Saytımızı qiymətləndirin


 
 

Qurban Qurbanov: "Çox istərdim ki, şəhidlərimiz olmasın"
Tarix: 03-08-2022 | Saat: 23:11
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qurban Qurbanov: "Maraqlı rəqibə qarşı oynayacağıq"

"Oyunöncəsi isinmə hərəkətləri etməyə çıxanda antiterror əməliyyatı haqqında eşitdik. Allah şəhidimizə rəhmət etsin".

Qarabaginfo.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Macarıstan "Ferentsvaroş"u ilə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, şəhidimizin olduğunu eşitmək xoş deyil: "Bəzi vəziyyətləri düzgün ifadə etməliyik. Belə hallar hər zaman bizi üzür. Mənim üçün bu hadisənin təsiri çox böyükdür. Çünki çox şəhidlərimiz olub. O insanların öz ailələrini, yaxınlarını qoyub vətəni qorumaq üçün canlarından keçmələri bizim üçün çox ağırdır. Hər birimizə təsiri var. Ola bilsin ki, hansısa futbolçu oyundan əvvəl bunu eşitmədi. Amma matçdan sonra onların arasında söhbət gedirdi".

Qurbanov yerlilərlə bərabər legionerlərin də bu cür olaylara biganə qalmadıqlarını diqqətə çatdırıb: "Legionerlərin hər biri komandanı o qədər çox sevir ki, onlar da belə hadisələrə reaksiya verirlər. İnanıram ki, onlara da təsir edəcək. Çox istərdim ki, şəhidlərimiz olmasın. Allah ailələrinə səbr versin".

Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.

Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.

Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.



Xəbəri paylaş

1192 dəfə oxunub.

Digər xəbərlər