Ana Sayfa > Karusel / İqtisadiyyat > İstilik enerjisindən istifadə Qaydaları təsdiqlənib

İstilik enerjisindən istifadə Qaydaları təsdiqlənib


Dünən, 22:45. Yazar: Admin

İstilik enerjisindən istifadə Qaydaları təsdiqlənib

İstilik enerjisindən istifadə Qaydaları təsdiqlənib.

Qarabaginfo.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Müəyyən edilib ki, "İstilik enerjisindən istifadə Qaydaları”nda Elektron Hökumət İnformasiya Sisteminin xidmət kanalı üzərindən paylayıcının informasiya sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurların təşkili təmin edilənədək həmin prosedurlar birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçirilir. “İstilik enerjisindən istifadə Qaydaları”nda həyata keçirilməsi nəzərdə tutulan prosedurlar tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektlərinin şəbəkəyə qoşulması ilə əlaqədar layihənin və texniki şərtlərin verilməsinə münasibətdə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yeni Qaydaların təsdiqliylə əlaqədar “İstilik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli 303 nömrəli Qərarı ləğv edilib.

Yeni Qaydalara əsasən, satıcı və istehlakçı arasında istilik və isti suyun verilməsinə görə hesablaşma aparılması üçün balans mənsubiyyəti sərhədində, bu mümkün olmadığı hallarda isə istilik mənbəyində “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanuna uyğun olaraq tipi təsdiq edilmiş və yoxlamadan keçmiş müvafiq sayğac quraşdırılmalıdır. Məişət istehlakçılarına verilən istiliyin və isti suyun uçotu mənzillərin və ya yaşayış evlərinin girişində və ya onların daxilində quraşdırılmış sayğac vasitəsilə, sayğac yalnız binanın şəbəkəyə qoşulma nöqtəsində quraşdırıldığı halda isə uçot həmin sayğac vasitəsilə aparılır. İstehlakçıların sayğacla təchiz edilməsi, onun quraşdırılması və dəyişdirilməsi məişət istehlakçılarına münasibətdə həmin istehlakçının qurğusunun qoşulduğu paylayıcının vəsaiti hesabına həmin paylayıcı tərəfindən, qeyri-məişət istehlakçılarına münasibətdə isə istehlakçının öz vəsaiti hesabına onun istilik qurğusunun qoşulduğu paylayıcı, yaxud istehlakçının seçdiyi podratçı tərəfindən həyata keçirilir. Qanun qüvvəyə minənədək tikilmiş binalarda sayğacın quraşdırılması texniki baxımdan mümkün olmadığı hallarda paylayıcı tərəfindən binanın girişində quraşdırılmış sayğacın istismarı fərdi qaydada sayğacların quraşdırılması üçün texniki imkan yarananadək davam etdirilir.
Zədələnmiş sayğacların (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmiri, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 gün müddətində həyata keçirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş sayğacın təmiri, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına məişət istehlakçılarına münasibətdə paylayıcı, qeyri-məişət istehlakçılarına münasibətdə isə paylayıcı, yaxud istehlakçının seçdiyi podratçı tərəfindən həyata keçirilir. Qeyri-məişət istehlakçıları tərəfindən balans mənsubiyyəti sərhədində quraşdırılmış sayğacın qorunmasına, sayğac və xətdəki siyirtmə, süzgəc üzərindəki plombların toxunulmazlığına cavabdeh olan şəxs müəyyən edilir. Mənzillərin və ya yaşayış evlərinin daxilində quraşdırılmış sayğaclar istisna olmaqla, məişət istehlakçılarının sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə paylayıcı cavabdehlik daşıyır.

Sayğacların növbəti yoxlanılması onların tipi təsdiq edilərkən müəyyən edilən ölçmə vasitəsinin yoxlamalararası intervalına uyğun olaraq “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanunla müəyyən olunmuş qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən paylayıcının hesabına həyata keçirilir. İstehlakçının müraciəti ilə sayğacın növbədənkənar yoxlanılmasına görə istehlakçı paylayıcı tərəfindən müəyyən edilən və rəsmi internet saytında yerləşdirilmiş məbləğdə vəsait ödəməlidir. Paylayıcının nümayəndələri tərəfindən qanunsuz qoşulma (paylayıcının razılığı olmadan şəbəkəyə qoşulma) halları aşkar edildikdə qanunsuz qoşulma xəttini dərhal şəbəkədən ayırmaqla istilik təchizatını dayandırmalıdır. Paylayıcının nümayəndələri istehlakçı tərəfindən sayğaca müdaxilə edilməklə və ya şəbəkəyə qanunsuz qoşulmaqla istilik enerjisinin talanması hallarını aşkar edərlərsə, bu Qaydaların tələbləri nəzərə alınmaqla bu barədə istehlakçının iştirakı ilə akt tərtib etməli, həmin aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), aktda inzibati xəta əlaməti olan əməl qeyd olunmuşdursa, bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə və Tənzimləyiciyə, aktda cinayət tərkibinin əlamətləri olan əməl qeyd olunmuşdursa, bir nüsxəsini cinayət təqibi orqanına təqdim etməlidirlər. Akt paylayıcının nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
İstilik enerjisinin talanmasında istehlakçının təqsirli olması bu Qaydalarda nəzərdə tutulan orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə paylayıcı vurulmuş zərərin ödənilməsini zərər vuran şəxsdən tələb etməlidir.


Geri dön