Saytımızı qiymətləndirin


 
 

Qələbəni xalqımıza bəxş edənlər qürur mənbəyimizdir
Tarix: 27-09-2021 | Saat: 16:47
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər

Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan torpaqlarında törədilən barbarlıq düz bir ildir ki, dünya mediasının diqqət mərkəzindədir. Yerlə-yeksan edilmiş şəhər və kəndlər, dağıdılmış məscidlər, təhqir olunmuş qəbirlər, güllələnmiş abidələr, talan olunmuş muzeylər, mədəni və maddi sərvətlər Qarabağın dilbər guşələrini və ətraf rayonları Xirosimaya çevirib. O bölgələrə ayaq basan hər kəs bunu açıq-aydın görür.

Ötən il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı növbəti təxribatı Azərbaycanı əks-hücum əməliyyatına başlamağa vadar etdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu təcavüzkar düşmənə qarşı qətiyyətlə mübarizəyə başladı və 44 gün ərzində uğurla irəliləyərək işğal altında olan ərazilərini azad etməyə nail oldu. Bölgədə sülhün və sabitliyin əsasını qoydu. Dünya 44 gündə Azərbaycan ordusunun gücünü və igidlərimizin şücaətini gördü.

Bu fikirlər Milli Məclis sədrinin müavini Adil Əliyevin “Qələbəni xalqımıza bəxş edənlər qürur mənbəyimizdir” sərlövhəli məqaləsində yer alıb.

Azərbaycan Ordusunun yüksək peşəkarlıqla icra etdiyi uğurlu strateji hərbi əməliyyatlar

Təəssüf ki, 2020-ci ilədək Azərbaycanın apardığı sülhyönümlü siyasət və münaqişənin dinc yolla nizama salınması istiqamətində atdığı bütün addımlar Ermənistan tərəfindən rədd edilmişdi. Ermənistan daim sülh danışıqlarını kobud şəkildə pozur, mütəmadi olaraq təxribatlara əl atırdı.

Düşmən 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusundan aldığı zərbədən nəticə çıxarmadı. 2018-ci ilin mayında həyata keçirilən Günnüt əməliyyatı da ölkəmizin gücünü və öz torpaqlarını azad etmək əzmini bir daha nümayiş etdirdi. Lakin bu da düşmənə dərs olmadı.

Ötən illər ərzində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna ayırdığı yüksək diqqət nəticəsində ordumuzun döyüş arsenalı müxtəlif növ silahlarla zənginləşdirilmiş, şəxsi heyətin döyüş qabiliyyəti artırılmış, peşəkar hərbçilər hazırlanmış, hərbçilərimizin mənəvi-psixoloji əhvalının yüksəldilməsi istiqamətində zəruri addımlar atılmışdı. 2016-cı ilin Aprel döyüşlərində istifadə edilən pilotsuz uçuş aparatlarının da sayı sonrakı müddətdə xeyli artırılmış, nəticədə ordumuzun hərbi-texniki arsenalı bu qəbildən olan silahlarla daha da zənginləşdirilmişdi. Eyni zamanda, hərbçilərimizin həmin silahlardan istifadəsinə dair peşəkarlıqları da yüksəldilmişdi. Bütün bunlar Vətən müharibəsində əvəzsiz rol oynadı.

Əks-hücum əməliyyatları zamanı düşmən texnikasının məhv edilməsində və ordusunun sıradan çıxarılmasında Türkiyə istehsalı olan “Bayraktar TB2”, eləcə də İsrail istehsalı olan pilotsuz uçuş aparatları mühüm yer tutdu. Düşmən texnikasına zərbə vurmaqla yanaşı həyata keçirilən kəşfiyyat fəaliyyəti də artilleriyanın atışını tam dəstəkləyirdi.

Zəngin döyüş arsenalı, təcrübəli hərbçilərimizin şücaəti, düzgün idarəetmə və strateji dəqiqlik
Vətən müharibəsində bizə tarixi Zəfər bəxş etdi

Ötən il sentyabrın 27-də başlanan əks-hücum əməliyyatlarının ilk günündə düşmənə böyük zərbə vuruldu. Belə ki, şanlı Azərbaycan Ordusu ilk gündən düşmənin müdafiə xəttini qətiyyətlə yardı və 44 gün ərzində yalnız uğurla irəliyə gedərək, sonda Ermənistanı məğlub etdi. Müharibənin ilk günündə rəşadətli ordumuz Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri düşmən işğalından azad edə bildi, eləcə də Füzuli və Cəbrayıl rayonlarında 6 kəndin işğalına son qoydu. Düşmənin müdafiə xəttinin yarıldığı ilk andan etibarən Ermənistan ordusu geri çəkilməyə başladı.

Döyüş əməliyyatları içərisində xüsusi yer tutan Hadrut əməliyyatı zamanı bütün əsas yüksəkliklər işğalçılardan təmizləndi, şəhərin taleyi həll edildi. Düzgün strateji planlaşdırma nəticəsində Ermənistan döyüş meydanında çarəsiz qaldı.

Cəbrayıl şəhərinin düşmən işğalından azad edilməsi, Füzuli şəhərində düşmənə vurulan sarsıdıcı zərbə, eləcə də taktiki və texniki baxımdan yüksək peşəkarlıqla hazırlanmış və icra edilən döyüş əməliyyatları zamanı Ermənistanın müqaviməti tam qırıldı. Ermənistan ordusu idarəetməni itirdi və döyüş meydanında çox böyük itkilər verərək geri çəkilməyə başladı.

Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin hərbi qulluqçuları ilə bərabər, dəniz piyadalarının, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, habelə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlıların göstərdikləri qətiyyət və yüksək peşəkarlıqla icra etdikləri döyüş əməliyyatları düşmənin müqavimətini sındırdı və özgə torpağına göz dikən təcavüzkarları döyüş meydanından qaçmağa məcbur etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrin vahid koordinasiyası, hərbçilərimizin yüksək peşəkarlıqla reallaşdırdıqları hərbi əməliyyatlar bizə tarixi Qələbəni bəxş etdi.

Şuşa əməliyyatı düşməni təslim olmağa məcbur etdi

Şuşa şəhərinin təbii coğrafi relyefi ağır olduğundan qəhrəman hərbçilərimiz böyük mətanətlə sıldırım qayaları aşaraq düşmən üzərində misli görünməmiş hünər göstərdilər. Şuşanı ziyarət edən hər kəs igidlərimizin keçdikləri keçilməz yolları, vətən eşqi ilə əzmkarlıq göstərərək dırmaşdıqları sıldırım qayaları heyrətlə seyr edir. Azərbaycan övladlarının bu çətin sınaqdan alnı açıq, üzü ağ çıxması yalnız onların mətanəti, döyüş əzmi, Vətənə olan məhəbbəti sayəsində mümkün olub.

İgidlərimizin yüngül silahlarla 30 ilə yaxın həmin ərazidə möhkəmlənmiş düşmən ordusunu məğlub etməsi və Şuşa şəhərini işğaldan azad etməsi faktiki olaraq, Ermənistanı məğlubiyyəti qəbul etməyə məcbur etdi. Xüsusi təyinatlılarımızın şəhərə sıldırımlı yollardan daxil olmasını, yüksək peşəkarlıqla icra edilən döyüş əməliyyatı, göstərilmiş misilsiz igidlik nümunələri, tarixə həkk olunan qəhrəmanlıq salnamələri Ermənistanın rüsvayçı məğlubiyyətlə barışmasına gətirib çıxardı. Ermənistan müharibədə uduzmuş dövlət olaraq kapitulyasiya sənədini imzaladı.

Qırx dörd gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz şanlı tarix və qəhrəmanlıq salnaməsi yazaraq bizi əbədi və əzəli Azərbaycan torpaqlarına qovuşdurdu.

İgidlərimiz vətən uğrunda canlarından keçdilər və öz şəhadətləri ilə bizə tarixi Qələbəni bəxş etdilər. Hər zaman şəhidlərimizə borcluyuq.

Bu səhər xalqa müraciət edən Müzəffər Ali Baş Komandanımızın dediyi kimi: “Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirik. Onların qanı yerdə qalmadı. Biz onların qanını aldıq! Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib”.



Xəbəri paylaş

272 dəfə oxunub.

Digər xəbərlər