Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Azərbaycan Milli Məclisinin Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması haqqında qərarına dair bəyanat verib.
Qarabaginfo.az xəbər verir ki, bəyanatda Milli Məclisin bu gün qəbul etdiyi, Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığın rəsmi şəkildə dayandırılması, Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakına son qoyulması və Avronest Parlament Assambleyasına üzvlükdən çıxmaq üçün prosedurların başlanılması haqqında qərarın dəstəklədiyi qeyd olunur.
“Bu qərar, Avropa Parlamentinin son illər ərzində Azərbaycana qarşı nümayiş etdirdiyi davamlı, tamamilə qərəzli və əsassız yanaşmanın nəticəsi olaraq qəbul edilib. Son altı il ərzində Avropa Parlamenti Azərbaycana qarşı düşmənçilik mövqeyi sərgiləmiş və ölkəni əsassız şəkildə hədəf alan, o cümlədən 2026-cı il 30 aprel tarixli son qətnamə də daxil olmaqla, 10-dan çox siyasi motivli sənəd qəbul edib.
Bu cür mövqe suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmamaq kimi fundamental prinsiplərə etinasızlıq nümayiş etdirməklə yanaşı, Azərbaycan və Ermənistan arasındakı sülh və normallaşma prosesinə ziddir.
Parlament assambleyaları üzv olmayan dövlətlərin parlamentləri də daxil olmaqla, konstruktiv dialoq və xoşməramlı əməkdaşlıq platforması rolunu oynamalıdır. Təəssüf ki, Avropa Parlamenti səmimi qarşılıqlı fəaliyyət ruhu nümayiş etdirə bilməyib, əksinə, Azərbaycanı hədəf almağa üstünlük verir.
Bununla əlaqədar olaraq, bu cür davranış effektinin parlamentlərarası münasibətlərə töhfə vermədiyini vurğulayır və Avropa Parlamentini bu növ təcrübələrdən çəkinməyə çağırırıq”, - deyə bəyanatda vurğulanır.