Pentaqonun İranla müharibə ilə bağlı mövqeyinə görə İspaniyanın NATO üzvlüyündən çıxarılmasını nəzərdə tutan daxili yazışmaları ilə bağlı narahat deyiləm, çünki bu məlumatlar hələlik şayiə səviyyəsindədir.
EFE xəbər verir ki, bu barədə İspaniya Baş naziri Pedro Sançez bildirib.
Baş nazir deyib ki, bu kimi məsələlərdə şayiələrə deyil, rəsmi sənədlərə və bəyanatlara əsaslanmaq lazımdır.
“İspaniya hökumətinin mövqeyi tam aydındır: biz müttəfiqlərlə əməkdaşlığın tərəfdarıyıq, lakin bu əməkdaşlıq hər zaman beynəlxalq hüquq çərçivəsində olmalıdır”, – o vurğulayıb.
Qeyd edək ki, “Reuters” Pentaqon daxilində yayılmış elektron məktuba istinadən məlumat yayıb. Məlumata görə, ABŞ bəzi NATO müttəfiqlərini İranla müharibədə Vaşinqtonu dəstəkləmədiklərinə görə cəzalandırmaq variantlarını nəzərdən keçirir. Belə ki, sənəddə ABŞ-ın İspaniyanı alyansdan uzaqlaşdırmaq və Böyük Britaniyanın Folklend adaları üzərində suverenlik dəstəyini yenidən nəzərdən keçirmək kimi addımları müzakirə etdiyi qeyd olunur.