Bakı və Moskvanın münasibətlərdəki gərginliyə son qoymaları barədə birgə bəyanatından sonra şimal qonşumuzdakı bəzi çevrələr azərbaycanəsilli iş adamlarını niyə hədəf alıblar?
“Crocus”un sabiq vitse-prezidenti, vaxtilə Araz Ağalarovun yaxın dostu kimi təqdim edilən Eldar Dadaşovun məhkəməsində son qərar elan edilib. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Dadaşov Ağalarovun şirkətlər qrupunda vaxtilə yüksək mövqe tutub, biznes şəriki olublar. Lakin sonradan onların arasında münaqişə yaranıb. Rusiya mediasının iddiasına görə, Araz Ağalarovla münasibəti pozulduqdan sonra Dadaşov cinayət işi üzrə fiquranta çevrilib. Onun evində axtarışlar aparılıb, bütün aktivlərinə həbs qoyulub, özü isə məhkəməyədək ölkədən çıxmamaq şərti ilə azadlıqda qalıb. Eyni tədbirlər onun iki biznes tərəfdaşına – ata və oğul Şepetilnikovlara da tətbiq olunub. Bildirilir ki, cinayət işinə səbəb “Vostoçnı” kosmodromu üçün texniki kompleksin tikintisi ilə bağlıdır.
Xüsusilə iri məbləğdə vergidən yayınma ilə bağlı cinayət işi tikintini aparan “MDT Group” şirkətinə qarşı açılıb. Şirkətin təsisçisi və direktoru Pavel Şepetilnikovdur. O, “Crocus”da “Vostoçnı” kosmodromunda texniki kompleksin tikintisinə rəhbərlik etmiş Aleksey Şepetilnikovun oğludur. 2020-ci ildə Ağalarovun şirkəti kosmodromda hava limanı kompleksinin birinci mərhələsinin tikintisi üzrə 28,17 milyard rubl dəyərində müqaviləni tendersiz əldə edib. Layihəyə “Crocus” tərəfindən Eldar Dadaşov kuratorluq edib. Vergi yoxlaması zamanı “MDT Group” şirkətinə 457 milyon rubl məbləğində əlavə vergi, cərimə və faiz hesablanıb. Vergi orqanları hesab edib ki, şirkət “Crocus”la əməkdaşlıq çərçivəsində saxta tərəfdaşlarla işləyərək qanunsuz ƏDV çıxarışları əldə edib.
Qeyd olunur ki, 2025-ci ildə məhkəmə işi ilk dəfə geri qaytarılıb – səbəb istintaqda yol verilmiş pozuntular olub. Məsələn, ittihamda yoxlanılmayan illər də göstərilib. Bundan əlavə, şahid ifadələrində Dadaşovun adı ümumiyyətlə çəkilmir və vergi orqanları zərərin dəqiq məbləğini müəyyən etməyib. Buna baxmayaraq, iş yenidən məhkəməyə göndərilib və bu ilin mart ayında baxılıb. Bildirilir ki, hökm çox qısa müddətdə – hətta “Crocus City Hall” terror işi üzrə hökmün verildiyi gün çıxarılıb. Amma bu məlumatlarda Dadaşov barəsində hansı qərar verildiyi açıqlanmır.
Bildirilir ki, hazırda “Crocus”un Vostoçnı kosmodromu-dakı tikinti işləri İnna Yeqorovanın rəhbərliyi ilə davam edir. O, əvvəllər Krımda hüquqşünas kimi fəaliyyət göstərib və Ağalarovun yüksək etimadını qazanıb.
Son günlər Azərbaycanla Rusiya hakimiyyəti arasında AZAL təyyarəsinə görə yaranmış gərginliyin tərəflərin razılaşması ilə bitməsinin rəsmi bəyanından sonra şimal qonşumuzdakı bəzi çevrələr azərbaycanəsilli iş adamlarını hədəf alırlar. Belə ki, bir sıra Telegram kanalları Sankt-Peterburqda təsis olunan “Fəxri xeyriyyəçi” mükafatının ilk dəfə Azərbaycan doğumlu iş adamı Qod Nisanova verilməsi ətrafında hay-küy qaldırıblar. Həmin dairələr Nisanovun biznes fəaliyyəti ilə bağlı illərdir məlum olan mövzuları yenidən gündəmə gətirir. Onun sahib olduğu bazarlarda miqrantların fəaliyyəti, ticarət obyektlərində baş verən müxtəlif hadisələr qabardılır və bu, mükafatın verilməsinə qarşı arqument kimi təqdim olunur.
İndi Ağalarovun keçmiş müavini haqda yazılarda da “Crocus City Hall” dakı məlum terror hadisəsi yada salınır, azərbaycanlı biznesmenə bağlı şirkətlərin iri məbləğdə vergilər ödəmədiyi iddia olunur. “Mənbəyə görə, “Crocus”un sahibi istintaq orqanlarının nümayəndələri ilə yaxşı münasibətlərə malikdir. İddialara əsasən, bu əlaqələr sayəsində Ağalarovlar “Crocus City Hall”dakı terror hadisəsindən sonra hüquqi məsuliyyətdən yayına biliblər. “Crocus City Hall” ilə bağlı araşdırmalarda qeyd olunurdu ki, çoxsaylı insan itkisinə səbəb təhlükəsizlik qaydalarının pozulması da olub. Bəzi çıxış qapılarının bağlı olması nəticəsində insanlar yanğın və tüstüdən xilas ola bilməyiblər” deyə, Dadaşovdan bəhs edilən məqalədə Ağalarov daha çox hədəfə çıxarılır...
Musavat.com
