynalova müraciət edib.

O deyir ki, çıxarılmasına səbəb kimi işə gəlməməsi göstərilib: “Əslində Şorkənd Neftçalanın ən ucqar kəndidir, yolu çox uzaqdır, təxminən 2 saata ora çatıram. Amma bununla belə hər gün işə gedirəm. Kənddən sonuncu avtobus saat 5-də çıxır, mən də məcburam o vaxt çıxım, yoxsa qayıda bilmərəm. Taksi də 15-20 manata aparır. Cəmi 400 manat maaş alıram, o pulu ancaq taksiyə verə bilmərəm ki? Mən çıxandan sonra 17:30-da gəlib yoxlayıblar ki, işdə olmamısan. Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəhbəri Araz Əlizadənin qəbulunda oldum, dedi ki, 2500 manat gətir, səni işdə saxlayım. Mən də sənədlərimi hazırlayıb banka getmək istəyirdim ki, kredit götürərək pulu verim, eşitdim məni işdən çıxarıb…”

Şikayətçinin sözlərinə görə, yeni sədr onunla yanaşı, qardaşını da işdən çıxarıb: “Ötən il noyabrın 25-i məni, dekabrın 30-u isə Neftçala Rayon 2 saylı kitabxananın direktoru işləyən qardaşım Rəşad Zeynalovu işdən çıxarıb. Dəfələrlə müraciət etmişəm, ərizə yazmışam, şikayətimə baxan yoxdur”.

Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyinə müraciət etdik. Sorğumuza cavab olaraq bildirildi ki, vətəndaşın ittihamları əsassızdır: “Neftçala rayonunun Şorkənd kənd kitabxana filialının keçmiş əməkdaşı Gülmira Zeynalovanın Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadənin fəaliyyəti ilə bağlı irəli sürdüyü iddialar aidiyyəti üzrə araşdırılıb.

Məlumat üçün qeyd edək ki, Gülmira Zeynalova və Rəşad Zeynalov tərəfindən 2026-cı ilin yanvar-aprel ayları ərzində Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Mədəniyyət Nazirliyinə və digər dövlət qurumlarına eyniməzmunlu çoxsaylı müraciətlər ünvanlanıb, həmin müraciətlərə qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılıb və nəticəsi barədə müəlliflərə rəsmi yazılı cavablar təqdim edilib.

Araşdırmalar zamanı müəyyən olunub ki, Gülmira Zeynalova və Rəşad Zeynalov çalışdıqları dövrdə əmək intizamının pozulması halları ilə bağlı dəfələrlə intizam məsuliyyətinə cəlb edilib, nəticə etibarilə onlarla bağlanılmış əmək müqavilələrinə əmək qanunvericiliyinə uyğun olaraq xitam verilib. Bununla yanaşı, müraciətlərdə qeyd olunan pul tələbi və digər qanunazidd hərəkətlərlə bağlı hər hansı təsdiqləyici sübut təqdim edilməyib. Aparılmış araşdırma çərçivəsində aidiyyəti əməkdaşların izahatları alınıb, müraciətdə əks olunan iddialar öz təsdiqini tapmayıb”.

Nazirliyin açıqlamasında həmçinin qeyd olunub ki, hazırda Gülmira Zeynalova və Rəşad Zeynalov tərəfindən işə bərpa tələbi ilə bağlı qaldırılmış mülki iddialara Neftçala və Salyan rayon məhkəmələrində baxılır./Qafqazinfo


Geri dön