Saytımızı qiymətləndirin


 
 

Şahanə bəhanə - Etibar Cəbrayıloğlu yazır
Tarix: 09-08-2022 | Saat: 17:17
Bölmə:Karusel / Yazar | çapa göndər

Bir ovuc torpaq da beləcə artdı... - Etibar Cəbrayıloğlu yazır Yeni Sabah

Londondakı səfirliyimizə edilən basqınla bağlı söz-söhbət səngimək bilmir. Bu da təbiidir, çünki baş verən sıradan, adi bir kriminal hadisə deyil. Avropanın mərkəzində, həmişə özünü böyük kimi aparan Böyük Britaniyanın paytaxtında “Mehdinin xidmətçiləri ittifaqı” adlı radikal qrupun üzvləri Azərbaycan səfirliyinə hücum edib. Səfirliyin binasında əl-qolunu sallayıb gəzən bu “xidmətçilər” yüksəlmək üçün yaranan üçrəngli bayrağımıza qarşı təhqiredici hərəkətlərdən də çəkinməyiblər. Londondakı diplomatlarımız da...

Vinston Leonard Çörçillin tərcümeyi-halını dörd dəfə başdan-ayağa oxumuşam, amma bizim Londondakı səfirliyimizdə maaş alan insanların hərəkətini, daha doğrusu, hərəkətsizliyini anlaya bilmirəm. Ötən bu neçə gündə səfirlik əməkdaşlarının düz-əməlli izahatına da rast gəlməmişəm. Dindirsən yəqin ki, min bir bəhanə gətirəcəklər. Biri deyəcək ki, Londonda mikrorayonda yaşayıram, həmin gün suyumuz kəsilmişdi, getmişdim diş həkiminə. Bir başqası deyəcək ki, səfirlikdə özü-özümlə nərd oynayırdım, təzəcə şeş qoşa atmışdım ara qarışdı, mən də dərhal zərləri yığışdırdım. O birisi də bir başqa bəhanə gətirəcək ki, atam balası, səfirlikdə oturmuşdum, gördüm binada kənar adamlar balkonda var-gəl edir. Fikirləşdim yəqin diplomatik korpusa kino çəkənlər gəlib, balkonda “Romeo və Cülyetta” tamaşasını oynayacaqlar...      

İstənilən problemə bəhanə tapmaq olar. Bu, bizim əlimizdə qazlı su içmək qədər asan bir işdir. Sovetin bulkasını yeyib limonadını içənlər yəqin yaxşı xatırlayır, idmançılar, xüsusi ilə futbolçular xaricdə məğlub olan kimi televiziya şərhçisi bəhanə tapıb ortaya qoyurdu. Deyirdi ki, futbolçularımızı aparan təyyarənin motoru çox səs-küy salıb, ona görə də idmançılar narahat olublar. Şərhçi bəzən futbolçuların gecələdiyi otelə də şər atırdı, deyirdi ağcaqanad bizimkiləri rahat dincəlməyə qoymayıb. Futbol demişkən, indi AFFA-da kimdən soruşsan ki, bizim məmləkətdə idmanın şahından niyə əsər-əlamət yoxdur, dərhal ABŞ prezidenti Baydenin həftə səkkiz, mən doqquz koronavirusa yoluxmağını bəhanə gətirəcək.  

Bir jurnalist dostum var, həmişə baş redaktorlarından gileylənir. Deyir nə zaman maaş, qonorar üçün kabinetinə gedirsən o dəqiqə Türkiyənin anti-terror əməliyyatlarından danışır, deyir ki, qədeş, gördün Türk ordusu Afrinə necə girdi? Dostum deyir müdirdən maaş soruşan o dəqiqə peşman olur. Çünki ən azından saat yarım baş redaktorun Ankara-Kiyev danışıqları barədə mühazirəsinə qulaq asmaq məcburiyyətində qalır...

Neçə ildir Bakıda yaşayıram, o gün bilmişəm ki, gözəl paytaxtımızda avtobusların tıxacda qalmasına səbəb Tanzaniyada həyata keçirilən “Əhalinin özünü məşğulluq proqramı və drenaj potensialından səmərəli istifadə” layihəsi imiş. Mən də neçə vaxt idi oturub tıxac probleminin səbəblərini axtarırdım...

O gün necə oldusa səhvən yerli televiziyaya baxmalı oldum. Rəssam, millətlərarası münasibətlər üzrə ekspert kanalların birində son günlər ərzaq məhsullarının saatbasaat artan qiymətləri barədə danışırdı. Xeyli rəqəm saydı, dağı arana qatdı, arada deyəsən özünün də xəbəri olmadan ölkəmizdə krossvordun tarixinə toxundu. Lap axırda and-aman elədi ki, Messinin gedişindən sonra “Barselona”nın oyun fəlsəfəsi ciddi dəyişib və bu da birmənalı olaraq Azərbaycanda ərzaq məhsullarının bahalaşmasına gətirib çıxarıb.

Təxminən bir aydan sonra yeni dərs ili başlayır. Neçə müddətdir orta məktəblər üçün yazılan dərs vəsaitlərindəki nöqsanlar müzakirə olunur. Bu narazılıq yəqin təzə dərs ilində də davam edəcək. Amma sonda rəsmi qurumlar sübut etməyə çalışacaqlar ki, bütün günahlar Sudan camaatındadır, çünki onlar sudan doğru-düzgün istifadənin yollarını bilmirlər.

Bəhanə demişkən, bu təzə köşəmi bitirib baş redaktoruma göndərdim. Qalib İbrahimoğlu dərhal cavab yazdı və soruşdu ki, köşə yazın niyə belə zəif alınıb? Əlim qurumasın, mən də o dəqiqə cavab göndərdim-yayda da yaxşı yazmaq olar??? 

 



Xəbəri paylaş

1214 dəfə oxunub.

Digər xəbərlər