Saytımızı qiymətləndirin


 
 

Bakı Xoreoqrafiya Akademiyasının rektor əvəzi: “İddialarla bağlı araşdırma başlanıb” - MÜSAHİBƏ
Tarix: 03-06-2022 | Saat: 12:19
Bölmə:Karusel / Müsahibə | çapa göndər

Bakı Xoreoqrafiya Akademiyasının rektor əvəzi: “İddialarla bağlı araşdırma başlanıb” - MÜSAHİBƏ

Bakı Xoreoqrafiya Akademiyasının rektor vəzifəsini icra edən, Əməkdar artist Nailə Məmmədzadənin APA-ya müsahibəsi

– Rektor əvəzi kimi fəaliyyətə nə vaxtdan başlamısınız və bu müddət ərzində nə kimi yeniliklər olub?

– Ötən ilin sentyabrından başlamışam, yəni təxminən bir ilə yaxındır. Amma ümumilikdə bədii rəhbər kimi isə martın 1-dən.

Mən gələn vaxt pandemiya dövrü ilə üst-üstə düşdü. Bu da, öz növbəsində, bir sıra problemlərə yol açdı: tələbələr yox idi, müəllimlər növbəli şəkildə işə gəlirdi və s. Amma bir qədər sonra ölkədə tədris bərpa olunmağa başladı və biz gördük ki, bu müddət ərzində çox şey dəyişib. Birinci növbədə, biz rəqqaslara xas formada deyildik. Pandemiya istər-istəməz həm müəllimlərin, həm də ki, tələbələrin çəkisinə təsir eləmişdi. Yəni, bu da normal hal idi, 2 il az vaxt deyil. Bu baxımdan, biz birinci növbədə məqsəd kimi qarşımıza arıqlamağı, rəqqaslara uyğun bədən formasını qaytarmağı qoyduq. Bundan sonra isə yavaş-yavaş daxili konsertlər, tədbirlər keçirdik. O vaxt kütləvi toplaşmaq olmazdı, biz məcbur olaraq, sinif-sinif bu konsertləri keçirdik. Bu da həmin dövr üçün ən yaxşı çıxış yolu idi.

– Nailə xanım, bəs tədrislə bağlı nələri dəyişdiniz? Nəzərə alsaq ki, akademiyadakı tədrisin keyfiyyəti haqqında xeyli narazılıq var.

– Bəli, mən gələndə buradakı tədris prosesinə nəzər saldım və gördüm ki, xeyli çatışmazlıqlar var. Belə qərara gəldik ki, tədris proqramına təzədən baxılmalı, müəyyən dəyişiklər edilməlidir. Aydın məsələdir ki, bu proses fərdi proses deyil, kollektiv prosesdir. Məsələn, uşaqlar duet rəqsini cəmisi bir semestr ərzində 3-cü kursda keçirdilər. Amma biz onu 6 semestrə böldük. Əgər duet rəqsini ciddi şəkildə mənimsəməsən, balet artisti ola bilməzsən. Bütün bunlar hamısı həminki tədris proqramı ilə bağlı idi. Biz yavaş-yavaş tədris proqramında dəyişikliklər etməyə başladıq. Məsələn, hazırda bizdə birinci kursdan duet rəqsi keçirilir. Əvvəllər klassik rəqs həftədə 5 dəfə tədris olunurdu, hansı ki, bu baletə ziddir, balet 6 gün işləməlidir, yəni həftədə 6 dəfə. Biz onu da artıq bərpa etmişik. Yəni, bu kimi tədris dəyişiklikləri etmişik.

– Yaxşı bəs bu cür pərakəndəlik niyə var idi?

– Vallah, mən o haqda nəsə deyə bilmərəm. Mən hazırkı dövr haqqında danışa bilərəm, ümumi axsaqlıqları necə aradan qaldırmışıq onları deyə bilərəm.

– Nailə xanım, valideynlərin də narazılıqları ilə rastlaşırıq. Ümumiyyətlə tələbələrin incidilməsi, kobud rəftar edilməsi və s.

– Baxın, bu gün bizdə 12 yaşında uşaqlar var ki, 56 kiloqramdır. Bu, sizcə, normaldır? Biz tədrisi o vaxt bitirəndə Leyla xanım Vəkilova bizə deyirdi ki, sən köksən. Hansı ki, onda mən 46 kiloqram idim. Bax bu cür iradları tələbələrə deyəndə dediyiniz narazılıqlar yaranır. Amma bu faktdır, baletin qanunudur ki, 50 kiloqramdan artıq çəkin varsa, duet rəqsinə buraxıla bilməzsən. Bizim tələbədən tələbimiz də bunlar olub ki, çəkilərini tənzimləsinlər. İndi onu kim nə cür ifadə edib, mən onlara nəsə deyə bilmərəm. Hətta deyilirdi ki, mən kimlərəsə hücum etmişəm. Ümumiyyətlə, mənim təbiətimdə belə bir şey yoxdur. Bu necə ola bilər?

– Niyə bəs bu cür tənqidlərə cavab vermirsiniz? Madam ki sizin dedikləriniz baletin tələbindən doğur, onda bunu ifadə etməli deyilsiniz?

– Vallah, mən tam səmimi deyirəm, buraya gələrkən çətin olacağını nəzərə almışdım, lakin xoreoqrafiya sənətinin tədrisinin bu dərəcədə aşağı səviyyədə olduğunu bilmirdim. Amma biz bir şeyi dəqiq bilirik ki, bizim işimiz səhnədir. Mən cavab verməyə ehtiyac görmürəm. Gəlin, bizim konsertlərə, özünüz baxın və qiymət verin. Mənim bu tip irad və tənqidlərə cavabım yalnız gördüyümüz işlərdir, konsertlərimizdir. Biz ölkəmizi dəfələrlə xarici ölkələrdə təmsil etmişik, Dubay Expoda böyük bir konsert proqramı ilə çıxış etmişik. Bu rəqslərin hamısını mən qurmuşam və siz fikir versəniz, heç bir yerdə mənim adım yoxdur. Niyə? Çünki mənə ortada olan iş, nəticə daha maraqlıdır.

– Sizcə, niyə sizə qarşı bu cür neqativ fikirlər var?

– Siz jurnalistsiniz, mən sizdən xahiş edirəm ki, araşdırın. Mən sizə konkret deyim ki, bu yazılan, deyilən tənqidləri hər zaman eyni adamlar yazır. İki komanda var və onlar müxtəlif vaxtlarda müxtəlif, amma haqsız iradlarla çıxış edirlər. Mən isə yenə də deyirəm, heç bir cavab verməyə lüzum görmürəm. Məsələn, bu yaxınlarda Zəfər günü ilə əlaqədar konsert verdik, mən şəxsən o konsertlə qürur duyuram. Çünki orada bizim şəhidlərimizin, qazilərimizin ailələri iştirak etdi və konsert yüksək səviyyədə keçdi. Bizim işimiz budur, bizim fikrimiz, düşüncəmiz buna köklənib. Biz tələbədən balet rəqsinə uyğun forma, ölçü, vücud istəyirik, hətta bunu haqqımız çatır ki, tələb edirik. Bu normaldır. Mən bu yaşıma qədər çörək nədir, şirniyyat nədir, bilmirəm. Niyə? Çünki mənim sənətim formada qalmağımı tələb edir. Mən də tələbəmdən eyni şeyi tələb edirəmsə, bu pisdir? Leyla xanım həmişə deyirdi ki, “mən səhnədən uzaqlaşanda borşu çörəklə yeyə biləcəyəm”. Amma sonra soruşdum, dedi, yenə də yemirəm. Mən bu gün tələbələrin əlində bulka görəndə, şoka düşürəm. Bura peşəkar xoreoqrafiya akademiyasıdır, Sovet dövründə adi məktəb idi, indi akademiyadır. Və buranın qayda-qanunları bunu tələb edir.

Hətta görün nə deyirlər: tələbə kökdürsə, keçirin milli rəqsə. Məgər milli rəqsdə çəkili olmaq normaldır? Siz kök rəqqasələrə baxarsınız? Əlbəttə, yox. Milli rəqs bizim simamızdır. Orada da eynilə qaydalara əməl olunmalıdır.

Otağımda hər bir sinif otağına nəzarət üçün kameralar var. Mütəmadi nəzarət edilir. Dərs prosesi pozulanda isə deyirlər ki, siz niyə irad tutursunuz? Mən məgər bu hala susmalıyam? Bu susulacaq şeydir? Sən müəllimsənsə, dərs vaxtı borcunu ödəməli, dərsini keçməlisən. Cavab verirlər ki, biz gözləyirik ki, tələbələr hamısı yığılsın sonra. Sual yaranır ki, sən necə müəllimsən ki, tələbə sənin dərsini önəmsəmir? Mən birmənalı olaraq tapşırıq vermişəm ki, tələbələrdən digər dünyagörüşü formalaşdıracaq fənlər də tədris olunsun, imtahan götürülsün.

Bunu elə qələmə verirlər ki, çaşqınlıq yaranır. Biz nə qədər təhsil tələb ediriksə, o qədər əksini yazırlar, iradlar bildirirlər, nə bilim, ittihamlar irəli sürürlər.

– Tədrisin keyfiyyətindən söz düşmüşkən, burada rüşvət məsələsi də bir xeyli müzakirə olunub.

– Mənim özümə belə 200 manat rüşvət verildiyi haqqında yazıblar. Hər şey bir yana, Allah görür, hər şeyi görür, bu mənə bəsdir. Mən faktlarla danışmağı sevirəm, almışamsa, buyur gəl, faktlarla sübut elə. Boş iradlar məni maraqlandırmır və qorxutmur. Bildiyiniz kimi, bu iddialarla bağlı araşdırma başladılıb. Görün mən necə rahatam. Çünki çəkinəcək nəyimsə yoxdur. Mən sənətimi düşünməklə məşğulam, rəqs mədəniyyətinin gələcəyi üçün çalışıram. Mən bura boş yerə göndərilməmişəm. Əməkdar artistəm, cənab Prezidentin sərəncamı ilə bu adı almışam. Burada rektor əvəzi kimi isə cənab nazir tərəfindən təyin olunmuşam.

– Bəs deyirlər ki, özünüzü rektor əvəzi kimi yox, rektor kimi təqdim edirsiniz.

– Qətiyyən! Mən bu gün vəzifəmin başındayam və dediyim kimi, buraya boşuna göndərilməmişəm. Hazırda Albaniya səfərinə hazırlaşırıq. Bizim üçün bunlar maraqlıdır, çünki işimizin adı budur. Kim istəmirsə, məcbur etmirik, çünki sonra onu da başqa cür yoza bilərlər (gülür).

Şuşadakı Xarıbülbül festivalında – hər ikisində biz iştirak etmişik – xoreoqraf və rejissor köməkçisi mən olmuşam. Yəqin ki, bundan xəbərsizsiniz. Çünki bunu deyən yoxdur, olmayıb. Sonra Kulinariya festivalında da bizim tələbələrimiz çıxışlar edib, möhtəşəm konsert proqramı təqdim etmişik. Londonda kraliçanın qarşısında çıxış etmişik, hansı ki, o rəqslərdən birinin bədii rəhbəri mən olmuşam. Bunları mən ona görə sadalayıram ki, o deyilənlərə verəcək cavabımız budur. Və bizim işimiz də budur, vəssalam.

 Sizin magistr təhsilinizin olmadığını da deyirlər.

– Əsassızdır. Mən hazırda magistr təhsili alıram – Moskva Dövlət Mədəniyyət İnstitutunda. Və payızda müdafiəm olacaq.

– Bəs tələbələri toy biznesinə cəlb etməyiniz necə, bu barədə də söz-söhbət gəzir.

– Məktəbdən sonra kim nə ilə məşğuldursa, qarışmıram. Bu da ona görədir ki, indi yaşamaq üçün çalışmaq lazımdır. Amma mənim kimlərisə bu biznesə cəlb eləməyimlə bağlı deyilənlər də sadəcə yalandır.

– Sizcə, sizin rektor kimi təsdiq olunmağınıza bu kimi neqativ fikirlər təsir edə bilər?

– Biz öz işimizi görürük. Əgər görsələr ki, layiqəm, təsdiq edəcəklər, deyiləmsə, etməyəcəklər.

– Siz özünüz hansı rəqs növü üzrə bitirmisiniz? Bu barədə də, yəqin, gəzən söhbətlərdən xəbəriniz var.

– Var, əlbəttə, xəbərim var. Mən Bakı Xoreoqrafiya Məktəbini klassik bölməsini bitirmişəm. Sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissor-baletmeystr ixtisasını bitirmişəm. 25 il Azərbaycan Dövlət Opera və Balet Teatrında fəaliyyət göstərmişəm. Ötən il Bakı Xoreoqrafiya Akademiyasına dəvət aldım deyə, teatrdan ayrıldım.

– İxtisasartırma ilə bağlı xarici universitetlərlə əlaqə varmı?

– Var, əlbəttə! Daha çox əlaqəmiz Qazaxıstanla var. Bizim müəllimimiz Lyudmila xanım Qasımova orada müsabiqədə münsiflər heyətinin üzvü olub. Qarşıdakı illərdə biz istedadlı tələbələrimizi bir illik oraya göndərmək fikrindəyik. Pandemiyadan qabaq bu var idi, indi onu təzədən bərpa etməyi düşünürük. Həmçinin Rusiya, Türkiyə, İsrail, İtaliya, Belarus, Çin, Litva kimi ölkələrlə də əməkdaşlıq var. Və daha da genişləndirməyə çalışırıq, həm tələbə mübadiləsi baxımından, həm də ustad dərsləri üçün. Bütün bunlar üçün akademiyada çox şey dəyişməlidir. Biz də bunun üçün çalışırıq. Mən buranı elit bir mərkəzə çevirmək istəyirəm. Mən və bizim müəllimlərimiz Azərbaycanda balet sənətini dünya miqyası səviyyəsinə qaldırmağı qarşımıza məqsəd qoymuşuq. Mən bu məktəbi bitirmişəm, buranı sevirəm, istəmirəm ki, bura haqqında nəsə neqativ sözlər deyilsin.

– Tələbələrin oğlan və qız nisbəti nə vəziyyətdədir?

– Bu da bir az problemli tərəfdir. Oğlanlar çox azdır. Biz də müəyyən vasitələrlə, elanlarla çalışırıq ki, onların sayını artıraq. Bu il 2 nəfər klassik, 5 nəfər isə milli rəqsi bitirən oğlan olub. Bu rəqəm çox azdır. Və bizə müraciət edən tələbələrin əksəriyyətinin boyu normalara uyğun deyil.

– Balet rəqqasları təhsilini bitirdikdən sonra hara gedir? Bizdə bu sahədə bircə Opera və Balet Teatrı var, hə?

– Ya Opera və Balet Teatrına, ya da ki, Musiqili Teatra. Yox əgər milli rəqsi bitirsə, Dövlət Rəqs Ansamblı, Mahnı Rəqs Ansamblı, Cəngi Rəqs Ansamblı, DSX və Müdafiə Nazirliyinin Ansamblına gedə bilərlər. Artıq sabahdan oradan nümayəndələr dəvət olunub ki, gəlib tələbələr arasında seçim etsinlər.

– Dünyada tanqo rəqsi çox populyardır. Bizdə hazırda bu yöndə tədris varmı?

– Yoxdur. Tanqo rəqsi bal rəqs növlərinə aiddir və idman rəqsidir. Bizdə tədrisi yoxdur, amma konsertlərdə balet üslubunda tanqo rəqsi nümayiş etdirmişik. Yəni çalışırıq ki, bu növlərə də müəyyən yer verək. Sadəcə proqram çoxdur, çatdırmaq olmur.

– Nailə xanım, oriental rəqs necə? Ümumiyyətlə, bu gün bu cür rəqqaslara toylarda, müxtəlif əyləncə mərkəzlərində tez-tez rast gəlirik. Bunlar harada yetişir?

– Təbii ki, burada tədris olunmur. Oriental rəqslə Şərq rəqsini bəzən qarışdırırlar. Konsertlərdə dünya rəqsləri olarsa, orada Şərq rəqsi də nümayiş edilir və bu, qətiyyən oriental deyil. Dediyiniz o rəqqasələr yəqin ki, müəyyən kurslarda hazırlıq keçib orada yetişirlər.

– Xoreoqrafiyanı daha çox hansı rəqs üzərində qurursunuz? Məsələn, klassik rəqslərmi, Qərb rəqslərimi, yoxsa milli rəqslərmi?

– Hər şeyi qura bilirəm (gülür). Məsələn, UNESCO-da mən Nəsimi baleti qurmuşam. Digərlərini isə artıq təzədən saymaq istəmirəm.

– Tələbələrin marağı daha çox hansı rəqslərədir?

– Milli rəqslərə. Bu da bizim genetikamızla, milli ruhumuzla bağlıdır, yəqin ki.

– Nailə xanım, sizcə, Azərbaycan tamaşaçısı baleti başa düşür?

– Bəli, başa düşür. Çünki Fikrət Əmirovu, Qara Qarayevi biz başa düşmürüksə, bəs kim başa düşməlidir? Bizim konsertlərimiz də anşlaqla keçir. Balet tamamilə başqa bir dünyadır. Teatra adamları biz gətirməliyik, bunun təbliğatını biz aparmalıyıq.




186 dəfə oxunub.

Digər xəbərlər