Azərbaycan kinosu haqqında hazırlanmış heç bir siyahıda adı olmayan film üzə çıxıb.
Qarabaginfo.az bildirir ki, bu barədə Azərbaycan Dövlət Film Fondunun məlumatında deyilir.
“Araşdırın!” adlı qısametrajlı bədii film Azərbaycan Dövlət Film Fondunun arxivinə daxil olub.
Film 1978-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun tədris kinostudiyasında istehsal olunub. Əməkdar incəsənət xadimləri, kinorejissor Cahangir Mehdiyevlə kinooperator Ələkbər Muradovun tələbə olarkən çəkdikləri kurs işidir.
Filmin direktoru Nadir Əliyevdir.
Ekran əsərinin baş rollarında Fazil Salayev, Leyla Bədirbəyli, Arif Qasımov kimi tanınmış aktyorlar çəkilib. Kurs işi aktyor Fazil Salayevin kinoda son işidir.
Filmi Əməkdar incəsənət xadimi Ələkbər Muradovun oğlu, rejissor Murad Muradov Fonda təhvil verib. Film Azərbaycan Dövlət Film Fondunda rəqəmsallaşdırılıb.
Qeyd etmək lazımdır ki, filmin adına bu günədək Azərbaycan kinosu haqqında hazırlanmış heç bir kataloq və siyahıda rast gəlinməyib.



