Bakıda “Montin”, “Vorovski”, “Razin” kimi yer adları yoxdur.
Bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov deyib.
Siyavuş Novruzov qeyd edib ki, hansısa şirkətlər müştərilərin onları rahat tapa bilməsi üçün bu köhnə adlardan istifadə edirlər: “Məsələn, reklam edilir ki, tədris kursu “Montin”də yerləşir. Halbuki bu adda yer yoxdur. Mən bunu yerli icra hakimiyyətindən maraqlanmışam. Özüm araşdırmışam və əmin olmuşam ki, bu adda yer yoxdur”.
Deputat bildirib ki, ümumilikdə, yer adlarının dəyişdirilməsi məsələsini Toponimiya komissiyası ciddi araşdırır: “Əgər ərazinin kökü varsa, axtarıb tapılır. Məsələn, vaxtilə biz Şəmkirdə Çardaqlı kəndininin adını dəyişdirdik, “Çənlibel” adlandırıldı. Halbuki ikisi də türk mənşəli addır. Kökü müəyyən ediləndən sonra adların dəyişdirilməsi tövsiyə oluna bilər”.
