Ana Sayfa > Gündəm > Səlim Müslümovun arşını
Səlim Müslümovun arşını9-10-2017, 09:12. Yazar: Admin |
Həmişə yüksək vəzifəli məmurlardan, daha dəqiqi, nazirlərdən, komitə sədrlərindən müsahibə götürmək istəmişəm. Hərçənd, bizdə bu, müşkül məsələ olsa da, amma istəyim qüvvədədir.
Hansısa nazir qarşımda otursa, "nə sualın var, ver, cavablandıracam”,- desə, söhbətimiz "partlayar”.
Dostlar bilir, müsahibimə qarşı bəzən çox amansız oluram. Odur ki, həmsöhbətim hansısa nazir olsa, müsahibədə "qan su yerinə axar”. Amma çətin ki, belə bir müsahibə ola. Haradadır, bizdə elə ürəkli və səmimi nazir. Belə baxanda, maşallah, hamısının cəsarəti də, iddiası da, hikkəsi də yerindədir. Bəs səmimiyyət? Bax, o, bizim məmur tayfasına yaddır. Hansını danışdırsan, analoqu olmayan inkişafdan, şad-xürrəm həyatdan, yüksək maaşdan, rahat gələcəkdən danışacaq.
Axı, niyə də danışmasınlar? Aşıq gördüyünü çalar. Yoldaş məmurlar ətraflarında nə görürlərsə, ondan danışırlar. Onların dost-tanış, qohum-əqrəba, qonum-qonşu, bir sözlə, dörd bir yanı laləzardır.
Bir adamın ki, yanında dollarla krediti olub 40 arşın quyunun dibinə düşən, maaşını ayın axırına çatdıra bilməyən, ailə-uşağın yanında gözükölgəli qalan, pensiyasını dərmanla kommunala verib ayın axırına bir qarın ac, bir qarın tox, güclə gedib çıxan adamlar yoxdursa, xalqın hansı əzablarla üzləşdiyini haradan biləcək? Odur ki, mən bu məmurları qınamıram. Cah-cəlal içində yaşayıb yoxsulluğu, aclığı, çarəsizliyi düşünmək olmur. Nə isə, çox uzandı. Əslində, sözümün canı başqadır.
Bu günlərdə xüsusiylə də kasıb camaatın gün-güzəranı ilə məşğul olmalı olan Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalist Eynulla Fətullayevə müsahibə verdi. Səlim müəllimin Fətullayevə hansı şərtlər əsasında müsahibə verdiyini deyə bilmərəm. Amma adamın Allahı var, müsahibə pis alınmamışdı. Həmkarımız da mümkün olan, ona "cızılan sərhəddin” imkan verdiyi qədər normal söhbət eləmişdi. Amma bir məsələ var ki, Səlim müəllim bütün suallara öz arşını ilə ölçərək cavab verib. Onun müsahibə boyu gətirdiyi nümunələrin hamısı hökumətin açıqladığı "pripiska”nın maksimum həddində idi. Elə cənab nazirin pensiyalarla bağlı arumentlərinə nəzər yetirsək, kifayətdir.
"Misal üçün, siz 1000 manat maaş alırdınızsa, 125 manat sizin hesabınıza, yerdə qalan 125 manat isə ümumi fonda köçürülürdü. Kimsə 200 manat maaş alırdısa, yalnız 25 manatı hesabına, 25 manatı isə ümumi fonda keçirdi. Bərabərləşdirmə sistemi hökm sürürdü və bu zaman 200 manat maaş almış pensiyaçı faktiki olaraq, başqa potensial pensiyaçıların hesabına pul alırdı. Biz bu sistemi ləğv etdik. İndi hər bir pensiyaçı öz halal pulunu alır. Heç kimin şikayət etməyə haqqı yoxdur. Hamıya əməyinə və bacarığına görə! Hər şey maaşından asılıdır. Dövlət, sosial cəhətdən zəif təbəqə və dövlət qulluqçuları istisna olmaqla, öz öhdəliklərindən imtina edib”, - deyə S.Müslümov bildirib.
Yəni, Səlim müəllim öz arşını ilə ölçür. Amma rəsmi statistikanı ortaya qoysaq, görərik ki, ölkədə əhalinin neçə faizi 1000 manat əmək haqqı alır, neçə faizi 200 manat. Təbii ki, nazir arşını ilə ölçülsə, 1000 manat alanlar əsasdır. Ölkənin böyük əksəriyyətinin arşını ilə ölçsək, haqq yerini tutar.
Çox uzatmaq istəmirəm, müshibənin digər məqamlarında da müxtəlif məsələlərlə bağlı səslənən arqumentlər təxminən analojidir. Dediyim odur ki, Səlim müəllimin arşını ilə bizim arşınımız bir olası deyil. Ona görə də hərə öz arşını ilə ölçsə, yaxşıdır.
Geri dön |