Saytımızı qiymətləndirin


 
 

Ürəyi olmayanın özü də olmur axı – Kərim Kərimlinin yeni şeiri…
Tarix: 04-06-2022 | Saat: 12:31
Bölmə:Karusel / Yazar | çapa göndər

Kərim Kərimli

Səni sevən ürəyim…

 

Səni sevən ürəyim çiliklənib yüz yerə,

Dünya solur gözümdə gözlərim görə-görə…

Səhər axşama qalır… qismət… axşam səhərə,

Kilidlənib dilim də, açarın axtarıram,

Qışa dönmüş ömrümün baharın axtarıram…

 

Mən kiməm, mən nəçiyəm, hardan gəlib, gedirəm?

Bıçaq kürəkdən dəyir, üzdə gülüb gedirəm…

Gözlərimdə – axar su – sıxıb, silib gedirəm,

İndi susar ürəyim, indi durar… dayanar,

Ürəyimə damıbdır – ya dayanar, ya yanar…

 

“Can!” dediyim canımın qəsdinə candan durub,

Çəkib bir dəst xəncəri dəstinə candan, durub…

Şəst ilə şəst ox vurub şəstimə, candan, durub…

Mizrağın ucundakı – dərdimə dərman zəhər

Canımı dərddən alar, dərdimi candan, zəhər!..

 

Eşqin adı “Od” imiş, odu ad imiş demə,

Eşqinə can verdiyim eşqə yad imiş demə…

Bu dünya başdan başa bir təzad imiş demə:

Kələyi kələf imiş, kələfi kələk imiş,

Mələyi iblisiymiş, iblisi – mələk imiş…

 

Səni sevən ürəyim – qaysaqsız yara kimi,

Ayrılıq da yaramır dərdimə çara kimi…

Qara ağtək görünür, ağ gəlir qara kimi…

Göy üzünü cırmağa uzun əl axtarıram,

O göydə basdırmağa qönçə gül axtarıram…

 

Göy üzü gələr enər, Yer üzünə döşənər,

Qarşıma çıxan mələk qırımımdan üşənər…

Qılıncı ovxarlılar bizi çəkər dişinə!

Unudaram səni də, unudaram əzizim,

Sənsiz qalan könlümü ovudaram, əzizim…

 

Kiritsəm də ovunmaz, ovutsam da kiriməz,

Ovunsa da dalınca, keçdi daha, sürünməz…

Səni sevən ürəyim bundan sonra dirilməz…

Sönmüş ürəkdə daha çiçəklər solmur axı…

Ürəyi olmayanın özü də olmur axı!

Ürəyi olmayanın özü də olmur axı!..

 

Kərim Kərimli



Xəbəri paylaş

1256 dəfə oxunub.

Digər xəbərlər
18-12-2023, 13:54 15 dərəcə şaxta olacaq