Ana Sayfa > Karusel / Yazar > Qapaz altında tərbiyə

Qapaz altında tərbiyə


14-01-2022, 11:00. Yazar: Admin
Qapaz altında tərbiyə

İnsan beyni, şüuru və şüuraltı yaddaşı möcüzədir. Bəzən bir gün əvvəl nə baş verdiyini xatırlaya bilmirsən. Amma beyin sistemimiz elə proqramlaşdırılıb ki, uşaq vaxtı baş vermiş hadisə ömrümüzün sonuna kimi yaddaşdan itmir. Detallarına qədər, sözbəsöz, rəngli və ağ-qara formasında təkrar-təkrar gözümüz önündə fırlanır. 

Necə ki, əlifbanı bir dəfə öyrəndikdən sonra heç vaxt unutmuruq, uşaqlıqda baş verən hadisələrdə də elədir. Unutmaq olmur. Daş üzərinə yazılmış kimi o xatirələr silinməz olaraq qalır. Xüsusilə də uşaqlıqda baş verənlər əgər neqativdirsə, travmaya səbəb olubsa, o, reklam çarxı kimi ömrünün sonuna qədər təkrar-təkrar beynində, şüurunda “nümayiş olunur”.

İsmayıllı rayonunda tərbiyəçinin uşaq bağçasında körpəni qapazlaması o uşağın başına deyil, bütün həyatına vurulan bir qapazdır. Oxşar hadisə təkcə bu bağçadadırmı? Sözün açığı “belə halların əksər bağçalarda baş verdiyinə şübhə etmirəm” deyə bir cümlə yazmaq istəyərdim. Amma VİP sədri Əli Əliyevin şübhəsini dilə gətirdiyinə görə həbs faktı məni bu cümləni yazmaqdan çəkindirdi. 

Bir neçə gün əvvəl orta məktəb direktorunun şagirdi şillələməsi videosu da yayılmışdı. O videodan sonra bəzi tanınmış şəxslər direktorun bu hərəkətinə haqq qazandırmağa çalışdılar. Ki, vaxtilə onları da döyüblər, nə olsun ki, uşaq döyülər də, söyülər də? Amma onlar özləri də bilmədən döyülən uşaqların sonda necə olduqlarını öz timsallarında ortaya qoydular: zorakılığa haqq qazandırdılar, “mən döyülmüşəmsə, o da döyülməlidir”. Bu, nəticə deyilmi?

Yadıma düşmüşkən yazım. Yuxarıda uşaqlıqda baş verən hadisənin unudulmadığını qeyd etmişəm. Orta məktəbdə çox nümunəvi şagird olmuşam. 11 il müddətində hər hansı bir səbəbdən müəllim tərəfindən döyüldüyüm olmamışdı. Bir faktı çıxmaqla. Sinifimizin oğlanlarının bir neçəsi şuluqluq etmişdi və qadın direktor bundan əsəbləşmişdi. Bütün sinif oğlanlarını sıraya düzdü, tərbiyəvi söhbət elədi, amma bunun yetərsiz olduğunu düşünüb şapalağı işə saldı. Sıranın ortasında dayanmışdım və arxayın idim. Amma birdən qulağımın dibində elə bil bomba partladı. Mən niyə axı?!

Bu hadisə hələ də yadımdan çıxmayıb. Sinif yoldaşlarım indi də danışıb gülürlər. Amma mən pis hadisə kimi xatırlayıram.

Zorakılıq qədər uşaqlarda özünəhörmət hissini məhv edən ikinci bir davranış yoxdur. Nəticədə özünə hörmət etməyən insanlar yetişir. Özünə hörmət etməyən insan isə heç kimə hörmət etmir. Uşaqlığı belə travmalarla keçən şəxslər böyüdükdə əksər hallarda kriminal əməllərin sahibi olurlar. Bu haradasa gözləntinin yaxşı tərəfidir. İşdir, həmin travmalarla böyüyən şəxs sonradan hansısa səbəbdən vəzifə sahibi, şirkət rəhbəri, idarəedici olursa, bəla o zaman başlayır. Uşaqlığının heyifini əlinin altında olanlardan alır. Elə bu bağça tərbiyəçisi kimi. Çox güman ki, onun özünü də elə tərbiyəçi işlədiyi bu bağçada vaxtilə bu üsulla tərbiyə etmişlər. 

Nəticə bütün hallarda belə olmasa da, psixoanalitiklər çox zaman sonucun fərqli olmadığını deyirlər. 

Bəlkə də bu tərbiyə üsulunun nəticəsidir ki, indi hər gün onlarla kriminal hadisənin şahidi oluruq. Uşaqlığı travma ilə keçən məmurlar elə bu səbəbdən ədalət hissini itirmiş deyillərmi? Əməkdaşlarının haqqını basıb yeyınlər körpəlikdə dövlətin ona ayırdığı yemək payının direktor tərəfindən satışa çıxarıldığına şahid olanlar deyilmi? Kasıbın, imkansızın pensiya kartını alıb öz cibinə qoyan məmur uşaqlıqda valideynləri, müəllimləri tərəfindən qapazaltı olanlardır bəlkə? 

Nə biçmək istəyiriksə, elə onu da əkmək lazımdır, deyə düşünürəm. Ola bilər ki, əkdiklərimizi özümüz biçməyəcəyik, amma nə vaxtsa öz övladımız, nəvə-nəticələrimiz, qanı qanımızdan olan kimsə bizim əkdiklərimizi dərməli olacaq. Biz bunu anlayanda adam olmağı bacaracağıq. 

Elnur Məmmədli


Geri dön