Ana Sayfa > Karusel / Qarabağ / Yazar > "Şuşa yaxınlığında separatçı-terrorçu rejimin “qanun”ları işləyir, yoxsa Rusiyanın keyfi?.."

"Şuşa yaxınlığında separatçı-terrorçu rejimin “qanun”ları işləyir, yoxsa Rusiyanın keyfi?.."


15-11-2021, 16:44. Yazar: Admin
“Yadıma 1991-ci ildə terrorçuluqda şübhəli bilinən 500-ə yaxın erməninin Şuşa türməsindən yavaş-yavaş qeyb olması və yarımçıq qalmış “Ümid” əməliyyatı düşdü...”  
 
“Çıxış yolu Qarabağdakı terrorçu qüvvələrə qarşı artıq yarımçıq yox, bütöv bir antiterror əməliyyatı keçirməkdir...”
 
“Rusiya hərbi kontingentinin məsuliyyət zonası elan edilmiş torpaqlarımızda hansı dövlətin qanunları işləyir: Azərbaycanın, Rusiyanın, yoxsa?..”
 
44 günlük savaşdakı uğurlarımızdan bir il sonra  -  2021-ci il noyabrın 13-də Qarabağdakı xarici güclər, xüsusən Rusiya xüsusi xidmət orqanları tərəfindən qızışdırılan revanşist ruhlu ermənilərin yenidən sıfırdan başlayan “mübarizəsi”, əslində miskin bir qladiator savaşı start götürdü...  Qardaşı guya noyabrın 8-də Azərbaycan hərbçiləri tərəfindən öldürülmüş bir Ermənistan vətəndaşı Şuşa yaxınlığındakı postumuza  qumbara atdı... Bununla da  erməni toplumunun ağılsız, xəstə və radikal hissəsinin “vətənpərvərlik” və “milliyyətçi” hissləriylə oynanılması, yəni onların Qarabağ və “Böyük Ermənistan” uğrunda “türklərə qarşı” yeni terrorçu “mübarizə”yə ruhlandırlması  prosesi başlandı....  Bunun baş verəcəyi, məhz Rusiya lideri V.Putinin belə bir planı olması haqda 2020-ci ilin dekabrında xəbərdarlıq etmişdik...
 
*** ***
 
Hələ illər öncə bu sətirlərin müəllifi yazmışdı ki, beynəlxalq transmilli super güclərə, eləcə də onların yedəyində gedən Rusiya imperiyası İsrail-Fələstin münaqişəsi kimi digər münaqişələrin də, o cümlədən qondarma Qarabağ münaqişəsinin də birdəfəlik çözülməsini, bitməsini istəmir. Çünki bu münaqişə zonaları onlara dünyanı idarə etmə mexanizmləri kimi gərəkdir.... Hətta bir müddət sonra keçmiş Dağlıq Qarabağ ətrafındakı torpaqlarımız azad olunsa belə, bəhs edilən  güclər müxtəlif təxribatlarla  daim burada qalacaq ermənilərlə azərbaycanlılar arasında qarşıdurmalar yaşanmasını körükləyəcəyini də yazmışdıq...
 
*** *** 
 
Bəziləri iddia edə bilər ki, Şuşadakı təxribatı Rusiyanın yox, Ermənistanın özünün, yaxud Moskvaya rəqib olan, Qarabağda sülhün onun əli ilə təmin olunmasına qarşı olan digər ölkələr, məsələn, Fransa, ABŞ, Britaniya kəşfiyyatının yönləndirilməsi ilə törədilib... Və arqument kimi ortalığa məhz həmin gün Şuşada Azərbaycan və Rusiya politoloqlarının iştirakı ilə “Qafqaz regionunda sülhün möhkəmləndirilməsi problemləri” mövzusunda beynəlxalq konfrans keçirilməsini, Rusiyanın deputat və politoloqlarının  Ermənistanın Qarabağda sülhün təmin olunmasına  qarşı yönələn addımlarını, o cümlədən növbəti terror aktını pisləməsini qoya bilərlər... Yəni buradan belə çıxır ki, Kreml Qarabağda vəziyyətin gərginləşdirilməməsində və tezliklə sülhün bərqərar olmasında maraqlıdır.  Yaxşı, belə olsun... Amma o halda, ən azı, 3 sual  meydana çıxır: 
Birincisi, əgər belədirsə və Rusiya doğrudan da Azərbaycan torpaqlarında sülhün təmin olunmasında maraqldırsa, bəs nədən Rusiyanın sülhməramlı sayılan hərbi kontingenti 10 noyabr razılaşmasına uyğun olaraq son bir il ərzində torpaqlarımızdakı terrorçu erməni birləşmələrini tərksilah edərək çıxarmayıb.  Əksinə, həmin ordu birləşməsinin komandanı elə ilk günlərdən Azərbaycan dövlətinin onu İnterpolla beynəlxalq axtarışa verdiyini bilə-bilə Xankəndindəki separatçı-terrorçu rejimin rəhbəri Araik Arutyunla öpüşüb görüşməyə, onun ətrafındakı terrorçu quldurlarla birgə fotolar çəkdirməyə başladı... İkincisi, konkret Şuşa teraktıyla bağlı... Niyə Rusiya tərəfi dərhal hadisə yerindəki “sülhməramlı”lara təslim olan terakt müəllifi Norayr Mirzoyanı həbs etdikdən sonra onu qanuna uyğun olaraq ərazinin sahibi olan Azərbaycan tərəfinə yox, həmin terrorçunu “qəhrəman”a çevirəcəyini dəqiq bildiyi separatçı-terrorçu rejimə təhvil verir? Özü də Şuşadakı konfransda çıxış edənlər bu təxribatın məhz Rusiya “sülhməramlı”larının nüfuzuna qarşı yönəldiyini, eləcə də onlarla Azərbaycan hərbçilərini üz-üzə qoymaq məqsədilə törədildiyini söyləyirsə... Belə olan halda Rusiya kontingentinin komandanlığı erməni terrorçunu, ən azı, öz əllərində saxlamalı və istintaqın bölgədə olan Rusiya hərbi prokurorluğu tərəfindən aparılmasına şərait yaratmalı deyildimi?..  Üçüncüsü, nədən hadisə üzərindən  2 sutka yarıma yaxın vaxt keçməsinə rəğmən Rusiyanın sülhməramlı sayılan hərbi kontingenti Rusiya MN-in rəsmi saytındakı gündəlik məlumat bölməsində heç bir informasiya vermir...
*** ***
Bundan əlavə,  Şuşadakı beynəlxalaq konfransa qatılaraq Azərbaycanın mövqeyini müdafiə edən, eyni zamanda Ermənistandakı rusofob çıxışları tənqid edən Rusiya deputatları və  politoloqlarının ictimai fikrin manipulyasiyası, məqsədli yönləndirilməsinə heç kəs zəmanət verə bilməz...  Həm də Putinin, o cümlədən “QRU”-nun, “FSB”-nin məsləhəti və icazəsi olmasa, Laçın dəhlizini eninə-boyuna gəzən təxribatçı jurnalist S.Peqov kimi, Rusiyanın bəhs edilən deputat və politoloqlar da Şuşaya gəlib Azərbaycanın xeyrinə(?) danışa bilməzdi... 
 
*** ***
 
Özü də Rusiya Qarabağdakı “qladiator” savaşında çoxbaşlı oyunlar oynayır; bir yandan Azərbaycanın Ermənistanla sərhəddəki apardığı qanuni “irəliləmələr”ə səsini çıxarmır, digər yandan isə  Qarabağdakı separatçı-terrorçulara  bu və ya digər yollarla ruh verir. Şuşadakı terrorçunun Xankəndinə təhvil verilməsi ilə ermənilərə kiçik də olsa, faktiki bir “qələbə” sevinci dadızdırmaq da bu ruhvermənin və körükləmənin elementidir...
 
*** ***
 
Qarabağdakı Rusiya “sülhməramlı”ların son bir il ərzində erməni separatçılığı, revanşizmi və terrorçuluğunun xeyrinə öncəki yazılarımızda dəfələrlə sadaladığımız addımları, aksiyaları, “yanlışlıq”ları və s. beynimizin süzgəcindən keçirsək,,  Şuşadakı son teraktın guya  ABŞ, yaxud Fransa kəşfiyyatlarıının yönləndirilməsi ilə törədildiyi barədəki versiyaları heç ağlımızın ucundan da keçirmərik...
 
***
Rusiya hərbçilərinin  terrorçu N.Mirzoyanı Xankəndindəki separatçı-terrorçu rejimə təhvil verməsini düşünəndə yadıma 1991-ci ilin aprelindən payızınadək Azərbaycan sovet milisi, “OMON” və keçmiş DTK-nın xüsusi dəstələrinin sovet daxili qoşunlarının və könüllülərin dəstəyi ilə keçirdikləri “Həlqə”  və “Ümid” əməliyyatları nəticəsində həbs edilmiş terrorçuluqda şübhəli bilinən 500-ə yaxın erməninin həmin ilin yanvarınadək Şuşa türməsindən yavaş-yavaş qeyb olmasını xatırlayıram.  1991-ci ilin mayında Şuşanın Sarıbaba, Onverst, Böyük və Kiçik Qaladərəsi kəndlərində keçirilmiş əməliyyat nəticəsində həbs edilmiş terrorçuların əsas başçılarından olan Qrişa Sarkisyanın Laçından Şuşa türməsinə aparıldıqdan sonra cəmi bir neçə gün ərzində Xankəndinə göndərilərək fəaliyyətini davam etdirməsi yadıma düşür... 
*** ***
Şuşadakı 500-ə yaxın erməninin necə həbs olunması və sonradan buraxılmasını  həmin vaxt rəhmətlik şəhid Daxili İşlər naziri Məhəmməd Əsədov tərəfindən “Ümid” adlı hərbi-milis əməliyyatının qərargah rəisi təyin olunmuş Dİ nazirinin sabiq müavini, polkovnik Əzim Piriyev, 1990-1991-cı illərdə Xankəndində  keçmiş DQMV-nin Daxili İşlər İdarəsinin rəis müavini vəzifəsində çalışmış Sadir Məmmədov,  Polyaniçkonun mühafizəçisi işləmiş, keçmiş tabor komandiri, kəşfiyyatçı polkovnik Azay Kərimov,  Bakıdan respublika prokurorluğundan gəlmiş istintaq qrupunun rəhbəri Məbud Hüseynov və s. yaxşı bilirlər... 
*** ***
Əksəriyyətinin ekstremist, terrorçu olduğuna şübhə olmayan həmin 500 hay o vaxt kefi istəyəndə  əlimizi-qolumuzu bağlayan Moskvanın göstərişi və təzyiqləri ilə azadlığa buraxıldıqdan və artıq onlarla bərabər Qarabağdakı digər terrorçular da cəzasız qalacaqlarına arxayın olduqdan sonra Azərbaycana qarşı güclü əks-hücum başladı və o vaxtadək milisimizin, “OMON”umuzun və “çekist”lərimizin gördüyü bütün işlər, əməliyyatlar yarımçıq qaldı və heç oldu...Məhz bu səbəbdən polkovnik Əzim Piriyev həmin əməliyyatlara həsr etdiyi kitabının  adını “Yarımçıq qalmış “Ümid” əməliyyatı” qoyub...
 
***
 
Məhz Şuşadakı, Bakıdakı və digər həbsxanalarımızdakı hay terrorçuları sərbəst buraxıldıqdan sonra 1991-ci il il noyabrın 20-də  Azərbaycanın ilk milli dövlət elitası və ziyalılarının həlak olduğu Qarakənd vertolyot terroru baş verdi... Xankəndi, Kərkicahan,  , Malıbəyli, Quşçular və s. işğal olundu Daşaltı, Qaradağlı, Xocalı faciələri baş verdi... Və bu minvalla artıq 1992-ci ilin mayından Şuşa türməsinə erməni deyil, azərbaycanlı mülki və hərbi əsirlər toplanmağa başlandı...  
***
Və bu gün Allaha min şükür ki, 44 günlük savaşımızda minlərlə şəhid və qazimizin canı, qanı bahasına Şuşa da azad olundu və oradakı türmədə illərlə əsir qalmış Dilqəm və Şahbazın da azadlığa çıxıb ailələrinə qovuşmalarına nail olundu... 
*** 
Fəqət və təəssüf ki, 1988-1991-ci illərdə hələ hüquqi baxımdan müstəqil olmadığımız dövrdə əl-qolumuzu bağlayan Kreml, bu gün də son savaşdakı  uğurlarımızdan yararlanaraq torpağımıza yeritdiyi “sülhməramlı”  kontingenti, eləcə də daxilimizdəki “KQB”-“QRU” korrupsiya, bürokratiya, mənəvi və fiziki işgəncə şəbəkələri vasitəsilə işlərimizi əngəlləyir, yarımçıq qoyur...
*** 
Amma sual olunur:1988-1991-ci illərdə hələ hüquqi baxımdan müstəqil deyildik, Kremlin birbaşa göstərişləri ilə oturub-dururduq, bəs indi niyə ciddi müqavimət göstərə bilmirik. İndi niyə Şuşada – Azərbaycan şəhəri yaxınlığında, öz hüquqi-tarixi torpağımızda bizim hərbçilərimizə qarşı cinayət, terror törətmiş şəxsin, heç olmasa, rusların öz əlində qalmasına da yox, birbaşa Xankəndindəki Araik xuntasına təhvil verilməsinə yol veririk? Və müvafiq dövlət orqanlarımız, rəsmi və ya qeyri-rəsmi hüquqşünaslarımız Azərbaycan vətəndaşlarına, xüsusən məcburi köçkünlərə, eləcə də doğma kəndi  “Laçın dəhlizi” deyilən ərazidə yerləşən bu sətirlərin müəllifinin  bircə sualına cavab verə bilərmi: Rusiya hərbi kontingentinin məsuliyyət zonası elan edilmiş torpaqlarımızda hansı dövlətin qanunları işləyir: Azərbaycanın, Rusiyanın, yoxsa BMT-nin-filanın? Buradakı beynəlxalq mandatsız Rusiya ordu birləşməsininn fəaliyyəti konkret olaraq hansı qanunlara, hansı mexanizmə əsaslanır?..  
*** ***
Cavab alınca özüm belə nəticəyə gəlirəm ki, Qarabağın hayların hələ yaşadığı hissəsində və Laçın dəhlizində hər şey Rusiyanın keyfi və bəzən də onun icazəsi ilə Xankəndindəki separatçı-terrorçu rejimin “qanunları” ilə tənzimlənir. Əks halda barəsində Azərbaycan Baş Prokurorluğunun cinayət işi qaldırdığı erməni terrorçusu N.Mirzoyan  Araikə təhvil verilməzdi. Belə çıxır ki, Şuşa yaxınlığından keçən Xankəndi-Laçın-Gorus yolunun dəmir tor çəkilmiş hissəsindən o üzdə Azərbaycan qanunları işləmir. 1991-ci ildə Kreml deyirdi ki, məsələn jurnalist Salatın Əsgərovanın qətli sovet dövründə, SSRİ ərazisində baş verib, ona görə onun qatillərini Moskva  mühakimə etməlidir və bu qayda ilə bütün erməni dustaqlar buraxılırdı... İndi də deyirlər ki, Rusiya hərbçilərinin məsuliyyət zonasında, yəni dəmir torlardan o üzdə ya Rusiya, ya da erməni qanunları işləməlidir. Özü də N.Mirzoyanın atdığı qumbara da dəmir hasarın Rusiya-“erməni” üzünə düşüb, Azərbaycan ərazisinə keçməyib...
 
*** ""
Bir sözlə, görünür, Abxaziya, Osetiya, Dnestryanıda və s. belə terror aktlarını öz bildiyi kimi araşdırmağa adət etmiş Rusiya Qarabağdakı separatçı-terrorçu rejimi də, onun "qanun"larını da faktiki olaraq tanıyır...
 
***    
 
Bütün bu müəmmalardan qurtulmaq və cəzasız qalan hay terrorçularının yenidən fəallaşmaması üçün Azərbaycan Qarabağdakı terrorçu qüvvələrə qarşı artıq yarımçıq yox, bütöv bir antiterror əməliyyatı keçirməlidir... Düzdü, yeni şəhidlərimiz ola bilər, yeni insanlar yarımcan qala bilər. Amma bunu mütləq etməliyik. Cavan-yaşlı - hamımızın, bu sətirlərin müəllifinin belə, Şuşanın, Laçının, Kəlbnəcərin çöllərində ac-susuz güllə qarşısında qalması hesabına olsa belə, bunu etməliyik. Etməliyik ki, gələcək nəsillərimiz  bizi yenə “yarımçıq”  deyə söyməsin...
Sultan Laçın  
 

Geri dön