Ana Sayfa > Karusel / Yazar > Alıqulu-Yaddaş qanadlı səyahətim

Alıqulu-Yaddaş qanadlı səyahətim


18-05-2022, 11:59. Yazar: Admin

Bu gün Laçın 28 ildən sonra işğaldan azad edildi » Leqal.az - Onlayn ictimai siyasi qəzet

Mənim qəfəsim xatirələrimdir Hər tərəfdən dağlar, təpələr, düzəngahalarla əhatə olunmuş mürəkkəb coğrafi-şəraitli bir kənd vardı. Hündür dağlar dairə şəkilində bu kəndi əhatəsinə alaraq sanki Tanrının əli ilə onu qorumaqdan ötrü ehmalca, ehiyyatla, astaca ovcunun içinə alıb isidirmiş kimi dərinliklərdə gizlədirdi. Təbiət öz gözəlliklərini bu yerlərə verməkdən xəsislik etməmişdi. Əksinə, bütün rəng çalarlarıyla, gözəllikləriylə insanı valeh edəcək dərəcədə öz qələmini çalıb fırçasını çəkmişdi bu yerlərə. Rayonun şimal-qərbində mərkəzindən 36 km məsafədə dəniz səviyyəsindən 1500-1600m hündürlükdə yerləşirdi. Ərazisi 843 ha təşkil edirdi. Mirəyal, Keçəlxund, Yalkənd, Poladın kolavatı, Yellicə, Pirin yalı, Şeştaxta, Müseyibin düzü üzük qaşı kimi onu halqaya salmışdı. Buz kimi diş çatladan göz yaşı kimi bulaqlarının yayda üstündən qonaq-qara, su səhəngi(sənəyi) ilə düzüm-düzüm düzülən qız-gəlini əskik olmazdı. Qızmar yay günəşi altında ot biçənlər sudan içər, stəkanı alınlarına qoyaraq hərarəti azaltmağa çalışardılar. Bu su kənddə və onun hüdudlarından kənarda ad qazanmış mənim baba ocağımdaki məşhur Qızdırma bulağından idi. Daş bulaq da az məşhur deyildi. Kənddən kənarda Şeştaxtaya əkin-biçinə gedənlərin, yayda dincəlməyə gələn qonaqların məskəni olardı. Yazı cənnət olurdu desəm yenə tam ifadəsini tapmayacaq. Novruzgülü ilə Qəzənfərin yerinin üstündən yazın gözünü açardı. Bənövşənin, nərgizin ətri elə bir rayihə yaradırdı dünyanın ən bahalı parfümləri də çatmazdı ona. Kəpənək olub ayaq basmadan üzərində uçmaq istəyirdin. Yasəmənlər də torpaqdan yuxarı qatı ətrinə bürüyərdi. Ətrafında dolandıqca dolanıb günlərlə bu ətri özünlə gəzdirmək istəyərdin. Çox keçməz bu rənglər tarlalarda, düzlərdə al rəngə boyanardı. Qan kimi qıpqırmızı qızıl lalələr həzin küləkdən dalğalanar, nə vaxtsa uğrunda gedən döyüşlərdə həlak olan igidlərin ruhuna pay aparardı. Bülbülərin cəhcəhi qulaları oxşayardı. Arıların, may böcəklərinin, cırcıramaların səsi bir-birini əvəz edərdi. Yayı səs-küylü, qaynar keçərdi. Kəndin əhalisi iki dəfə artardı. Evlər dolub daşardi qonaq-qaradan. Qışı boş qalan evlər vardı ki, yayda sakinlər Bakıdan, Sumqayıtdan, Mingəçevirdən, lap rayonun özündən gəlib kəndi “şura” salardılar, maraqlı, qaynar edərdilər. Təsərrüfatda, ot biçimində, məhsul yığımında kömək edər, özləri ilə də qış ruzisi aparardılar. Torpağı qızıldan qiymətli idi. Yerə nə atardın bəhrə verərdi. Min bir dərdin dərmanı otları, bitkiləri bitirərdi. Qantəpər, kəklikotu, ətotu, qırxbuğum, yemlik, quşəppəyi, unnuca, meşə pencəri(südlü pencər)quzuqulğı, gicitkən, cincilim, çaşır, gülxətmi, çobanyastığı, itburnu(həmərsin)daha nələr,nələr...Allah,Allah! Payızı qızılı məxmər kimi idi. Hardan baxsan başqa bir rəng çaları dəyərdi gözünə-sarı, qırmızı,nqızılı. Havası çiskinli, yağışlı, yağmurlu, dumanlı. Torpağı bərəkət dolu. Yarpaq tökümü uğultulu küləklərlə başlayardı. Yatanda gecələr qorxudan başımızı bərk-bərk basdırar, nəfəsimiz kəsilərdi. Həm qorxu, həm əzm gətirərdi bu səs! Qışı ağ örtüklu, səması ağ örpəkli. Ağ qardan seçilməyən ağ damlı evlədən boz tüstü dirəklənərdi. Xüsusi bi sakitlik hökm sürərdi. Sakitkiyi işıq sönəndə məktəbin həyətindəki dəmir “zirehli” zəng pozardı bir də məktəblilərin qarda batan, qalın qarın udduğu səslər. İnsanları uzun ömürlü olurdular. Səlim babanın 116yaşı vardı. Ağappaq saç-saqqalı, ağ tuman-köynəkdə həyətdə gəzməyi heç unudularmı? Ölüm ucuz deyildi. Ölənlər də çox az idi. İnsanlar sağlam, güclü bədənə sahib idilər. Kəndin ziyalıları da az deyildi. Həm kənddə, həm kənarda yaşayırdılar. Əlaqələri çox sıx idi. Xarici ölkələrdə yaşayan, oxuyan, fəaliyyət göstərənlər ucqar da olsa təhsil ucqar olmamalıdı prinsipi ilə yaşayırdılar. Kəndin ortasında Xırman deyilən yer mərkəz idi. Axşamlar gənclərin yığışıb söhbət etdikləri yer idi. Gündüzlər qadınların keçib dükana getdikləri bir yer! Dükana getmək həm zərurət həm də gediləcək yer, rəfiqələrlə(bacılıqlarla)yol yoldaşlığı, ayaqüstü görüş üçün bir bəhanə də olurdu onlara. Başqa gediləcək yer də yox idi. Klub isə son illər idi istifadəyə verilmişdi. Bəlkə kimlərəsə indiki nöqteyi-nəzərdən darıxdırıcı, cansıxıcı gəlir, amma əsla belə deyil. Qonşular çox mehriban olurdu qonşuluqda.Hər gecə bir-birlərinə qonaq gedər,kimin televizoru olmazdısa kinoya, konsertlərə baxardılar. Bir çörəyi yarı bölər, bir təknə(təhnə) xəmirdən bişən ətirli çörəyin bir neçəsini evinə aparadılar. Həyətdən, yoldan keçənlərlə paylayar, oynayan uşaqlara parçalayardılar. Evlərdə qıfıl olmaz qapılar açıq olardı. Hara getsən belə. İnam, güvən vardı. Əllər düz, ürəklər təmiz idi. Kiçik bir kənddə böyük sevgi ilə obasına bağlı ailələr yaşayırdı. Gözəl adət-ənənələri, mərasim qaydaları, kökünə, soyuna bağlılıq vardı. Bir ailənin sevinci sevinc kədəri kədər olardı bütöv kənd üçün! Toylar 3 gün 3 gecə, yas bir il gedərdi. 40 gün hamı qara geyər üzü belə gülməzdi. Qəbir üstə gecələr 40 gün tonqallar çatılardı. Hər kəs boynunu büküb öz qapısından bu mənzərəni seyr edərdi. Yası düşən ailədən xeyir iş üçün ildən sonra icazə üçün ağsaqqallar təşrif buyurardılar. Toyların ayrı büsatı vardı. Musiqiçilər toydan əvvəl axşam gələr hazır çadırdan qurulmuş mağarda məşqlərini edərdilər-elə bu da başlanıc olardı. Ağır iş gününü başa çatırmış kənd camaatı ərinib-yorulmadan geyinib-kecinib yollanardılar toy evinə. Səhər 10-11 radələrində musiqiçilərin səsi hər evdə eşidilərdi. 3 gün yemək bişər, iri samovarlarda çay qaynadılar, dəstgah açılardı. Çayçılar çay paylayardılar. Xələtsiz keçinməzdilər. Neçə heyvan kəsilər, qazanlar qaynayar, tığlarla yuxa bişirilər, qonaqlar yola salınardı. Qazanaçdıda yeməyi bişirən aşpaz ilk qapaq açılanda xələt istəyərdi ev sahibindən. Neçə kəndi əhatə edərdi bu 3 gün. Yeməyə qadınlar, uşaqlar bir, kişilər ayrı oturar mağarda hamısı birləşər toya davam edərdilər. Nəmər çağrılardı qadın məclisində. Buraya səsi uca olan aparıcı qüvvə cəlb olunardı. Axı hər kəsin nəməri hündürdən deyilərdi. “...bir otrez(parça)-oğluna-qızına borc olsun! ...bir qlrmızl onluq..., oğluna-qızına borc olsun!) Necə maraqla gözləyər, qulaqlar şəklənərdi ki, görən qonşu-qonum, fiankəs, bəhmənkəs nə yazılacaq? Birdən məndən yuxarı yazılar haaa... 3-cü sonuncu gün gəlin gətirilər gərdək arxadında oturdulardı. Hərdən sakit, hərdən çılğın keçərdi toylar. Sifariş üstə, mahnının kəsilməsi üstə qaynar qanlar çağlayar, ürəklər atlanar, mübahisə düşərdi. Son gecədə bəyin oğurlanması səhnəsi yer alardı. Bəy gizlidən aşkara çıxar kəllə yandırılaraq öz dostlarının müşayəti ilə, hərdən də silahlardan açılan atəfəşanlıqla məclisə gələrdi. Sonda bəy tərif edilər, xələt istənilərdi. Bu işdə toyun əvvəlindən başçılıq edib toyu idarə edən Padşahın Vəziri kömək edərdi. Padşah pıçıldar, Vəzir icra edər, xanəndə oxuyaraq elan edərdi. Kim boyun qaçırardı? Heç kim özünü xar etməzdi. Necə lazımsa elə də xələti göndərərdi. Bəyin sağ dişi(dışı),(sol dışı) da icra edərdi buyruğu. Onlardan biri bəyin Toy qardaşlığı olardı. Həyatlarının sonuna qədər də qardaş olaraq qalardılar. Sağdan, soldan bəyi güldürməyə çalışardı dostları. Bəylərimiz çox ciddi olurdular. Əgər utancaq üzlərində təbəssüm yaranardısa bəyimiz cərimə olunardı. Toy sona çatardı. Yas da eləcə neçə mal-qaranın, qoyun-quzunun ətinin ehsanı ilə yola verilərdi.1,3,7,40,1il... 28 il zaman məsafəsi ayırır indi bizi doğma Alıqulum. Səndən ayrılanda hansısa bir hiss məni acgözlüklə sənə baxaraq daha yadda qalan etməyə vadar edirmiş elə bil. İndi özümü gülü-gülzarından, çiçəkli bağçasından, meyvəli bağından, laləzarından ayrı düşmüş bülbül kimi hiss edirəm. Mənim qəfəsim xatirələrim olub elə hey çırpınıram. Bağlı yollar gülün üstündə tikanlarım olub toxunduqca bağrımı dəlib qanayır, göz yaşlarım cığır olur. Sən mənim üçün varkən övladlarım üçün əlçatmaz nağıllardasan. Mən sənin həqiqətini görmək, haqqının bərqərar olduğuna şahid olmaq, toxunmaq istəyirəm. Üstündə yeriyib, yüyürüb, büdrəyib dizlərimin qanamasını, ən hündür yerindən yumalanıb xoşbəxtlikdən başımın gicəllənməsini, qocaman qoz ağacından yenə yelləncək asıb yellənərək xəstələnməyimi, dişim çatlayıb boğazım gələrək Qızdırma bulağından su içməyimi istəyirəm. Xarıbülbül, bənövşə, nərgizdən “Qələbə” çələngi toxuyub başıma qoymaq istəyirəm. Yazılacaq çox şeylər var. Həyatımı əvvəl və sonraya ayıran şeylər. Bəlkə kiməsə maraqsız olacaq, uzun, darıxdırıcı gələcək. Kimsə heç oxumadan keçəcək. Amma mən səni xatırlamadan keçməyəcəyəm son nəfəsimə kimi. Mən Laçının ən gözəl mənzərəli obasında göz açmışam dünyaya. Mənim üçün dünya oradan başlanır. Mən bütün füsünkarlığı, əzəməti, mərdliyi, çılğınlığı, ərənliyi, xanımlığı, zənginliyi, mənəviyyatı, dürüstlüyü, düşmənə buz kimi soyuq, dosta dağ kimi arxa olmağı, yenilməzliyi, qüruru səndə görüb ana südü kimi ruhuma çiləmişəm-halalcasına, təmizcəsinə, saflıqla, daxili zənginliklə. Təbiətin ruhuma köçmüş, qəlbimə kök salmış. Mənim yaddaşımdan ki, səni ala bilməyəcəklər. Mənim kimliyimdə doğulduğum yeri ki, silə bilməyəcəklər. Ermənilər hətta xəritəyə adını dəyişib Qazarapat yazsa belə sən Alı bəyin məkanısan! Vaxt gələr tarix təkrar olar yenə quluna çevrilərlər, torpağında ilan kimi sürünərlər! Mən sənə borcluyam. Heç nə edə bilməsəm belə borcumu xatirələrimlə ödəyərək səni unudulmağa imkan verməyəcəyəm. Onsuz sənin layiqli övladların adını çoxdan doğruldublar. Davamlı olsun! Davamı da olacaq!

Rəna İbrahimova

No description available.

 


Geri dön