Ana Sayfa > Karusel / Region / Yazar > KTMT Ermənistana "qapılar"ını qapatdı - Paşinyana rəsmi Bakı ilə anlaşma təklif olunur

KTMT Ermənistana "qapılar"ını qapatdı - Paşinyana rəsmi Bakı ilə anlaşma təklif olunur


16-01-2022, 22:23. Yazar: Admin

KTMT Ermənistana “qapılar”ını qapatdı – Paşinyana rəsmi Bakı ilə anlaşma təklif olunur

KTMT-ya üzv ölkələr Ermənistanın gələcək taleyinin bu qurum üçün qətiyyən maraqlı və prioritet olmadığını gizlətmirlər; Paşinyan hakimiyyətinin gündəminə yalnız Ermənistanın Azərbaycanla yekun sülh sazişi imzalama variantı çıxarılıb...

Ermənistanın xarici siyasət kursu xaotik xarakter daşıyır. Rəsmi İrəvan bu istiqamətdə ardıcıl qərarlara və geopolitik proseslərdə konkret mövqeyə malik deyil. Və Ermənistanın bütün xarici siyasəti yalnız baş verən hadisələrdən faydalana bilmək cəhdləri üzərində qurulub.

Ona görə də, KTMT-nın Qazaxıstana qoşun yeritməsindən rəsmi İrəvanın yanlış nəticə çıxartması qətiyyən təəccüb doğurmadı. Paşinyan hakimiyyəti Kremlin KTMT üzərindən verdiyi Qazaxıstan qərarının bütün üzv dövlətlərin tələbi ilə təkrarlana biləcəyini düşündü. Dərhal da Azərbaycan-Ermənistan sərhəd bölgəsində silahlı təxribatlara başladı.

Rəsmi İrəvanın belə davrana biləcəyi hələ KTMT-nın Qazaxıstan ilə bağlı toplantısında Ermənistan baş naziri Nikol Paşinyanın dediklərindən sonra təxmin edilirdi. Erməni baş nazir Ermənistanın da regionda oxşar təhlükələrlə üzləşdiyini iddia etmişdi. Və KTMT üzvlərinin üzləşdiyi təhlükəsizlik problemlərinə qarşı ortaq reaksiya mexanizmlərinin işə salınmasının vacibliyini vurğulamışdı.

789-1577268730.jpg (30 KB)

Əslində, erməni baş nazirin nə demək istədiyini anlamaq qətiyyən çətin deyildi. Çünki, bir neçə ay əvvəl rəsmi İrəvan Azərbaycan-Ermənistan sərhəd bölgəsində silahlı təxribatlar törətmişdi. Azərbaycan ordusu bu təxribatlara sərt reaksiya vermişdi. Və Ermənistanda KTMT-nın hərbi dəstəyinə ümid bəsləyirdi.

Ancaq KTMT rəsmi İrəvanın ümidləriniə adekvat reaksiya vermədi. Əksinə, bu qurumdan verilən açıqlamalarda Azərbaycan-Ermənistan sərhəd bölgəsində yaranmış gərgin vəziyyətin iki ölkə arasında danışıqlar yolu ilə həll edilməsinin vacibliyi vurğulandı. Rusiya isə mövcud gərginliyin aradan qaldırılması üçün hər iki tərəfə mümkün qədər tez bir zamanda Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamağı məsləhət gördü.

Nəticədə rəsmi İrəvanın KTMT-dan Ermənistanın maraqları çərçivəsində istifadə etmək niyyətləri boşa çıxdı. Ermənistan cəmiyyətində Rusiyaya və KTMT-ya qarşı narazılıq daha da gücləndi. Hətta Ermənistanın bu qurumdan çıxması barədə çağırışlar ön plana keçirildi.

Maraqlıdır ki, Qazaxıstan olaylarından sonra rəsmi İrəvanda KTMT-nın Azərbaycan ilə qarşıdurmada Ermənistana faydalı ola biləcəyi ilə bağlı yeni qənaətlər yarandı. Ermənistan baş naziri Nikol Paşinyanın KTMT qoşunlarının Qazaxıstana yeridilməsi prosesində koordinator rolunu oynaması da rəsmi İrəvanı xüsusi olaraq, həvəsləndirdi. Və bu səbəbdən də, növbəti dəfə KTMT-nın Azərbaycanla qarşıdurmaya cəlb etmək variantı sınaqdan çıxarıldı.

images-azeri-ordu.jpg (10 KB)

Ancaq Ermənistanın hərbi təxribatlarına Azərbaycanın növbəti sərt reaksiyası yenə də KTMT tərəfindən sükutla qarşılandı. Bu qurum rəsmi İrəvanın qurduğu geopolitik oyunlara alət olmağa həvəs göstərmədi. Kreml yenə də gündəmə delimitasiya və demarkasiya prosesinə başlanmasının vacibliyini gətirdi.

Göründüyü kimi, Paşinyan hakimiyyətinin hərbi-siyasi avantüraları nəzərdə tutulan hədəflərdən hələ də çox-çox uzaqdır. Ona görə də, hesab etmək olar ki, rəsmi İrəvan MDB məkanında cərəyan edən proseslərdən yanlış nəticələr çıxarmaqda davam edir. Və xüsusilə də, rəsmi İrəvanın geopolitik proseslərdə Ermənistana verdiyi dəyər əsl real vəziyyət ilə qətiyyən uzlaşmır.

Belarus prezidenti Aleksandr lukaşenkonun son açıqlaması da belə düşünməyə tamamilə əsas verir. Ermənistan cəmiyyətində belə təsəvvür yaradılmışdı ki, guya KTMT-nın Qazaxıstana qoşun yeritməsi barədə qərar məhz baş nazir Nikol Paşinyan tərəfindən verilib. Ancaq "Batka" açıq mətnlə izah etdi ki, bu məsələ cəmisi bir saat ərzində Rusiya prezidenti Vladimir Putin və onun tərəfindən həll edilib. Yəni, erməni baş nazirin bu prosesdə rolu deyilənləri icra etməkdən uzağa getməyib.

Digər tərəfdən, Qazaxıstan olaylarına münasibətdə rəsmi İrəvanın tutduğu "sözəbaxan xidmətçi" mövqeyi də Rusiya siyasi dairələrində Ermənistan baş naziri Nikol Paşinyana münasibəti müsbətə doğru dəyişməyib. Ona görə də, Ermənistanın sərhəd bölgəsində silahlı təxribatlarla KTMT-nın diqqətini çəkmək cəhdləri çox məntiqsiz və mənasız hərbi manevr təsiri bağışlayır. Və belə qeyri-ciddi hərbi manevrlər ilə KTMT-nı, eləcə də bu qurum üzərindən Rusiyanı Azərbaycanla qarşıdurmaya çəkmək real düşüncənin məhsulu deyil.

1641925099_37299590_117_125_1402_848_1920x0_80_0_0_eb092739088190040d4168ec1660884d.jpg (80 KB)

44 günlük savaşdan üzü bəri son vaxtlar baş verən hadisələrə qədər KTMT-nın tutduğu mövqeyə dayanaraq, müəyyən nəticələr çıxartmaq mümkündür. Artıq qətiyyən şübhə doğurmur ki, KTMT Ermənistanın şikayətləri ilə məşğul olmaq niyyətində deyil. Hətta bu hərbi-siyasi qurum Ermənistanın gələcək taleyi ilə maraqlanmaq həvəsindən də uzaqdır. KTMT heç bir halda, Ermənistana dəstək verməyəcək. Və həm Ermənistan, həm də onun sərhəd problemləri KTMT-nın prioritet maraqları sırasında yer almır.

Belə anlaşılır ki, Ermənistan artıq mövcud reallıqlar ilə barışmaq məcburiyyətindədir. Rəsmi İrəvan KTMT-dan Azərbaycana qarşı faydalanmaq niyyətindən artıq əl çəkməlidir. Vaxt itirmədən Ermənistanın geopolitik məkanından silinmə təhlükəsindən xilas edilməsi prosesinə start verməlidir.

Bunun yeganə mümkün yolu isə rəsmi İrəvandan başqa hər kəsə tam dəqiqliyi ilə məlumdur. Hətta Ermənistanın hərbi müttəfiqi Rusiya belə, bu yolu rəsmi İrəvana davamlı olaraq göstərir. Yəni, Kreml rəsmi İrəvannın KTMT-nı regional qarşıdurmaya çəkmək niyyətindən əl çəkib, delimitasiya və demarkasiya prosesinə başlamasının vacibliyini hər imkanda təkrarlayır.

Nəzərə almalıdır ki, KTMT-nın davranışları, Azərbaycan və Ermənistan arasında baş verən sərhəd toqquşmalarına müdaxilə etməməsi bu quruma üzv ölkələrin erməni təxribatlarına rəsmi Bakının verdiyi sərt reaksiyanı beynəlxalq hüquq normalarına uyğun hesab etdiyini təsdiqləyir.

e1048e8e37c92b2f8d65879ef3338edb.jpg (137 KB)

İndi Ermənistanın gələcək taleyini xilas etmək üçün rəsmi İrəvanın yeganə yolu qalıb. Paşinyan hakimiyyəti buna nail olmaq üçün ən qısa zamanda Azərbaycanla yekun sülh sazişinin imzalanmasına məcburdur. Və belə sənədin imzalanmasının reallığa çevrilməsi üçün isə bəzi konkret addımlar da atmaq lazımdır.

İlk növbədə Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesinə başlanılması vacib şərtdir. Çünki yalnız bu halda, iki qonşu ölkənin qarşılıqlı olaraq, bir-birinin ərazi bütövlüyünü tanıması mümkün ola bilər. Üstəlik, rəsmi Bakı bu məsələdə əvvəlki kimi israrçı mövqedən nisbətən uzaqlaşıb. İndi rəsmi Bakı "Ermənistan tanımazsa, Azərbaycan da tanımaz" prinsipinə üstünlük verir. Və belə situasiyada yeganə ziyan çəkəcək tərəfin məhz Ermənistan olacağını da tam dəqiqliyi ilə bilir.

Bütün bunlar onu göstərir ki, indi Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasında Ermənistan özü birbaşa maraqlı olmalıdır. Əks halda, rəsmi İrəvan Ermənistanın çökməkdə olan iqtisadiyyatına xarici sərmayə tapmaq ümidlərindən imtina etməli olacaq. Və tezliklə xarici kreditlərdən də məhrum qalma təhlükəsi qarşısında olduğundan Ermənistan yaxın gələcək üçün sosial-iqtisadi xaosa məhkumdur.

Elçin XALİDBƏYLİ,
"Yeni Müsavat" 


Geri dön