Ana Sayfa > Karusel / Yazar > Zəngəzurla bağlı müqavimət cəhdlərinə Zəngi çayı xatırlatması, Qarakilsə xəbərdarlığı və...

Zəngəzurla bağlı müqavimət cəhdlərinə Zəngi çayı xatırlatması, Qarakilsə xəbərdarlığı və...


15-01-2022, 08:53. Yazar: Admin

Prezident İlham Əliyevin ölkə telekanallarına son müsahibəsində kifayət qədər maraqlı məqamlar var. O qədər çox ki, hətta onları bir yazıda ümumiləşdirmək qeyri-mümkündür. Əslində bu, bir müsahibədən çox, Azərbaycanın perspektiv inkişafı, dövlət və millətimizin gələcəyini özündə ehtiva edən yol xəritəsinə, konsepsiyaya bənzəyir. Konkret açıqlanmasa da, Qarakilsədəki baba yurdunadək aparan bir yolun sxemini görürük bu müsahibədə...

Prezident açıq demədi, çünki nəyi, nə zaman demək və etməklə bağlı şəxsi yanaşması, həmçinin dövlətini və xalqını zəfərə aparmış böyük təcrübəsi var.

Dövlət başçısı Ermənistanın Kəlbəcər istiqamətində əl atdığı təxribatın cavabının artıqlaması ilə verilməsindən bəhs edərkən dedi ki, şəxsən özü filan saatda atəşin dayandırılması haqda əmr verib, ermənilərin yalvarışlarından sonra. Yəni əksi də ola bilər və əsgərimiz Ermənistanın dərinliklərinədək irəliləyə, düşmənin başına od ələyə bilərdi. Düşmənə inanmamağı həm də öz xalqına tövsiyə edən prezident xatırlatdı ki, hərbi quruculuq məsələləri hər zaman gündəliyimizdə birinci dərəcəli yer tutub. “Bu işlər mütləq olaraq davam olunmalıdır. İlk növbədə, ona görə ki, Ermənistanda həm iqtidarda, həm müxalifətdə, həm də cəmiyyətdə güclü revanşist əhval-ruhiyyə var. Azərbaycanlı hərbi qulluqçunun ölümü heç vaxt Ermənilərə bağışlanmayacaq!” Bu, yaddaş kitabçamıza yazılamalı məqamdır. Unutmamalıyıq! Bir sıra hallarda ermənilərin cildə girməsinə aldanırıq. 30 il öncə məhz aldandığımıza görə bəlalara düçar olduq, dövlət başçısı istəmir bir daha o hadisələri yaşayaq.

Ermənistanın bu, yarımcan durumda belə, revanşizmə meyillənməsi Azərbaycanın hərbi quruculuq prosesi davam etdirməsini vacib edir. Bəli, ilk növbədə müharibə dövründə istifadə olunan çoxlu sayda döyüş sursatı bərpa edilməli, onların yeri doldurulmalıdır və bağlanmış yeni kontraktlar bunu təmin edir.

Sitat: “Artıq silah və sursat tədarükü gedir. Müxtəlif xarakterli müasir silah sistemləri alınır. Hərbi texnologiya inkişaf edir və Azərbaycan həmişə ən yaxşı texnologiyaları almaq arzusundadır. Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması strateji vəzifədir. İkinci Qarabağ müharibəsi bundan sonra nə etməli olduğumuzu, hərbi infrastrukturun hansı elementlərinin tərəfimizdən ya istifadə edilməməsini, ya çox məhdud formatda istifadə edilməsini, ya da onların zəif olmasını göstərdi. Bu da böyük təcrübədir”.Dövlət başçısı komando qüvvələrinin yaradılmasını böyük hadisə adlandırdı, bildirdi ki, bu, hərbi qüdrətimizin təzahürüdür. Düşmənə göz dağı olan Hadrutda ilk belə birləşmənin yaradılmasını hər birimiz qürurla izlədik, ordumuzla fəxr etdik bir daha. Bəli, xüsusi təyinatlı qüvvələrimiz 44 günlük savaşda işğalçılara dərs keçdi, sağ qalanlar ömür boyu sayıqlayacaqlar o dərsi. Ancaq dövlətimiz olanlarla kifayətlənmək niyyətində olmadığını bir daha öz addımları ilə təsdiqlədi. Hərbi qüvvələrimizin daha da təkmilləşdirilməsi, həmçinin xüsusi təyinatlı yeni qüvvələrin yaradılması vəziyyətin diktə etdiyi zərurətə çevrilib, necə ki, ölkə başçısı söylədi. “Biz Azərbaycan Silahlı Qüvvələrinin xalqımızı və dövlətimizi bütün mümkün təhlükələrdən qoruya bilməsi barədə hər zaman düşünməliyik”. Bu, sadə vətəndaşdan tutmuş, səlahiyyətlilərədək hər kəsin qulağında “sırğa” etməli olduğu vacib tapşırıqdır.

Dövlətimizin başçısı 2018-ci ildə müharibə partiyasının üzvü olmadığı üçün digər canilərdən fərqləndirməyə çalışdığımız, hətta tökülən bu qədər qanlardan sonra bir sıra hallarda artistlik edən, bəzən də təcrübəsizlikdən səhvlərə yol verməklə erməni xalqını qəzəbləndirdiyi üçün “bizim adamdır” dediyimiz Paşinyanla bağlı da sadəlöhv yanaşmalardan çəkinməyə çağırdı növbəti fikirləri ilə. Diqqət edək: “Ermənistanda revanşist meyillər təkcə keçmiş hakimiyyət nümayəndələri tərəfindən deyil, eyni zamanda, indiki hakimiyyət nümayəndələri tərəfindən özünü büruzə verir. Müharibədən sonrakı dövr ərzində hərbi təxribatlar baş verir”. “Unutmayaq” mesajının davamı da var. Sitat: “Unutmamalıyıq ki, Ermənistanın indiki hakimiyyəti əgər bu gün özünü daha konstruktiv aparırsa, faktiki olaraq müharibədən əvvəlki dövrdə müharibənin qaçılmaz olmasını şərtləndirdi. “Yeni torpaqlar uğrunda yeni müharibə” ilə Azərbaycanı hədələyən, Cıdır düzündə oynayan, Azərbaycan xalqının heysiyyətinə toxunan indiki hakimiyyətin təmsilçiləridir. Biz heç vaxt indiki hakimiyyətin xoş sözlərinə aldanmamalıyıq. Heç vaxt unutmamalıyıq ki, biz hansı qonşu ilə qonşuluqda yaşayırıq”. Bunu Ermənistan rəhbərliyi ilə danışıqlar aparan, münasibətlərin normallaşması, hətta Ermənistanın xilas təkliflərini səsləndirən humanist bir rəhbər deyir. Eyni zamanda həm hakimiyyətinə, həm müxalifətinə, həm də ümumilikdə cəmiyyətinə bələd olduğu üçün öz xalqını da xəbərdar edir, əqrəb xislətli, goreşən zehniyyətli, vampir xüsusiyyətlilərə etibar etməyin mesajı verir. “Ermənistan müxalifəti, yəni, özünü müxalifət adlandıran Sarkisyan-Koçaryan cütlüyündə, Azərbaycan xalqına qarşı o dərəcədə nifrət var ki, onlar öz çirkin əməllərindən əl çəkmək istəmirlər. Onlar ancaq dinc əhaliyə qarşı müharibə apara bilərdilər. Onların hər ikisi Xocalı qatilləridirlər”, deməklə də dövlət başçısı gələn ay 30-cu ildönümü tamam olacaq, Xocalı dəhşətlərini yaddan çıxarmamağı tövsiyə etmiş olur.Təkcə bu da deyil, ölkə başçısı müharibədəki məğlubiyyətindən hələ özünə gələ bilməyən Ermənistan rəhbərliyi və bütövlükdə cəmiyyətinin də “rəsmini çəkib”. “Onlara elə bir ciddi psixoloji zərbə vurulub, psixoloji cəhətdən elə zədələniblər ki, onların indi bütün ideoloji əsasları darmadağın edilib. Uydurduqları və özləri inandıqları bütün miflər dağıdılıb. Ona görə revanşist meyillər Ermənistan ictimaiyyətində var və istənilən hakimiyyət ictimai rəylə hesablaşmalıdır”, fikirləri erməni cəmiyyətinin sağalmaz xəstəliyə düçar olmasının ümumiləşdirilmiş diaqnozudur. Deməli, reallıqlardan çıxış edərək ermənilərlə birgəyaşayışa, qonşuluğa davam etsək də, ehtiyatımızı əldən verməməliyik, tarix boyu!

Prezident Əliyev Azərbaycanın qüdrətini ifadə edən çoxsaylı faktları sadaladı, son bir ildə əldə olunmuş uğurları sıraladı. Onlardan biri barədə cəmiyyəti ilk dəfə məlumatlandırdı. Məlum oldu ki, Azərbaycan Zəngəzurdan hava qapısını açarkən Ermənistandan icazə belə, almayıb. Yəni hava qapısını açıb, üzü Naxçıvana, Türkiyəyə uçuşları həyata keçirməyə başlayıb, həm yanacaq sərfiyyatı az, həm də vaxta qənaət. Bu, həm də nə deməkdir: deməli, İrəvan Zəngəzur dəhlizi – quru dəhlizlə bağlı oyunbazlıq etmək istəsə, o halda əsgərimizin təpiyi altında qalacaq. Prezidentin dediklərindən aydın oldu ki, Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında avtomobil yolu çəkiləcək, məsələ bitib və yolun çəkilişinə rəsmi İrəvan da öz razılığını verib. “Azərbaycan Ermənistanı bu razılığa heç bir zor tətbiq etmədən məcbur etdi. Odur ki, istisna edilmir ki, bu gün inkar etdiyi sülh müqaviləsinin imzalanmasına rəsmi İrəvan nə vaxtsa hazır olacaq”, ölkə rəhbəri əlavə etdi.

 Amma Zəngəzur təkcə dəmir yolu və avtomobil yolu demək deyilmiş, bunu yeni öyrəndik. Çox mühüm məqam həm də budur: “Biz bu dəhlizə, sadəcə olaraq, dəmir yolu kimi baxmırıq. Çünki bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Bizim planımızda var, gələcəkdə oradan Naxçıvana elektrik xətləri çəkilsin. Çünki bizim elektrik enerjisi ilə bağlı çox böyük ixrac planlarımız var... Ondan sonra ola bilsin ki, qaz xətləri də oradan keçsin. Bir xətt Qafandan, bir xətt Mehridən keçə bilər. Bir xətt Qarakilsədən keçə bilər, onlar Sisyan adlandırırlar. Ona görə Zəngəzur dəhlizi bütün Zəngəzur bölgəsini əhatə etməlidir”.

 

Bu, ermənilər üçün şok yaradan anonsdur. Həm də hücum diplomatiyasının gözəl bir nümunəsi: yəni siz bizə problem yaratmaq istəyirsinizsə, onda biz heç dəhlizlə də razılaşmırıq, bütövlükdə Qərbi Zəngəzur dəhliz olmalıdır!!!Tarixi əsaslar da kifayət qədərdir, ermənilərin yapışmağa bircə arqumentləri yoxdur. Prezident bu, tarixi fikirləri Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınmasının 102-ci ildönümünün tamamında dedi, məncə, bu da təsadüfi deyildi. 114 min kv km-lik Azərbaycan dövlətinin tarixi ərazilərini elə-belə xatırlatmadı. Bildirdi ki,Ermənistan tərəfi, ilkin mərhələdə onun artıq beynəlxalq səviyyədə ümumişlək termin statusunu qazanmış Zəngəzur dəhlizi ifadəsinə etiraz edirdi, amma artıq etirazların heç bir mənası yoxdur Xüsusilə də son illərdə tariximizin mahir bilicisi olaraq tanıdığımız İlham Əliyev bizim toplumun yaddaşını yeni ünvanla təzələdi: “Razdan” çayının dogma adının Zəngi olduğunu xatırlatmaqla. Eyni zamanda ermənilərə də növbəti dərs verdi. Yəni nəinki Zəngəzur dəhlizindən keçəcəyik, hətta günün birində Zəngi çayında sərinlənə bilərik, ağlınızı başınıza yığın! Kəlbəcərin Lev, Qubadlının Oxatan çayında olduğu kimi… Prezident Naxçıvana səfəri zamanı öz əcdadlarınızı ziyarətdən bəhs etdiyi zaman da möhtəşəm bir anons etdi. Şuşa azad olunanda Fəxri Xiyabanda “xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim”, deyən cənab Əliyev babasının məzarı qarşısında ürəyindən keçirdiyi fikirləri açıqlamadı. “Ürəyimdə olanları mən hələ ki, deməyəcəyəm. Amma babamın məzarını ziyarət etməklə, eyni zamanda, ürəyimdə olan sözləri dedim. Baxmayaraq ki, mən babamı görməmişəm, o, həyatdan gedəndə mən hələ doğulmamışdım. Amma bildiyiniz kimi, o, Zəngəzurda doğulmuşdur, erməni etnik təmizləmə siyasətinin də qurbanı olmuşdur, onun ailəsi məcburən oradan köçüb Şahbuza, ondan sonra Naxçıvanda yerləşmişdirƏlbəttə ki, biz əcdadlarımızın yolu ilə getməliyik. Onların ruhlarını həmişə şad etməyə çalışmalıyıq. Azərbaycan xalqının üstünlüyü ondadır ki, biz öz qədim ənənələrimizə sadiqik… Orada babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, nə vaxtsa dilə gətirəcəyəm”, dedi prezident. Şübhəsiz ki, hər bir azərbaycanlı həsrətlə gözləyir, “Mən xoşbəxt nəvəyəm…” sözləri ilə başlayacaq xoş müjdəni. “Zəngəzur Azərbaycandır”sa, niyə də olmasın? 

Elşad Paşasoy

Musavat.com


Geri dön