Saytımızı qiymətləndirin


 
 

Türkanda “öldürülmüş qadınlar”ın işi ilə bağlı daha bir hökm
Tarix: 12-05-2022 | Saat: 11:01
Bölmə:Karusel / Kriminal | çapa göndər

Türkanda “öldürülmüş qadınlar”ın işi ilə bağlı daha bir hökm

Bakının Türkan qəsəbəsində 79 yaşlı Əzizəxanım Atayeva və 91 yaşlı Xumara Şabanovanın sağ olduğu halda, onları ölmüş kimi rəsmiləşdirib dəniz sahilindəki torpaq sahələrini xəbərləri olmadan satmaqda təqsirləndirilən şəxslərdən daha birinə hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsi bu hadisə ilə bağlı barəsində ayrıca cinayət işi açılmış torpaq alqı-satqısı ilə məşğul olan 1976-cı il təvəllüdlü Qərib Nadirova 7 il azadlıqdan məhrumetmə cəzası verib. Lakin onun cəzası 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

Qeyd edək ki, Türkanda sağ olan insanların ölmüş kimi sənədləşdirilərək onların torpaqlarının başqalarına satılması faktı ilə bağlı daha əvvəl 5 nəfər cəzalandırılıb. Bunlar Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi olmuş Rahil Babayev, Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulov, onun müavini olmuş Eldar Mirzəyev, əmlak alqı-satqısı ilə məşğul olan Çingiz Səfərov və Daşqın Nəsirovdur.

Bu beş nəfərdən ikisi həbsdədir. Onlardan da Səfərov 3 il 6 ay, sabiq icra nümayəndəsi Babayev isə 2 il azadlıqdan məhrum edilib. Qalan üç nəfərə isə şərti cəza verilib.

5 il 6 ay şərti cəza alan D.Nəsirov Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğludur. O, məhkəmə dövründə prokurorluğun depozit hesabına 190 min manat pul köçürüb. Məhkəmə hökmdə göstərib ki, həmin vəsait aidiyyəti üzrə köçürülsün. Amma konkret hara nəzərdə tutulduğu aydın olmayıb.

Torpaqları özlərindən xəbərsiz satılmış zərərçəkmişlər məhkəmədə mülki iddia qaldırmışdılar, onlara dəymiş ziyanın ödənilməsini tələb edirdilər. Hakim onların mülki iddiasının baxılmamış saxlanmasına qərar verib.

Zərərçəkmişlərin hüquqlarını müdafiə edən vəkil Cavad Cavadov bildirmişdi ki, əgər onlara dəymiş ziyan ödənilsə, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri olmayacaq. 

Zərərçəkmişlərdən biri olan 91 yaşlı Xumara Şabanova məhkəmə prosesi gedən dövrdə vəfat edib.

Hazırda bu işlə bağlı 6 şəxsə cəza verilib. Türkan bələdiyyəsinin keçmiş sədri Mehman Ağayev isə axtarışdadır.

İş üzrə təqsirləndirilən şəxslərə qarşı CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələrilə ittiham irəli sürülüb.

Qafqazinfo.az

 

 




138 dəfə oxunub.

Digər xəbərlər