Ana Sayfa > Gündəm / Karusel > Səlim Müslümov dövlət vəsaitini belə talayıb - YENİ FAKTLAR
Səlim Müslümov dövlət vəsaitini belə talayıb - YENİ FAKTLAR26-09-2022, 18:37. Yazar: Admin |
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib. Qarabaginfo.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid İbad İsmayılov bildirib ki, 2014-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyib. "Sonradan Qarabağ əlillərinə tikilən binalarda işləmişəm. Nazirliyin tikilməkdə olan obyektlərinə Natiq Əzizov rəhbərlik edirdi. Mənə təklif etdilər ki, sənin adına şirkətlər açaq, tenderlərdə iştirak edək. Mənim adıma 3 şirkət açdılar. "Tala", "Tala-1" və "Tala-2" şirkətlərini yaratdıq, mən də həmin şirkətlərə rəhbərlik edirdim. 2015-ci ildə devalvasiya oldu və vəsait çatışmazlığı yarandı. Bizə dedilər ki, hər evin müəyyən xərcləri var, hər ev üçün nazirliyin tikinti idarəsinə 6 min manat verirdik. Orada Toma xanım var idi, pulu ona verirdik, daha sonra Natiq müəllimə verdim. Birinci dəfə Qazax rayonunda 6 ev, ikinci mərhələdə isə 16 ev tikmişəm. Ümumilikdə, o evlərə görə Natiq Əzizova 132 min manat vermişəm. Əvvəl hər 3 şirkət mənim adıma olub. Sonradan tenderdə gəlib dedilər ki, bir adam 3 şirkətlə tenderdə iştirak edə bilməz. Mən də ona görə məcbur olub şirkətin birini yoldaşımın adına keçirdim. Birinci tenderdə bir evin qiyməti 54 min, ikinci mərhələdə 68 min oldu. O evlərin hər birinin xərci 42 min manat idi, qalanı qazanc idi", - deyə şahid çıxışında qeyd edib. Digər şahid İlqar Mustafayev isə deyib ki, suvarma sistemlərində qaynaqçı işləyir. O bildirib ki, 2014-cü ildə onu aldadıb ağ kağıza qol çəkdiriblər: "2021-ci ildə məni çağırıb dedirlər ki, sən şirkət rəhbəri olmusan, rəhbərlik etdiyim "Tunar MMC" evlər inşa edib. Mənim heç nədən xəbərim olmayıb. Mənə heç kim deməyib ki, nə məsələdir. İstintaqda bildim ki, mənim şirkətim olub. Şirkətə kim rəhbərlik edib, kim ev tikib xəbərim yoxdur". Bundan əlavə, digər şahid Bəylər Musayev vurğulayıb ki, onun adına "Şəki Construction" MMC təsis olunub: "Suvarma idarəsində işləmişəm, fəhlə adamam, dedilər bu kağızı imzala, mən də imzaladım. Mənim bu şirkətlə heç bir işim olmayıb. Şirkətin şəhid ailələri üçün evlər inşa etdiyini eşitmişdim". Məhkəmədə ifadə verən şahid, Əmək və Əhalinin Sosial Müdafiə Nazirlyinin təsərrüfat şöbəsinin müdiri Pərviz Qarayev isə ifadəsində qeyd edib ki, əvvəllər bizneslə məşğul olub, 2014-cü ildən isə sözügedən nazirlikdə şöbə müdiri vəzifəsinə təyin edilib. Nazirliyin tikilməkdə olan obyektlərinin idarə rəisi Natiq Əzizovun tələbə yoldaşı olub. P.Qarayevin adına 17 şirkət açılıb. Tenderlərdə iştirak etmək üçün şirkətlər özünün və yaxınlarının adına təsis olunub: "Mənim firmalarla birbaşa əlaqəm olmayıb. Gördüyüm işlərə görə nazirliyin özünün mənə borcu olub. 181 manat borc bu gün də ödənilməyib". Proses oktyabrın 3-də davam etdiriləcək. Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb. Səlim Müslümov ibtidai istintaq zamanı cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Həmçinin sabiq nazirin 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub. Geri dön |