Ana Sayfa > Karusel / Yazar > ...İynə ilə kitab yazan

...İynə ilə kitab yazan


23-03-2021, 17:04. Yazar: Admin


...İynə ilə kitab yazan

“...Qocaman, dünya görmüş ağacların yaşını necə təyin edirlər? Ağacın gövdəsini lap dibdən kəsirlər, bundan sonra bu kötüyün üstündəki dairələri sayırlar-hər dairə bir ildir və bu çox dəqiq hesablamadır...”.

Böyük yazıçımız Seyran Səxavətin “Yəhudi əlifbası” romanındandır bu sitat.

Ağaclardan fərqli olaraq insanların yaşını öyrənmək çox asandır. Müasirlərimizin dünyaya gəldiyi günü müəyyənləşdirmək texnologiyası isə lap sadədir, möhürlü-ştamplı 10-15 dövlət sənədi var. Götürək elə Seyran Səxavətin özünü, təpədən dırnağacan sözə, misraya, cümləyə bələnən bu istedadlı insanın yaşını bilməyə nə var ki? Seyran müəllim hər detalı yerli-yataqlı yazıb: “Mən, Allah bəndəsi Seyran Səxavət 1946-cı il mart ayının 23-də Quzey Azərbaycanın Qarabağ bölgəsi, Füzuli (Qarabulaq) rayonu, Yuxarı Yağlıvənd kəndi, Koxalı obası, Muradxanlı məhəlləsində qəbiristanlıqla üzbəüz evimizdə, ziyalı ailəsində dünyaya gəlmişəm...”

Bu qeydlərdən sonra dağa-daşa düşməyin, möhürlü-ştamplı sənəd axtarmağın heç yeri yoxdur. Əsgər kişinin oğlu Seyrandan nəhəng ədəbiyyat adamı Seyran Səxavətə qədər yol gələn, “qələmlə gor qazan, iynə ilə kitab yazan” əziz dostumuz Seyran Səxavətin 75 yaşı tamam olur.



Neçə min bayramdan, rəsmi və qeyri-rəsmi iş günündən, şənbə-bazardan ibarət bu 75 ildə Seyran Səxavət heç dinc oturmayıb. O qədər inqilab edib ki, Yazıçılar Birliyində onun kimi “xətakar”, “şuluq” üzv tapmaq bir az çətin məsələdir. Dəyərli şair-publisist Vaqif Bəhmənli demişkən, “cəmi-cümlətani 10-12 il çəkən şairliyi dövründə” Seyran Səxavət “İlk məhəbbət-son məhəbbət”, “Sevirəm”, “Bizim arx”, “Yollar-ayaqlar” şeirləri ilə poeziyamızda çevriliş eləməyə cəhd göstərib, Qarabağlı, sarışın gəncin bu “qorxunc planı” üzə çıxandan sonra ətrafına xeyli tərəfdar, indiki dillə desək, fanat ordusu toplanıb. Sonra nəsrə keçən bu olduqca “təhlükəli inqilabçı” öz “dağıdıcılıq fəaliyyətini” davam etdirib. “Hamı elə bilirdi”-deyib “Daş evlər”də, “Dar köynək”də, əməlli-başlı inqilab edib. “Yüz ilin kişisi” ilə ədəbiyyatımıza elə “Qaçhaqaç” salıb ki, hamı başlayıb “Bəhanə” axtarmağa. Yaşa dolduqca da “xətakar işlərindən” əl çəkməyən yazıçı “Yəhudi əlifbası” yaradıb, bu azmış kimi “Kenquru”ya “Nekroloq” da yazıb.

Ona da Seyran Səxavət deyərlər, poeziyada, nəsrdə aləmi bir-birinə vurandan sonra icazəsiz-filansız keçib dramaturgiyaya. “Qızıl teşt”in yanına bir “Büst” qoyub, hamı “Qapıların o üzündə qalan dünya”ya baxıb. Aparılan və aparılmayan “profilaktik söhbətlərə” baxmayaraq Seyran Səxavət publisistikada da çoxlarının yerini dar edib. Onun “Qədir Rüstəmovla “Atüstü söhbət””inin səs-küyü bu gün də müzakirə olunur.

Görkəmli yazıçı hətta müsahibələrində belə “inqilabi fəaliyyətindən” əl çəkməyib, 30-40 partiyanın bir yerdə deyə bilmədiyini əsl ziyalı, ləyaqətli vətəndaş kimi dilə gətirib, cəmiyyət, xalq olaraq bizi narahat edən məsələləri çəkinmədən səsləndirib. Seyran Səxavətin böyüklüyü ondandır ki, onun uzun illər boyu elədiyi bu “xətakarlıqdan” Azərbaycan cəmiyyəti, ədəbiyyatı ancaq xeyir görüb. Seyran Səxavət əlinə qələm aldığı gündən bu vaxtacan heç bir tərəfdarını, fanatını, təəssübkeşini, mübarizə yoldaşını yarı yolda buraxmayıb.



"Seyran Səxavət, oğlu Toğrul Səxavət, Etibar Cəbrayıloğlu, həyat yoldaşı İradə xanım, oğlu Turan Etibaroğlu",
2001-ci il


Adətən yubilyarı fəxri adla, orden-medalla təltif edirlər, Seyran Səxavət bəlkə də yeganə yazıçıdır ki, 75 illiyi ərəfəsində titulunu əlindən alıblar-qaçqın adı üzərindən götürülüb. Bir neçə il öncə bu nəhəng yazıçının dilə gətirdiyi arzusu çin olub-Müzəffər Ali Baş Komandan öz yenilməz əsgər və zabitləri ilə Qarabağla bağlı ən böyük əsərə-Zəfərə imza atıb. Ərazi bütövlüyümüz təmin edilib, o cümlədən Seyran Səxavətin doğulduğu Füzuli rayonu erməni işğalından azad olunub.

Beş il əvvəl Seyran Səxavətin 70 illik yubileyi Yazıçılar Birliyində qeyd olunurdu. Birliyin sədri, Xalq yazıçısı Anar çıxışının sonunda dedi ki, o gün olsun əziz dostumun növbəti yubileyini Qarabağ bölgəsi, Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi, Koxalı obası, Muradxanlı məhəlləsində qeyd edək. Həmin məclisdə görkəmli yazıçımızın bu sözləri adi bir istək kimi səsləndi, amma bu istək artıq reallığa çevrilib. Əziz dostumuz, böyük ədəbiyyat adamı Seyran Səxavətin 75 illik yubileyinin doğma torpaqda böyük təmtəraqla qeyd edilməsinə sayılı günlər qalıb. Yubilyara bundan da böyük hədiyyə?

Etibar Cəbrayıloğlu,
Reyting.az


Geri dön