Saytımızı qiymətləndirin


 
 

Zəngəzur dəhlizinin açılması istiqamətində işlər gedir - Xələf Xələfov
Tarix: 08-05-2022 | Saat: 22:46
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə mayın 7-də Naxçıvan şəhərində keçirilən “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans uğurla başa çatıb. İlk dəfə olaraq belə bir konfransı Naxçıvanda keçirməyi qərara almışdıq. Sual oluna bilər ki, niyə məhz bu konfrans Naxçıvanda keçirildi? Hamımıza məlumdur ki, Ümummilli Liderimiz Naxçıvanda doğulub, onun ana Vətəni Naxçıvandır. Bu mənada, xarici işlər naziri Ceyhun Bayramov konfransın Naxçıvanda keçirilməsi təklifini verəndə nazirliyin bütün əməkdaşları bu addımı çox böyük həvəslə qarşıladılar. Bu, həm də mənəvi bağlılığı daha da gücləndirməyə xidmət edir.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri AzərTAc-a müsahibəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

O vurğulayıb ki, Ümummilli Liderin xatirəsi hər bir Azərbaycan vətəndaşı, dünya azərbaycanlıları üçün əzizdir. Çünki dahi şəxsiyyət müasir tariximizin yaradıcısıdır, dövlətimizin qurucusudur. Bu gün yaşadığımız həyat görkəmli siyasi xadimin qurub-yaratdığı dövlətçiliyin üzərində bərqərar olunub. Hər bir azərbaycanlı yaxşı dərk edir ki, Ulu Öndərin Azərbaycanın siyasi tarixində nə qədər böyük, misilsiz rolu, xidmətləri vardır. Zaman baxımından dünyaşöhrətli siyasətçi Heydər Əliyev bizdən uzaqlaşsa da, mənəviyyat baxımından bizə daha da yaxınlaşır, daha da doğma, əziz olur.

“Yaxşı bilirik ki, hər bir millətin öz milli ideologiyası olmalıdır. Bizim milli ideologiyanın yaradıcısı ulu öndər Heydər Əliyevdir. Bu ideologiyanın kökündə azərbaycançılıq, Azərbaycanın bütövlüyü durur. Bu mənada, Azərbaycanın bütövlüyü üçün Naxçıvan hər zaman simvolik bir rəmz kimi qəbul olunub. Naxçıvan nə qədər möhkəmdirsə, Azərbaycan da o qədər möhkəmdir”, - deyən xarici işlər nazirinin müavini qeyd edib ki, bu baxımdan ən çətin dövrlərdə, vaxtilə torpaqlarımız işğal edilən zaman belə, Naxçıvanın müqavimət göstərməsi də Azərbaycanın tab gətirməsi demək idi. Naxçıvan 2020-ci ildə 44 günlük Vətən müharibəsində də ölkəmizin əldə etdiyi Qələbədə pay sahiblərindən biri kimi qəbul olunmalıdır. Bu diyar ən ağır dövrlər yaşasa da, heç zaman düşmənə boyun əymədi, məğlub olmadı, torpaqlarını qoruyub saxlaya bildi. Bu yurdun qəhrəman insanları bir qarış torpağın belə, ermənilərə güzəştə gedilməsinə imkan vermədilər. Bu, əlbəttə ki, çox böyük göstəricidir. Məhz bütün bu amillərə görə konfransın Naxçıvanda keçirilməsi bizim üçün mənəvi bir simvoldur. “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda konfransın təşkilində göstərdiyi böyük dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova dərin minnətdarlığımızı bildiririk.

Xələf Xələfov bildirib ki, konfransın ideyası çox genişdir. Çünki Ulu Öndərin siyasi irsini biz gələcək nəsillərə ötürməliyik, çatdırmalıyıq, onu təbliğ etməliyik. Hər bir azərbaycanlı gənc bu ideyaları dərindən bilməlidir. Bildiyimiz kimi, biz Ulu Öndərin yolunun Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bugünkü uğurlara nail olmuşuq, torpaqlarımız işğaldan azad edilib, regionda söz haqqına sahibik. Torpaqlarımızın qaytarılması regionda böyük reallıqlar yaradıb, Azərbaycan artıq regionumuz üçün sülh gündəliyi təklif edib, Zəngəzur dəhlizinin açılması istiqamətində işlər gedir. Açılacaq yeni dəhliz, təbii ki, bütün kommunikasiya xətlərinin çəkilməsinə və Naxçıvanın quru yolla ölkəmizlə əlaqəsinə imkan verəcək ki, bu da qədim diyarın inkişafına daha da geniş şərait yaradacaq.

Xarici işlər nazirinin müavini deyib: “Onu da xüsusi qeyd edim ki, mən hər dəfə Naxçıvana gələndə burada çox müsbət dəyişikliklərin şahidi oluram. İnsanların əhval-ruhiyyəsinin yüksək olduğunu görürəm. Hər yerdə təmizlik, qayda-qanun, səliqə-sahman diqqətimdən yayınmır. Hər gəlişimdə yeni, yüksək faktlarla, abad, geniş yollarla qarşılaşıram. Bütün bunlar məni çox sevindirir. Naxçıvan Azərbaycanın tərkib hissəsi kimi çox sürətlə inkişaf edir. Muxtar respublika inkişaf etdikcə turizm imkanları da xeyli artır, insanlar buraya daha çox üz tuturlar. Əvvəllər daxili turizm daha çox yayılmışdı, indi isə xaricdən də Naxçıvana üz tutanlar çoxalıb. Bu gün gördüyümüz Duzdağ Fizioterapiya Mərkəzi dünyada məşhur bir sağlamlıq məkanıdır, unikal yerdir. Ümumiyyətlə, buraya səfərimiz çox yüksək səviyyədə keçdi, əhval-ruhiyyəmiz əladır, Ulu Öndərimizin xatirəsini yad etdik. Fərəh hissi keçiririk ki, dahi siyasətçinin vaxtilə əsasını qoyduğu siyasi, iqtisadi proseslər bu gün öz bəhrəsini verir. Xüsusilə də Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət, onun quruculuq, həmrəyliyin, birliyin yaradılması istiqamətində apardığı fəaliyyət ölkəmizin bundan sonra da çiçəklənməsinə, qüdrətlənməsinə əsas yaradır. Arzu edirəm ki, Naxçıvanı hər dəfə daha da gözəl görək”.



Xəbəri paylaş

1249 dəfə oxunub.

Digər xəbərlər