Ana Sayfa > Karusel / Siyasət > İran XİN sözçüsü: Pakistan ABŞ-la danışıqlarda rəsmi vasitəçi kimi qalır

İran XİN sözçüsü: Pakistan ABŞ-la danışıqlarda rəsmi vasitəçi kimi qalır


Bu gün, 10:26. Yazar: Admin

İran XİN sözçüsü: Pakistan ABŞ-la danışıqlarda rəsmi vasitəçi kimi qalır

Pakistan İran və ABŞ arasında danışıqlarda rəsmi vasitəçi kimi çıxış etməyə davam edəcək.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai dövlət televiziyasına müsahibəsində İran-ABŞ danışıqlarında vasitəçinin dəyişdirilməsi ehtimalına münasibət bildirərkən deyib.

O bildirib ki, bir çox ölkə bu prosesə yardım etmək istəyir və onların bəzilərinin niyyəti müsbətdir, lakin rəsmi vasitəçi kimi Pakistan qalır.

XİN sözçüsü qeyd edib ki, Pakistan bu prosesdə müsbət davranış nümayiş etdirib və vasitəçilik sahəsində kifayət qədər imkanlara malikdir.

Bəqai vurğulayıb ki, İran sahilyanı dövlət olduğu halda qarşı tərəfin bir su yolundan Tehrana qarşı istifadə etməsinə imkan verə bilməz: “Təəssüf ki, bəzi regional ölkələr də Ramazan ayında xarici tərəflə birlikdə bir müsəlman ölkəsinə qarşı addımlar atıblar”.

XİN rəsmisinin sözlərinə görə, İran xarici işlər naziri Abbas Əraqçinin İslamabada səfərinin əsas məqsədi Tehranın mövqeyini Pakistana çatdırmaq olub.

O, Əraqçinin Moskvaya səfərinə də toxunaraq bildirib ki, İranın Rusiya ilə strateji tərəfdaşlıq sazişi və müxtəlif sahələri əhatə edən razılaşmaları mövcuddur və bu çərçivədə müdafiə, siyasi və təhlükəsizlik sahələrində əməkdaşlıq aparılır.

“Region ölkələri anlamalıdır ki, İran İslam Respublikası onların düşməni deyil və bəzi ölkələr ABŞ-a etimadın nəticələrini artıq görüblər”, - Bəqai əlavə edib.

O, Omanın məsuliyyətli və konstruktiv mövqe tutduğunu da qeyd edib.


Geri dön