Ana Sayfa > Gündəm / Karusel > "Azərenerji": Laçında 28 su elektrik stansiyası olacaq
"Azərenerji": Laçında 28 su elektrik stansiyası olacaq22-09-2022, 19:48. Yazar: Admin |
“İşğaldan azad olunmuş Laçın rayonunun qısa bir vaxtda ümumi elektrik enerji sisteminə qoşulması və elektrik enerjisi ilə təchiz olunmasına dair dövlət başçısının göstərişi var. Dünən də bildiyiniz kimi Prezident "Laçın" qovşaq yarımstansiyanın təməlqoyma mərasimində iştirak etdi. Rayona artıq müvəqqəti olaraq elektrik enerjisi verilib. Lakin daha keyfiyyətli və dayanıqlı enerji ilə təchiz edilməsi və ümumölkə sisteminə qoşulması üçün bu yarımstansiyanın inşası vacib idi”. Qarabaginfo.az bildirir ki, bunu APA-ya açıqlamasında “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev bildirib. Onun sözlərinə görə, Füzulidən Cəbrayıl, Qubadlı və Zəngilanı keçməklə gələn, eyni zamanda Daşkəsəndən Kəlbəcəri keçməklə "Qorçu" yarımstansiyası daxil olmaqla gələn və həmçinin Füzulidən Şuşaya gələn xəttin hamısı burada birləşəcək: “Bununla da Qarabağın dairəvi elektrik təchizatı həyata keçiriləcək. Belə ki, xəttin bir başında hər hansısa bir problem olarsa, digər tərəfdən elektrik enerjisi vermək mümkün olacaq və fasiləsizlik təmin olunacaq. Digər layihələrə gəlincə hazırda Laçının Qorçu kəndində "Qorçu" yarımstansiyası tikilir. Artıq o istiqamətdə Kəlbəcərdən 42 kilometr məsafədə çətin dağlı, qayalıq relyefdə 110 kilovatlıq ikidövrəli elektrik xətti çəkilib”. Teymur Abdullayev deyib ki, Laçın rayonunun böyük su potensialı var. Ermənistanın işğalı zamanı burada mövcud olmuş 14 kiçik su elektrik stansiyası darmadağın edilib: “Onlar bərpa olunacaq və əlavə 14 yeni su elektrik stansiyası tikiləcək. Beləliklə 28 su elektrik stansiyası olacaq. Onların ümumi gücü 120 meqavatt olacaq. Bu, Laçının enerji tələbatından bir neçə dəfə çoxdur. Təbii ki, həmin stansiyalarda istehsdal olunan elektrik enerjisi "Laçın" qovşaq yarımstansiyası və digər yarımstansiyaları birləşdirən 400 kilometrdən artıq ötürücü xəttlər vasitəsilə Azərbaycanın ümumi enerjisinə ötürüləcək. Hazırda Cəbrayıl enerji qovşağında da işlər aparılır. 330 kilovattlıq yarımstansiya tikilir. Bunun üçün İmişli və Ağcabədidən yeni xəttlər çəkilir. Bu yarımstansiyanın eynisi Naxçıvanda tikiləcək və eyni zamanda Türkiyə ilə sərhəddə yenə 400 kilovattlıq çevirici yarımstansiya qurulacaq. Cəbrayılda yeni tikiləcək günəş elektrik stansiyası, "Xudafərin" və "Qız qalası" elektrik stansiyaları oradakı enerji qovşağına inteqrasiya olunacaq. Beləliklə, istər işğaldan azad olunmuş ərazilərin istər digər yerlərdə istehsal olunan Azərbaycanın elektrik enerjisi Zəngəzur dəhlizindən keçməklə Naxçıvan vasitəsilə Türkiyə və Avropaya gedəcək”.
Geri dön |