Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan Prezidenti: "Zənnimcə, lap yaxın vaxtlarda biz hamımız dirçəldilmiş şəhərləri görəcəyik"

Azərbaycan Prezidenti: "Zənnimcə, lap yaxın vaxtlarda biz hamımız dirçəldilmiş şəhərləri görəcəyik"


19-01-2021, 16:44. Yazar: Admin

 

Azərbaycan Prezidenti: "Zənnimcə, lap yaxın vaxtlarda biz hamımız dirçəldilmiş şəhərləri görəcəyik"

"Kəlbəcər, Laçın rayonlarında həm Ermənistan vətəndaşlarının, həm də əsasən diaspordan olan ermənilərin süni şəkildə məskunlaşdırılması aparılıb. Noyabrın 10-da imzalanmış bəyanata müvafiq olaraq, işğalçılar həmin əraziləri tərk edəndə özlərinin tikmədiyi, qanunsuz olaraq soxulduqları evləri yandırır, meşələri qırır, bütün infrastrukturu məhv edirdilər. Laçın və Kəlbəcər rayonlarında 10-dan çox su elektrik stansiyası vardı, onlar hamısı dağıdılıb, yəni bu, barbarlıqdır".

Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan işğal olunmuş ərazilərə qayıdandan sonra, beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri, jurnalistlər oraya səfər edir, hər şeyi öz gözləri ilə görürlər. Bu, misli görünməmiş vandallıqdır. Elə bil bu ərazilərdən vəhşi qəbilə keçib.

“Şuşa şəhərinə gəldikdə isə onun indiki vəziyyətinə heç kim laqeyd qala bilməz, çünki bu nadir və bənzərsiz şəhər Qafqazın incisidir. Fikrimcə, nəinki bizim regionda, dünyada onun bənzəri yoxdur. Şəhər tamamilə boşalıb, məscidlər dağıdılıb, tarix və mədəniyyət abidələri, Vaqifin məqbərəsi dağıdılıb, məzar daşı sındırılıb, Vaqifin barelyefi qırılıb, büstü məhv edilib. Natəvanın sarayı dağıdılıb, Bülbülün evi praktiki olaraq yarıdağıdılmış vəziyyətdədir, Üzeyir Hacıbəylinin evi isə artıq yoxdur, onun yalnız divarları qalıb. Bu, barbarlıqdır, bu, mədəni soyqırımıdır və buna heç cür haqq qazandırmaq olmaz”, - deyə Prezident vurğulayıb.

Müharibə qurtardığını, Azərbaycanın qələbə qazandığını diqqətə satdıran Prezident İlham Əliyev deyib: “Lakin biz bunu heç vaxt unutmayacağıq və heç vaxt unutmamalıyıq. Buna görə mənim göstərişimə əsasən, bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləndə biz yəqin ki, hər şəhərdə bir məhəlləni, ola bilsin, böyük bir ərazini işğalçılardan sonra qalmış vəziyyətdə saxlayacağıq ki, Azərbaycan xalqı bunu heç vaxt unutmasın, gələcək nəsillər yadda saxlasınlar ki, biz öz torpağımızı qorumalıyıq və yalnız öz gücümüzə güvənməliyik. Əlbəttə, biz işğal edilmiş ərazilərdə dağıdılanların hamısını bərpa edəcəyik, bərpa prosesi başlanıb. Fikrimcə, bizim atdığımız ilk addımların nəticələri lap yaxın vaxtlarda görünəcək. Böyük qayıdış proqramı hazırlanır. Zənnimcə, lap yaxın vaxtlarda biz hamımız dirçəldilmiş şəhərləri görəcəyik”.


Geri dön