Saytımızı qiymətləndirin


 
 

Meyitləri London küçələrində döşəli qalsaydı...
Tarix: 05-08-2022 | Saat: 23:32
Bölmə:Karusel / Yazar | çapa göndər

Londonda səfirliyimizə qarşı basqını və vandallıq aktını hansı dövlətə bağlı ekstremist qruplaşmanın törətdiyi, nə məqsəd güddüyü ihələlik isti-isti bəlli deyil.

Ortada çoxlu suallar və qarmaqarışıq bir kələf var. Əl-əlbət, çözüləcək, məsələyə aydınlıq gələcək.

İndilikdə biz aydın olan məsələlərdən, neçə vaxtdır boy göstərən tendensiyalardan, etməli olduğumzu şeylərdən danışaq.

Kimliklərindən asılı olmayaraq, səfirliyimizə, suveren dövlətin ərazisi sayılan binaya soxulmağa çalışan ekstremistlər xəbərdarlıq atəşi ilə qarşılanmalı, tabe olmasalar, güllələnməliydilər.

Londondakı səfirliyimizin işçiləri hansı mülahizələri əsas götürüblərsə, bunu etməyiblər. Beləliklə, onlar özlərini, ailə üzvlərini, səfirlikdə çalışan qadınların həyatını və namuslarını təhlükə altına qoyublar. Binanı işğal etmiş ekstremistlər onlara qarşı hər cür vəhşilik törədə bilərdilər.

Məgər o ekstremist ünsürlər, özlərini “Mehdinin xidmətçiləri” adlandıran radikallar Londondakı və ya dünyanın başqa bir ölkəsindəki İsrail səfirliyinə soxula bilərdilər? Əsla edə bilməzdilər. Hamısının meyidi yerdə sərili qalardı. Və buna görə heç bir israilli mühafizəçi məsuliyyətə cəlb edilməzdi, əksinə, öz dövlətinin mükafatını alardı.

Bəlkə dünyanın harasındasa ABŞ səfirliyinə yaxınlaşmaq mümkündür? Heç avtomobillə də mümkün deyil. Binanı radikalların hücumundan silahlı mühafizə, bomba yüklü avtomobillərin taranından isə beton baryerlər qoruyur.

Böyük Britaniyanın və özünə hörmət edən digər çoxdüşmənli dövlətlərin səfirlikləri də belədir. Bir kimsə onların ərazisinə zorla girə bilməz, girməyə cəhd edənlər dövlət sərhədini pozmağa çalışan kriminal ünsürlər kimi cəzalanarlar.

Təəssüf ki, bizimkilər “Londonlu mollalar”a qarşı yumşaq davranıblar.

Birdəfəlik anlamaq lazımdır: bayrağımıza qarşı həqarət edən, onu endirməyə çalışan, ayaq altına atan şəxs və ya qrup birbaşa dövlətçiliyimizə qarşıdır, xalqımızın düşmənidir. Milli simvolumuzu təhqir edən şəxs hər birimizi təhqir edir, onu hündürlükdən yerə atan şəxslər bizi də eyni hündürlükdən atmağa hazır olan düşmənlərdir.

Bu, birmənalı olaraq belədir. Bir milləti hansısa azğın qövmün genosidindən, böyük dövlətin əsarətindən, aqressiv qonşunun zülmündən, istismarından qoruyan yeganə institut milli dövlətçilikdir. Onun baş simvolu isə milli bayraqdır.

Londondakı hadisənin motivi nə olur-olsun, o şəxslər bizim düşmənlərimizdir.

Elə dövlət var ki, həmin dəqiqədən başlayaraq hücum və həqarət aktında iştirak edən, onu dəstəkləyən qruplaşmanı nəzarətə götürər, koordinatlarını müəyyən edər və tədbirlər görərdi. Var belə dövlətlər. Və onlar indiyədək başlarının salamatlığını radikal cavab tədbirləri ilə qoruyub saxlayırlar. Yoxsa çoxdan dünyanın hər tərəfində ya qapazaltı olmuşdular, ya da özlərinə, öz sərhədlərinin içinə qapanıb oturmuşdular.

Azərbaycan elə bir coğrafiyada yerləşir ki, daima şimaldan, cənubdan, qərbdən təhlükə gözləməli olur. Biz bu coğrafiyada öz mövcudluğumuzu qorumaq üçün tikanlı olmağa, zamanı gələndə hüdudlarımıza müdaxilə edənləri gicitkən kolu kimi dalamağa hazır olmalıyıq. Həmişə yumşaq, “yola verən” olsaq, buralarda qala bilmərik.

Hər bir qeyri-dost böyük qonşu ölkəmizə bir yad ideologiya ilə soxulmağa, buraya dalıb oturmağa, möhkəmlənməyə çalışır. Millətin nicatı isə nə yalançı bərabərlikdən dəm vuran ümmətçilikdə, nə də eyni bayatıları oxuyan və vaxtı çoxdan keçmiş bolşevizmdədir. İkinci iflasa uğrayıb, gedib, birincini körükləyənlər hələ yeni fəaliyyətə başlayırlar. Özləri gizli-gizli millətçilik xətti yeridənlər başqalarının başını “ümumi qardaşlıq” nağılları ilə tovlamağa çalışırlar, bəzən dini fanatizmi şiddətləndirməklə, bəzən də konkret maddi şirnikləndirmə yolu ilə ətraflarına tərəfdar toplayırlar.

Onların, o ideologiyaların heç biri bizim üçün milli dövlətçiliyimizdən üstün və faydalı deyil. Biz uzun illər müstəmləkə altında yaşamış xalq kimi artıq suverenliyin də dadını bilirik, öz taleyinə sahib çıxmağın nə demək olduğundan da xəbərdarıq.

Bizə hücum edənlər cəzasız qalmamalıdır. Onların cavabı elə verilməlidir ki, bir də eyvana dırmaşmasınlar.

 

Xalid KAZIMLI



Xəbəri paylaş

1221 dəfə oxunub.

Digər xəbərlər