Parlamentlərarası İttifaq Azərbaycan və Ermənistan arasında münasibətlərin inkişafına töhfə verməkdən qürur duyur.
Qarabaginfo.az xəbər verir ki, bunu Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Bakıda jurnalistlərə açıqlamasında deyib.
Baş katib bildirib ki, Azərbaycanla Ermənistan arasında ticarət və digər sahələrdə əməkdaşlığın bərpası müşahidə olunur. Eyni zamanda, Azərbaycan və Ermənistan parlamentləri arasında da əməkdaşlıq getdikcə genişlənir.
“Biz Azərbaycan və Ermənistan arasında baş verən inkişafları istisna hal kimi qiymətləndiririk və bunun təşviq olunmasının vacib olduğunu düşünürük. Çünki regiondakı digər ölkələr daha çox münaqişəyə sürükləndiyi halda, bu iki ölkə münaqişədən uzaqlaşaraq əks istiqamətdə irəliləyir. Bu isə əvvəl müşahidə etdiyimiz bir vəziyyət deyildi”, - Martin Çunqonq qeyd edib.
O, ötən gün Milli Məclisin sədri Sahibə Qafarova ilə çox səmərəli müzakirələr apardığını diqqətə çatdırıb: “Müxtəlif sahələrdə əməkdaşlığın davam etdirilməsi və möhkəmləndirilməsi barədə öhdəlik götürdük. Buraya, qeyd etdiyim kimi, hər iki ölkənin xalqlarının sülh və harmoniya şəraitində yaşaya bilməsi üçün Azərbaycanla Ermənistan arasında körpülərin qurulması da daxildir”.
O, vəzifəsindən ayrılmasına baxmayaraq, Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlığın daha da güclənəcəyinə əmin olduğunu vurğulayıb: “Çünki mənim xələfim də bu regionda irəli apardığımız sülh gündəliyinə tam sadiqdir. Bir daha Azərbaycan rəhbərliyinə - Prezident İlham Əliyevə və Milli Məclisin sədri Sahibə Qafarovaya Parlamentlərarası İttifaqa göstərdikləri davamlı dəstəyə görə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu əməkdaşlıq davam edəcək”.