ABŞ Prezidenti Donald Tramp ölüm cəzasına məhkum edilmiş 8 iranlı qadının azad olunması üçün rəsmi Tehrana müraciət edib.
Qarabaginfo.az xəbər verir ki, Amerika lideri bu barədə özünün “Truth Social” hesabında paylaşım edib.
Tramp yaxın vaxtlarda nümayəndə heyətləri arasında baş tutacaq görüşlər ərəfəsində bu addımın mühüm diplomatik jest olacağını vurğulayıb:
“Tezliklə mənim nümayəndələrimlə danışıqlar aparacaq İran liderlərinə xitab edirəm: Bu qadınları azadlığa buraxsanız, mən bunu çox yüksək qiymətləndirərdim. Əminəm ki, dünya ictimaiyyəti sizin bu addımınızı ehtiramla qarşılayacaq. Xahiş edirəm, onlara ziyan verməyin. Bu, danışıqlarımız üçün çox gözəl başlanğıc olar”.
Tramp həmçinin qeyd edib ki, humanitar xarakterli bu addım tərəflər arasında illərdir davam edən etimadsızlığın aradan qaldırılmasına kömək edə bilər. O, paylaşımına sözügedən qadınların fotosunu da əlavə edərək İran hökumətini həmin məsələyə həssas yanaşmağa çağırıb.
Qeyd edək ki, bu müraciət ABŞ nümayəndə heyətinin İslamabadda İran rəsmiləri ilə görüşməyə hazırlaşdığı bir vaxtda edilib. İran tərəfinin isə sözügedən humanitar çağırışa necə cavab verəcəyi hələlik məlum deyil.