Ana Sayfa > Karusel / Kriminal > Karqo şirkəti, yoxsa gömrük?- "Dynamic Express" müştərisi 14 gündür itən bağlamasını axtarır

Karqo şirkəti, yoxsa gömrük?- "Dynamic Express" müştərisi 14 gündür itən bağlamasını axtarır


Bu gün, 10:02. Yazar: Admin

 

Azərbaycanda fəaliyyət göstərən karqo şirkətlərindən biri ilə bağlı növbəti müştəri narazılığı yaranıb.

Qarabaginfo.az xəbər verir ki, Püsta Əliyeva adlı vətəndaş, “Dynamic Express” daşıyıcı şirkəti vasitəsilə sifariş etdiyi bağlamanın taleyi ilə bağlı ziddiyyətli məlumatlar aldığını və məhsulunun tapılmadığını bildirib.

Şikayətçinin bildirdiyinə görə, aprelin 3-də sifariş etdiyi geyim bağlaması tətbiqdə aprelin 7-də uçuş reysi ilə yola düşmüş kimi qeyd olunub. Eyni zamanda, rəsmi “Smart Customs” platformasında da bağlamanın elə həmin tarixdə gömrük nəzarətindən keçərək çeşidləmə üçün daşıyıcı şirkətə təhvil verildiyi və gömrüyü tərk etdiyi əksini tapıb.

Lakin bağlamanı təhvil almaq üçün şirkətə müraciət edən müştəriyə fərqli cavab verilib: “Dynamic Express ilə əlaqə saxladıqda məhsulun hələ də gömrük nəzarətində olduğunu bildirirlər. Artıq 14 gündür ki, bağlama ortalıqda yoxdur. Smart Customs-da ‘təhvil verildi’ yazıldığı halda, şirkət bunun əksini iddia edir.”

Vətəndaş qeyd edir ki, rəsmi dövlət portalında bağlamanın gömrüyü tərk etdiyi təsdiqlənsə də, karqo şirkəti məsuliyyəti öz üzərinə götürmür və gecikmənin gömrük nəzarəti ilə bağlı olduğunu iddia edir. Bu cür hallarda adətən bağlamaların anbar daxilində itməsi və ya qeydiyyata alınmaması şübhələri yaranır.

Sosial şəbəkələrdə bu postun paylaşılmasından sonra bir çox istifadəçi oxşar hallarla rastlaşdıqlarını bildiriblər. Karqo şirkətlərinin bəzən bağlamaları anbarda “itirməsi” və ya sistemdə düzgün emal etməməsi müştərilərin həftələrlə gözləməsinə səbəb olur.

İstehlakçılar nə etməlidir?

Ekspertlər bildirirlər ki, əgər “Smart Customs” sistemində bağlama daşıyıcıya təhvil verilmiş kimi görünürsə, məsuliyyət tamamilə karqo şirkətinin üzərinə düşür. Belə vəziyyətdə vətəndaşlar:

  • Şirkətdən rəsmi daxili izahat tələb etməli;

  • Problem həll olunmadıqda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməlidirlər.


Geri dön