Saytımızı qiymətləndirin


 
 

Ümumrusiya Azərbaycan Konqresinin Yaroslavl Regional Şöbəsinin sədri Söhrab İbrahimova ithaf olunur
Tarix: 29-07-2022 | Saat: 14:58
Bölmə:Karusel / Yazar | çapa göndər

No description available.

 

 …Kəndin sükutunu üzücü, dəhşətli xəbər bürümüşdü. Müseyib kişinin kiçik oğlu Şamaxı aşırımında qəzaya düşərək dünyasını dəyişmişdi. Mehriban, sadə, zəhmətkeş bir ailənin qapısını faciə döymüş, qəlbləri üşütmüş, şaxta, boran gətirmişdi bu ailəyə. Hələ çox gənc bir insanın həyat hekayəsi başlamadan bitmişdi. Körpə, bir yaşlı oğlu, gənc həyat yoldaşı tale ümidinə qalmışdı. Ağır qəm karvanı 25 yaşlı gənci ata-baba elinə dəfnə gətirdi. Həyat dayanmış,dünya qara geyinmişdi sanki... Ana saçını yolur,ata əlləri arasıda başını sıxır, qardaşlar qan ağlayır, yeganə bacı dağlara, daşlara haray, ün, nalə salırdı. Evin gəlinlərindən biri hamilə idi. Övlad gözləyirdi. Hərə öz başı hayında idi. Kimsə yada düşmürdü. Ah-nalədən qulaq tutulurdu. Gəlin həyəcandanmı,ya vaxtının tam son məqamına gəlməyindənmi özünü çox narahat hiss edirdi. Ağbirçəklərdən biri onun anasına yaxınlaşıb "bu gəlini məclisdən uzaqlaşdır. Rəngi avazıyıb yaman. Birdən..." Ana hər şeyi anlayaraq sözsüz-sovsuz qızını götürüb evinə apardı. Elə həmin faciəli gündə bir oğlan dünyaya gəldi. Göz yaşları,sarsıntı, ağrı-acıyla... Gün gələcək böyüyüb öz doğum günü haqqında çox eşidəcək, işləri düz gəlməyəndə"Ehhh, axı mən hansı gündə dünyaya gəlmişəm ki..." deyəcəkdi. Hamı kimi, öz yaşıdları kimi böyüməkdə idi. Kiçik yaşlarından cəsarəti,  cəldliyi ilə seçilirdi. Həddi-buluğa çatdıqca yaşıdlarından fərqlənməyə başladı. Həmişə ataya öz yaşından və gücündən asılı olmayaraq əl tutub kömək etməyə çalışırdı. Heç nədən qorxmazdı. Elə bil qurd ürəyi yemişdi. Meşələrin dərinliklərinə girməkdən, gecələr itmiş mal-qaranın axtarışına tək getməkdən belə qorxmazdı. At minib çapmağı çox xoşlayır və yəqin ən çox sevdiyi heyvan idi. Ən dəli, heç kimi yaxına qoymayan Kürən atı "ovsunlamışdı", özünə tabe etmişdi." Ata və özündən başqa kimsəni bu at yaxın buraxmazdı. Ağac əkməyi də çox sevir, yaz gələndə meşələrdən şivləri qucaq-qucaq gətirər həyətdə əkərdi. Hər bir ağac növünü öz cərgəsində əkər,anamla məsləhətləşərdi. Calaq etmək üçün Əlif kişini çağırardı. "Ağac əkənin ömrü uzun olar" -deyərdi. Məktəbdə də özünə həm müəllimlər, həm şagirdlər arasında dərin hörmət qazanmışdı. Hər kəs tərəfindən sevilərdi. Kəndin çox kasıb, sakit, fağır bir ailəsi vardı. Böyük övladları qızlar, kiçikləri oğlanlar idi. Heç kəslə işləri olmayan kəslər idi. Nədənsə məktəbdə bu uşaqlara bir az dırnaqarası baxırdılar. Ya döyər, ya təhqir edərdilər. Bir dəfə məktəbin meydançadında yaşca çox böyük oğlanlardan biri yaxınlaşıb böyük qardaşı təpikləməyə başladı. Nə idi günahı? Heç nə. Kasıblıqdan,sakitlikdən, fağırlıqdan başqa... Bu hadisə bizim gözümüz önündə oldu. Təbii ki,mənim qəhrəmanım da şahid oldu. Məktəbdən evə gözü yaşlı qayıtdı. Anam səbəbini soruşanda hadisəni danışdı. Gözü yaşlı oğlunu güclə sakitləşdirib bağrına basıb tünd qara sıx, daraq girməyən saçını sığalladı. Bu hadisə ömür boyu onu təsirləndirərək qaldı, hər xatırladıqca gözləri doldu,ürəyini ağrıtdı. Artıq yuxarı sinifdə oxuyur, günü-gündən boy atır, yaraşıqlı bir oğlan olurdu. Kənd məktəbi 8 illik olduğu üçün qonşu kənddə təhsilini davam etdirirdi. Orada da müəllimlərin, şagirdlərin nüfuzunu qazanmışdı. Dəftərlərini qızlar yazardılar. Artıq mən də üzlərini görüb tanımadığım qızların xətlərini tanımağa başlamışdım. O vaxt dəb idi hamı "Xatirə dəftəri"tuturdu. Suallarla başlayan dəftərlər az qala hər gün yazılmağa gəlirdi. Mən də cavablandırmada və bəzən də yazmaqda yaxından kömək edirdim. Dəftərlər təbii ki, qızlara aid idi. Sahibələri qızlar idi. Bir gün ağlına yeni bir ideya gəldi və dedi: -Hamı xatirə dəftəri tutur, mən "Xatirə albomu" tutacam. Əvvəlcə direktorumuza sonra müəllimlərimizə yer verəcəm, sonda sinif yoldaşlarıma. Hamısından şəkillərini yapışdırmağı xahiş edəcəm. Bu yalnız məndə olacaq heç kimdə yox! Qalın şəkil albomu alıb istəyini həyata keçirdi. Yazdırdı. Dediyi kimi elədi. O kənddən bir qız da sevdi, dəlicəsinə aşiq oldu. Əvvəllər mənə heç nə demir xalamla bölüşürdü hər sirrini. Bir dəfə ağladığını da xalam dedi. Niyəsini bilmirəm. Amma sonralar təxmin etdim. Yavaş-yavaş mənə də bəzi məqamları danışardı. Bəlkə o vaxtlar mənim xəbərdar olduğumu bilmir ya özünü bilməzliyə vururdu. Çox zarafatcıl, zarafatı sevən idi. Danışar əlini əlinə vurub qəhqəh çəkərdi. Artıq son illəri idi. Məktəbi bitirəcəkdi. Bizim sinif o kəndə gedəcəkdi. Hər dəfə mənim gələcək sinfimdə kimlər oxuyur,adları nədir soruşardım. Bir gün mənə dedi: -"Bax başqa kəndə gedəcəksən. Başqa uşaqlar,başqa müəllimlər olacaq. Məktəbdə nə olarsa sən fikir vermə. Ağır otur batman gəl!: -sonra əlavə etdi: -amma elə elə partalar qırılmasın!" -güldü. Bu sözlər mənə qardaş nəsihəti, öyüdü idi. Bu günə qədər qulaqlarımda cingildəyir. Uşaq yaşlarından rus dilinə böyük marağı vardı. Bu səbəbdən də M. F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutuna sənədlərini vermək arzusunda idi. Ucqar dağ kəndində yaşayan məktəbli səviyyəsindən yuxarı bilirdi dili. 90-cı illərin əvvəlləri idi. Artıq erməni-müsəlman davası başlamışdı. Bakıda komendant saatı rejiminə keçilmişdi. Rayondan bütün kəndlərə xəbərdarlıqlar edilir, əhalini ayıq-sayıq olmağa çağırırdılar. Kəndimizin girəcəyində "post" qurulmuşdu. Hər gecə bir neçə nəfər qaravulda dayanırdılar. Özləri ilə ov tüfənglərini götürürdülər. Biz məktəbdə idik. Bu post məktəblə üzbəüzdə idi. Kəndə "avtolavka" deyilən maşın gəlmişdi. Sənədlər yoxlananda bu maşının ermənilərə məxsus olduğu məlum oldu. Necə, hansı yolla, niyə gəldiyini deyə bilmərəm. O da məlum oldu ki, ancaq rus dilini başa düşürlər. Kimisə axtarmaq lazım gəlməmişdi. Növbə Söhrabın idi. Onlarla danışıb səndləri yoxlayıb geri rayona qaytarıldılar. Bizsə maraqla məktəbin həyətindən lap yaxınlıqda baş verənlərə baxırdıq. Sonradan hadisə yerinə gələnlər müəllimlərimiz ünvanına təriflər yağdırdilar. Xüsusən rus dili müəllimlərimiz Əhəd müəllim və Bahadur müəllim. Sənədlərini ali məktəbə verib qəbul olmayıb çox məyus oldu. Bu zaman ortancıl dayım onun dili təkmilləşdirib təhsil almaq üçün artıq neçə illərdir Rusyada yaşayan digər dayımın yanına getməyini təklf etdi. Çətinliklə razılıq verən valideyinlərin başqa yolu yox idi. O, qərarında qəti idi. Beləliklə yeni, sərbəst həyata atıldı. Çətinliklər, əzablar, uğursuzluqları adlayaraq. Xatirələrini bölüşərkən ucqar dağ kəndindən böyük bir əyalətin nəhəng şəhərinin ağuşuna necə atılmasını lakin özünü heç də itirməyərək Rusiyanı fəth etməyini boğazında qəhərlə bizimlə bölüşərdi. Böyük neftayırma və sənaye şəhəri olan Yaroslavla gəlib ilk dəfə işə getməyini, sənədlərini necə düzəltməyini xatırlayardı. Gəlişi payıza təsadüf etdiyindən Yaroslavl da onu qarla qarşılamışdı. Dayımın himayəsində olmağına baxmayaraq özü hər şeyə can atıb hər şeyə nail oldu. Bir cəhəti həmişə vurğulayırdı. Dayım demişdi ki, mən sənə göstərib başa salacam amma hər şeyi özün edəcəksən. Danışırdı ki, getdiyim yolu unutmamaq, azmamaq üçün yola nişanələr qoyurdum. Geri dönəndə bələdçim nişanələr olurdu. Və hər zaman minnətdarlıq edirdi ki, belə olmasa mən heç kim olardım. Cəmi 17-18 yaşlı gəncin doğmalarından, isti yuvasından yad, sərt təbiətli yerə getməsi, uyğunlaşması necə çətin, əzablı olmasını təsəvvür etmək çətin deyil. Zavodda işə düzəlib bir qədərdən sonra kiçik sahibkarlığa başladı. Bu yolda heç də hər şey hamar,asan olmadı. Amma özünü təsdiq etdi. Ali məktəbə daxil oldu,təhsilini alıb niyyətinə çatdı. Uşaqlıqdan qəlbinə hakim kəsilmiş ədalətin bərqərar olması üçün hüquqşünas oldu. Bir dəfə Yaroslavlda qonaq idim. Küçələrdən birini keçəndə "Bax, burada qışda bir azərbaycanlımızın meyiti tapıldı. Uzun mddət axtarılmış itkinlər siyahısında idi artıq. Belə hadisələr tez-tez olur. Millətin dərdi məni öldürür. Səsini eşidən yoxdu. Cinayətkarlar da axtarılmır. Qanları batır. Nəsə bir şey eləmək lazımdı"-dedi. Elə həmin ildən Cəmiyyətin təşkilinə başladı. Bu yolda da çətinliklər, rəqabət, mübarizə.... sonda qalib... Bir dəfə danışırdıq ordan burdan... yenə kövrək xatirələr bizi ağuşuna almışdı. Nə yaxşı ki,müasir texnologiya öz inkişafının pik nöqtəsinə gəlib çatıb. Skaypla danışırdıq təbii...Dedi: -Bilirsən, mən bu barədə heç kimə deməmişəm. Məktəbə gedirdim. Yolla deyil dərədən enib gedirdim. Birdən gözlərimə qaranlıq çökdü. Günün günorta çağı heç nə görünmürdü. Az qala huşumu itirəcək və yıxılacaq hala gəlmişdim. Çökmüş qaranlıqda mən bu günümə qədər olan həyatımı gördüm. Amma özümü 40 yaşdan o yana görmədim. O vaxtdan mən həyatımı elə planlaşdırdım ki, hər şeyi çatdırım. İllərdir mən belə yaşamışam. Elə bilmə,indi xəstəlik filan var onun üçün deyirəm. Mən hər şeyi əvvəldən bilirdim." Qəhər məni boğmuşdu. Nitqim batmışdı. Özümü əla alıb təsəlli vermək istədim, alınmadı. Davam etdi: -Hə daha demədim dolub ağlayasan..." Bütün gecəmi göz yaşlrmda boğuldum. Necə tale,necə yazıymış bu? Bütün həyatın boyu öz taleyini bilib yaşayasan! Özü də necə? Axı hər insana nəsib olmur belə bir şey. Onda bildim sən sıravi,adi insanlardan deyilsən. Bu söhbətimizdən çox keçmədi. Ağır xəbərin gəldi bir axşam. Kaş gəlməyəydi o qara xəbərli, qara bürüncəkli qara axşam. Sənsizliyinin tam iki ili olur. Hələ də Sənlə, Sənin xatirələrinlə yaşayıram. Bu xatirələr birdimi, ikidimi... mənim üçün tükənməzdi həyatım tükənənə qədər. Bir evdə, ailədə doğulduq,böyüdük. Tale, zaman, məkan bizi ayırdı, aramıza girdi amma haqq evində ayırmaq qüvvəsində olmayacaq. Ruhlarımız görüşər yenə... bölüşər, sevinər, gülər, ağlayar, sarılarıq yenə uşaqlıqda olduğu kimi. Mən Sənin kimi qardaşım olduğu üçün Tanrıma minnətdaram. Həyatımda nəinki canı, qanı bir qardaş yaxın dost, sirdaş, məsləhət yerim, arxam, dayağım, görünməyən qanadım olmusan! Yoxluğuna inanmayıb hələ də varsan kimi bir dünyamda yaşayırsan. Hər zaman ətrafımda, yaxınımdaymış kimi yaşayırsan. Bu ölüm nə qəribə, sirli bir məfhumdur! Anlamıram və bir Tanrı qulu olaraq da gücüm xaricindədir. Əbədi yuxun şirin olsun, qardaşım!

Şəkilin açıqlaması yoxdur.Şəkilin açıqlaması yoxdur.Şəkilin açıqlaması yoxdur.Şəkilin açıqlaması yoxdur.Şəkilin açıqlaması yoxdur.




1209 dəfə oxunub.

Digər xəbərlər