Saytımızı qiymətləndirin


 
 

“Putin bu tarixdə qələbəni elan etməyi planlaşdırır” - Harri Kasparov
Tarix: 26-07-2022 | Saat: 11:34
Bölmə:Karusel / Müsahibə | çapa göndər

“Putin bu tarixdə qələbəni elan etməyi planlaşdırır” - Harri Kasparov

Hazırda Xorvatiyada yaşayan və Putinin yürütdüyü siyasətə qarşı ən sərt fikirlər səsləndirənlərdən biri olan şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov Ukrayna-Rusiya müharibəsi və bu müharibədə Avropa dövlət başçılarının tutduqları mövqe ilə bağlı Ukraynanın “Obozrevatel.com” saytına müsahibə verib.

Qarabaginfo.az həmin müsahibəni qısa ixtisarla təqdim edir:

- Avropa Komissiyası Litvanı Kalininqrad vilayətindən Rusiya Federasiyasına gedən tranzit yüklərin bir hissəsinə qoyulmuş qadağaya yenidən baxmağa məcbur etdi. Bundan öncə Litva bəyan etmişdi ki, sanksiyaya məruz qalmış malları buraxmayacaq, amma Rusiya Avropa Komissiyasına təzyiq göstərdi. Sizcə, niyə belə bir şey baş verdi?

- Söhbət yalnız dəmiryolu nəqliyyatından gedir, avtomobil yolu əvvəlkitək qadağa altındadır. Litva hakimiyyətinin sərt mövqeyi məni həmişə fərəhləndirib. Litva nəinki Rusiya aqressiyasına, həm də Çin eksponsionizminə qarşı duran yeganə ölkədir. Litva Avropada Tayvan nümayəndəliyini açan tək dövlətdir. Litvalılar bütün dünyada azadlığın tərəfdarıdırlar, sözdə yox, əməldə.

Tranzitin qapadılması əslində, kifayət qədər ağıllı qərardır. Mən bunu Polşa tərəfindən də qapayradım, qoy, müharibənin yalnız televizorda getdiyini hesab edənlər, onu öz üzərlərində hiss etsinlər. Amma təəssüf ki, biz qətiyyətsizliklə qarşılaşırıq.

Bəli, bütün bunlara baxmayaraq, Avropa düzgün istiqamətdə irəliləyir. Litva kimi ölkələr arabanın önündə gedirlər, amma ətalət gücü onları ləngidir, buna baxmayaraq hərəkət vektoru həqiqətən də birmənalıdır. Sadəcə, yada salmaq gərəkdir ki, səkkiz il ərzində Krımın ilhaqından tutmuş 24 fevrala kimi, yəni, Rusiya Ukrayna dövlətini tamamilə məhv etməyə qərar verdiyi vaxtlarda Avropa buna qarşı praktiki olaraq heç nə etməyib. Elə Amerika da həmçinin. Sanksiyalar fonunda normal münasibətlər davam edib, ”Şimal Axını-2” tikilib, Fransa və Almaniya Rusiyaya ikiqat təyinatlı məhsullar satıb. Yəni, Rusiya ordusunun qurulmasına fakitiki yardım ediblər.

- Məhz elə buna görə də Putin Avropa Biriliyinin irəlidə də özünü belə aparacağını güman edərək, Ukraynaya hücuma keçdi...

-24 fevraldan bu yana Avropa altı sanksiya zərfi təsdiq edib və yeddincinin üzərində də işləyirlər (21 iyulda AB Şurası yeddinci sanksiya zərfini razışlaşdırıb-red.) Bunu deyəndə, məni acıq və hirs bürüyür. Əslində, 2014-cü ildən 2022-ci ilə kimi bu cür sanksiya zərflərindən biri və ya ikisi qəbul olunsaydı, o zaman bu, Putini və onun ətafını ayıldardı. Yəni, hələ o zaman anlatmaq olardı ki, Ukraynaya genişmiqyaslı müdaxilə baha başa gələcək.

Bu illər ərzində Putinin Qərbdəki lobbiçiləri, casusları deyirdilər ki, Avropa Rusiya ilə bağları qopara bilməz, bəlli olur ki, bütün bunalr yalan imiş.

Angela Merkelin 16 illik siyasəti Avropanın Putinin qaz qarmağından asılı hala salınmasında mühüm rol oynayıb. Bu 16 il ərzində bizi başqa bir variantın olmadığı nağılı ilə yediriblər. Ancaq indi aydın olur ki, dərhal olmasa da, iki ildən sonra prinsipcə avropalılar Rusiya qazından tamamilə yaxa qurtara bilərlər. Deməli, bizi aldadıblar. Mən 2006-cı ildə “qaz ilə zəhərlənmə” barədə məqalə yazmışdım. Merkel hakimiyyətə gələndə mən proqnozlaşdırmışdım ki, ucuz Rusiya qazı Putinin imperiya instinktini qaldıracaq vəziyyət yarada bilər. Bunun üçün Nostradamus olmaq gərək deyil. Putinin özünün nə danışdığına da qulaq asmaq lazımdır.

- Siz hadisələri məhz bu cür proqnozlaşdırmışdınız?

-Bəli, o, istənilən diktator kimi özünün müqəddəs arzularını tez-tez dilə gətirib. Hitler 1924-cü ildə “Mayn Kamptf” əsərində öz fəaliyyət proqramını açıqlayıb. Amma həmin vaxt o, praktiki olaraq heç kim, kiçik millətçi partiyanın lideriydi.

Putin SSRİ-nin dağılmasını 20-ci əsrin böyük geosiyasi fəlakəti adlandıranda, artıq beş il idi ki, prezident idi. O, 2006-cı ildə “NATO 1997-ci ilin sərhədlərinə qayıtmalıdır” deyəndə, hakimiyyətə tam yiyələnmişdi. Aydın idi ki, o, bu hakimiyyəti heç kimə verməz. Medvedevi dörd illik prezidentlik kürsüsünə əyləşdirməklə o, özünü Rusiya imperiyasının siyasi rəhbəri kimi görürdü. Əlbəttə, Putinin təcavüzünü rüşeym halında boğub, dayandırmaq olardı, lakin həmin illər itirilib.

Qərbdəki idarəetmə tarixi məsuliyyətli qərarlar qəbul etməyə hazır olan siyasətçilərin yox, menecerlərin əlindədir. Mənə elə gəlir ki, indiki vəziyyət bu tarixin məntiqi davamıdır. Lakin 24 fevralda elə bir faktor ortaya çıxdı ki, o, Qərbin impotent hakimiyyətini hərəkətə gəlməyə məcbur etdi. Bu faktor ictimai fikirdir.

Rusiya ordusunun Ukrayna torpağında törətdiyi hərbi cinayətlərin praktik “online” rejimində nümayiş etdirilməsi, dəhşətli reportajlar ictimai fikri hərəkətə gətirdi və Qərb siyasətçiləri həmin istiqamətdə getməyə məcbur qaldılar. Ona görə də indi Qərbdə bir tərəfdən anlayırlar ki, Ukraynaya kömək etmək lazımdır. Ukrayna dünyadakı totalitarzmə qarşı mübarizənin ön cəbhəsində dayanır. Digər tərəfdən isə Ukraynanın qələbəsindən qorxurlar, çünki Putinin məğlubiyyəti yeni geosiyasi reallıq yaradır və bu adamlar orada özləri üçün yer görmürlər.

Məsələn, Şolts tipik nümunədir - avropalı bürokrat. Düşünürəm ki, o, Almaniya kansleri olmağı heç zaman arzulamayıb, Şröderin çantasını daşıyıb, Hamburqun meri, hökumətdə nazir olub. Bilmirəm, onu Rusiya ilə bağlı korrupsiya sxeminə cəlb ediblərmi? Çox güman ki, yox, çünki “böyüklər” hətta ona əhəmiyyət belə verməyiblər.

Lakin nəzərə alaq ki, Merkel Xristian Demokratların bütün siyasətini məhv etdiyindən, az-çox əhəmiyyətli şəxslər partiyadan çıxıb getmişdilər. Merkelin istefasından sonra seçkiyə tamamilə yaramaz Armin Laşet qatıldı. Yəni, hətta boz-bulanıq Şoltsun fonunda belə o, məğlubiyyətə uğradı. Təsəvvür edin, Şolts Almaniyanın kansleri olur. O, səhər tezdən durub özünü çimdikləməlidir: doğrudanmı o, Almaniyanın rəhbəri olub? Və o, Adenauerin, Villi Brandtın, Helmut Kolun kürsüsündə oturub. Düşünürəm ki, o, hər gün səhər yuxudan ayılır və deyir: “bu, nə dəhşətdir?”.

Mənim fikrimcə, bu hisslər əksər avropalı siyasətçiləri bürüyüb. Onlar bu gün yetişdikləri şəraitlə heç cür uyğunluq təşkil etməyən məsələ barəsində - Rusiya ilə müharibədən danışmalıdırlar. Onlar başqa şeyə hazırlaşırdılar. Tarixə ekskursiya etməklə bu cür təffərüatlı cavab verdiyim üçün üzr istəyirəm. Sadəcə olaraq anlamaq lazımdır ki, onların ölçülərinə görə, indi hadisələrin hərəkəti kosmik sürət alıb. Axı, bu ilbizlər sürətlə qaça bilməzlər. Başa düşürəm ki, bu, Ukraynanın vəziyyətini yüngülləşdirmir, ona hələ dünəndən kömək etmək lazımıydı.

Amma biz görürük ki, Putinin 20 il ərzində bəslədiyi Qərb lobbisi barəsindəki hesablamaları Qərbin ictimai fikrini dayandırmağa müvəffəq olmadı. Hərçənd ki, həmin struktur işləməkdə davam edir. Rusiya təbliğatı müxtəlif kanallardan istifadə etməklə Avropanın ictimai fikrini söndürmək üçün yeni yollar axtarır.

- Şolts istefadan sonra “Qazproma” işə düzəlmiş Şröder olmağı arzulayırmı? Merkeldəmi həmin “Qazpromun” və ya Putinin balansında olub?

- Əgər Merkel haqqında danışsaq, düşünmürəm ki, orada maliyyə maraqları olsun. Mən çox istərdim ki, onun “ştazi” faylını görüm. Hər halda Şərqi Almaniyadandır, atası ruhanidir. Komsomlolçu qızın Qərbi Almaniya səfəri... Əlbəttə, bunlar mənim yozumlarımdır, lakin fikirləşirəm ki, indi buna haqqımız çatır, çünki onun 16 il yürütdüyü siyasəti yalnız Putinin agenti yürüdərdi...

O, Gürcüstanın və Ukraynanın NATO-ya qəbul edlməsinə maneçilik törətdi. Merkel iddia edirdi ki, Rusiya ilə “Şimal axını-2” qaz müqaviləsi yalnız biznesdir və orada heç bir siyasət yoxdur. Amma artıq hər şey göstərirdi ki, Putin bunu Avropaya qarşı şantaj vasitəsi kimi istifadə edəcək.

Merkeldən başqa, Putin diktaturasının təşəkkülündə ABŞ-ın keçmiş prezidenti Barak Obama da mühüm rol oyanayıb. ABŞ-la məsələ bəllidir, nə puldan, nə kompromatdan söhbət gedə bilməz. Orada ideologiya var. Həqiqətən də bu, Amerikanın dünya problemlərindən kənara çəkilməsi ideologiyasıdır. Yəni, fikirləşilir ki, indiyədək baş verənlərə görə hamıdan üzr istəsək, hər şey yaxşı olacaq...

Əlavə olaraq, daha bir siyasətçilər təbəqəsi də var. Deyək ki, prezident Makron kimi. Belə adamlar yalnız bu günün geosiyasi kateqoriyası ilə düşünürlər. Onlar üçün Ukraynanın qələbəsi və Putin armadasının məğlubiyyəti, Rusiya dövlətçiliyinin dağılması və ya potensial çöküşü mümüknsüz bir şeydir. Müəyyən dərəcədə bu, 1991-ci ilə bənzəyir. O zaman ata Buş administrasiyası SSRİ-nin parçalanmasından çox qorxurdu. Bəs, görəsən Ukrayna qalib gəlsə, Makron nə edəcək? Fransızların mövqeyi belədir: biz amerikalılar, NATO və rusiyalıların arasındayıq. O, hara gedəcək, telefonla Moskvaya kimə zəng edəcək? Onlar özlərini yeni dünyada görmürlər. O dünyada ki, Ukraynanın qələbəsi yeni geosiyasi vəziyyət yaradacaq, ən başlıcası isə totalitarizm ilə azadlıq və demokratiya gücləri arasındakı balans kəskin dəyişəcək. Belə şəraitdə vasitəçilərə ehtiyac qalmayacaq. 

- Görünür, onlar ümumiyyətlə dünyanın yeni mənzərəsinə inanmırlar və Putinlə indi əsl münaqişəyə girişməyə hazır deyillər. Avropa Komissiyası ilə bağlı məsələ məhz bunu göstərir. Avropanın məntiqinə görə, köhnə Avropa Putini yerində oturtmalıdır. Bu, bir neçə dəfə Türkiyəyə müəssər olub və onlar rusiyalıların təyyarə şantajına boyun əymədilər. Nə üçün kiçik Litva, kiçik Polşa qarşıdurmaya gedir və xarakter göstərirlər, ancaq köhnə Avropa qorxur? Niyə?

-Gəlin dəqiqləşdirək: Litva kiçkidir, amma Polşa yox. Avropa Birliyində Polşa ikinci eşalonun böyük ölkəsidir, əhalisinin sayına görə İspaniyaya yaxındır. Polyakların və Litva əhalisinin genetik yaddaşı var, onlar bilirlər ki, qarşılarındakı kimdir. Birincisi, coğrafi baxımdan onlar yaxındırlar. İkincisi, nələrin olacağını öncədən bilirlər. Həmçinin, finlərin də yaddaşı var, indi onlar NATO-ya daxil olurlar.

Nəinki hakimiyyətdəki yuxarıların anlayışını, bütün xalqın düşüncələrini başa düşmək vacibdir. Polyaklar üçün Ukraynadakı müharibə, onların öz müharibəsidir. Əslində, burada polyaklar, estonlar, latışlar,litvalılar üçün müəyyən xətt var. Məsələn, finlər üçün bu, artıq onların öz müharibəsiir.

Mənə elə gəlir ki, əsas problem ortaya çıxır. Hazırda hətta Ukraynaya göstərilən bütün dəstəyi nəzərə alsaq da, müharibə istənilən kimi dərk olunmur və Putinin təbliğatı bütün səyi ilə “bu, bizim müharibəmizdir” anlayışını əngəlləməyə çalışır. Ukraynadakı müharibə totalitarizmlə müharibənin ön cəbhəsidir.

İndi Putinin bütün Avropa üzrə təsir agentlərinin “silahlandıqları” daha bir təhlükəli istiqamət var. Onlar deyirlər: ”Bəli, biz Ukraynanın yanındayıq, bəli, Putin cinayət törədib, bəli, bu, dəhşətdir, amma...”

Nə vaxt ki, biz “amma” sözünü eşidirik, bu, dərhal təhlükə siqnalından xəbər verir. Bu, indi Putinin istər hərbi, istərsə də mülki təsir agentlərinin daim dilə gətirdikləri yeni istiqamətdir. Onlar deyirlər ki, bəli, çox təəssüf ki, Ukrayna qələbə çala bilməz, əgər müharibə uzanarsa, Avropada iqtisadi böhran başlayar, bu isə öz növbəsində sağ və sol ekstremistlərin güclənməsinə gətirib çıxarar və demokratiya böyük təhlükə altına düşər və ictimai düşüncə dəyişər, çünki insanlar yanacağa, benzinə, ərzağa artıq pul ödəməyə hazır deyillər. Bu gün bu, Avropada yeni ideoloji qarşıdurmanın xəttidir, müəyyən dərəcədə Amerikada da belədir.

Ona görə də mən bütün müsahibələrimdə deyirəm ki, Ukraynanın qələbəsi qaçılmazdır.Bu, sadəcə hamının ödəyəcəyi dəyər məsələsidir. Lakin bir bak benzinin qiyməti ilə Ukraynada hər gün tökülən qanın qiymətini müqayisə etmək tamamilə mənəviyyatsızlıqdır.

- Sizin dediyiniz həmin istiqamətlərin hədəfi nədir? Gəlin,müharibəni dayandıraq və Ukraynanı iki yerə bölək?

-Bax, əsas hiyləgərlik də buradadır. Bir neçə ay öncə Makronun, almanların və italyanların planları vardı - Putinin hər hansı şərtlərinə razılaşmaq. Ukrayna ərazisinin bir hissəsinin Putinə verilməsi ilə bağlı ideya kabinetlərdə kifayət qədər müzakirə edilib. Prinsipcə, bu üçlüyün Kiyevə gəlişi ilə həmin plandan imtina edildi. Məlum oldu ki, o, işləmir.

Ona görə də Putinin təbliğatı daha da irəliyə getdi. Artıq söhbət Ukraynanın ləğvindən gedir. Putinin dəstəsi deyir ki, Ukrayna dövlət deyil, onu tamamilə məhv etmək lazımdır. Rusiya təbliğatının bütün bəlağəti Ukrayna dövlətçiliyinin inkar edilməsi üzərində qurulub. Onlar hadisələri necə işıqlandırırlar: ”Biz əraziləri zəbt etməmişik, biz əraziləri azad etmişik”. Bu, dəhşətli səslənir.

Mən belə görürəm ki,Putinin planı onun şərqdə və cənubda əhəmiyyətli uğur qazanmasına əsaslanıb. Yəni, əgər Dnepr xətti boyunca alınmasa da, ən azından Luqanskdan Odessaya kimi cəbhə xətti yaratmaq niyyətindədirlər. Ruslar Odessanı da işğal etməyi arzulayırdılar, ancaq indi bu, artıq onlar üçün aktual deyil.

Mən tamamilə əminəm ki, 7 oktyabra kimi, Putinin 70 illik yubileyinə işğal olunmuş ərazilər hüdudunda qələbə elan edilməsi planlaşdırılır. Diktatorlar yubileyləri çox sevirlər. Deməli, Putin hesab edir ki, sadəcə olaraq əldə edilmiş ərazilərdə möhkəmlənmək, səngər qazıb güc mövqeyindən danışıqlar aparmaq lazımdır.

Ukrayna tərəfindən Amerikan silahlarının köməyi ilə müəyyən uğurlar qazanılıb, hücum dayandırılıb, yanacaq və silah anbarları məhv edilib. Mənə elə gəlir ki, bu partlayışlar hətta Rusiya təbliğatında panikaya səbəb olub.

Nə vaxt ki, Putinin planı çökəcək və Ukrayna tədricən əraziləri geri qaytarcaq, o zaman bu, Putinin mövqeyinə ciddi təsir göstərəcək. Ona görə də Ukrayna uğur nümayiş etdirməlidir. Xersonun azad edilməsi belə bir uğur ola bilər və bu, Putinin agenturasının Qərbə sırımağa çalışdığı istəklərin tabutuna vurulmuş mıxça olar.(AzPolitika.info)




158 dəfə oxunub.

Digər xəbərlər