Hər il olduğu kimi, bu il də aprelin 1-3 tarixlərində UNEC-də ənənəvi “Elm Günləri” keçirilib. Tədbir akademik müzakirələrlə yanaşı real təşəbbüslərlə yadda qalıb. Xüsusilə yekun çıxışlar diqqət çəkib və ictimai rezonans doğurub.
Qarabaginfo.az xatırladır ki, tədbirin sonunda universitetin rektoru Ədalət Muradov mühüm təşəbbüslərlə çıxış edib. Onun səsləndirdiyi fikirlər Qarabağda təhsilin dirçəldilməsi istiqamətində konkret addımlar kimi qiymətləndirilir. Rektor şəxsi kitabxanasından Qarabağ Universitetinə 500 kitab hədiyyə etdiyini açıqlayıb. Eyni zamanda, həmkarlarını və ziyalıları bu aksiyaya qoşulmağa çağırıb. Bu təşəbbüs fərdi addım kimi görünsə də, əslində genişmiqyaslı prosesin başlanğıcı kimi qəbul olunur.
Rektor daha bir strateji qərarı da elan edib. UNEC-in 5 milyondan artıq resursa malik elektron kitabxanası Qarabağ Universitetinin müəllim və tələbələrinin istifadəsinə açılıb. Bu resurslardan istənilən vaxt onlayn istifadə etmək imkanı yaradılıb.
Beləliklə, Qarabağ Universitetinin elmi potensialının qısa müddətdə gücləndirilməsi üçün real zəmin formalaşıb.
Bu addım klassik kitab bağışlama təşəbbüsündən daha sistemli və geniş yanaşma kimi dəyərləndirilir. Bu model inkişaf etmiş ölkələrdə universitetlərarası əməkdaşlığın əsas istiqamətlərindən biri hesab olunur.
Resursların paylaşılması elmi mühitin daha sürətli inkişaf etməsinə şərait yaradır.
Cənubi Qafqaz regionu yeni geosiyasi mərhələyə daxil olub. Bu mərhələdə əsas prioritetlərdən biri elm və təhsilin inkişafı götürülür. Qarabağda qurulan ali təhsil infrastrukturu xüsusi əhəmiyyət kəsb edir. Qarabağ Universitetinə yeni yaradılan ali məktəb kimi baxılmır. O, regionun intellektual dirçəlişinin simvoludur.
Müasir dövrdə universitetlərin gücü yalnız binalarla ölçülmür. Zəngin kitabxana fondu və elmi resurslar əsas göstəricilərdən biri kimi qəbul olunur. Dünya təcrübəsi də bunu təsdiqləyir. Aparıcı universitetlər güclü kitabxana sistemləri üzərində qurulur.
Elmi resurslara çıxış imkanları universitetlərin beynəlxalq reytinqlərdə mövqeyini müəyyənləşdirir.
Məhz bu baxımdan Ədalət Muradov tərəfindən səsləndirilən təşəbbüs Qarabağ Universitetinin regionun ən zəngin kitab fonduna malik ali təhsil müəssisəsinə çevrilməsini hədəfləyir.
Onu da bildirək ki, bu yanaşma qısa müddətdə ictimai müzakirəyə çevrilib. AMEA-nın prezidenti İsa Həbibbəyli təşəbbüsə qoşulan ilk şəxslərdən biri olub. O, Qarabağ Universitetinə 1000 kitab hədiyyə edəcəyini açıqlayıb. Bu addım elmi ictimaiyyət üçün nümunə kimi qiymətləndirilir.
Sabiq millət vəkili Etibar Əliyev də təşəbbüsə dəstək verib. O, Qarabağ Universitetinə 100 kitab göndərəcəyini bildirib.
Bütün bunlar göstərir ki, təşəbbüs fərdi səviyyədən çıxaraq böyük işə çevrilib. Məsələnin mahiyyəti yalnız kitab sayının artırılması ilə məhdudlaşmır. Əsas məqsəd Qarabağda güclü akademik və elmi mühitin formalaşdırılmasıdır.
Zəngin kitabxana fonduna malik universitet daha keyfiyyətli təhsil deməkdir. Bu isə regionun sosial-iqtisadi inkişafına birbaşa təsir göstərir. Qarabağ Universitetinin “regionun ən çox kitabı olan universiteti”nə çevrilməsi ciddi strateji hədəfdir.
Bu gün hər bir vətəndaş bu prosesə töhfə verə bilər. Bir kitab belə böyük dəyişimin başlanğıcıdır. Ziyalılar və elm adamları bu çağırışa qoşulmalı və bu prosesi davam etdirməlidirlər.
Əgər hər bir azərbaycanlı Qarabağ Universitetinə bir kitab bağışlasa, bu universitet dünyanın ən zəngin kitab fonduna malik ali təhsil ocaqlarından birinə çevrilə bilər. Bu isə tam real və reallaşa biləcək milli hədəfdir.
Təbii ki, belə bir prosesdə yalnız dövlətin addımlarını gözləmək doğru deyil. Azərbaycanın ziyalıları və alimləri bu prosesdə fəal iştirak etməlidirlər. Bu, ictimai məsuliyyətin real ifadəsidir. Qarabağ Universitetinin inkişafı ümummilli məsələ kimi qəbul olunur. Bu prosesdə hər bir vətəndaşın rolu önəmli və zəruridir.