Saytımızı qiymətləndirin


 
 

Deputat: “Azərbaycanın uğurlarının əsasını Heydər Əliyev siyasəti təşkil edir”
Tarix: 06-05-2022 | Saat: 18:40
Bölmə:Karusel / Gündəm | çapa göndər

Fatma Yıldırım, Milli Məclisin deputatı

“Ümummilli Liderimiz Heydər Əliyev də xalqımızın və dövlətçiliyimizin tarixində əvəzolunmaz şəxsiyyətdir”.

Qarabaginfo.az bildirir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım bildirib.

Fatma Yıldırım deyib ki, sovetlər dönəmində Ulu Öndər Heydər Əliyev Azərbaycanı inkişaf və tərəqqi yoluna çıxarıb: “1990-cı illərin əvvəlində isə bu dahi şəxsiyyət Azərbaycan dövlətini məhv olmaqdan xilas etdi. Çünki 1991-ci ilin oktyabr ayında dövlət müstəqilliyi elan olunsa da, bu müstəqillik kağız üzərində idi və 1992-1993-cü illərdə hakimiyyətdə olan qüvvələr isə ölkəmizi uçuruma aparırdı. Belə bir şəraitdə Azərbaycan xalqının təkidli tələbi ilə Heydər Əliyev Naxçıvandan Bakıya qayıtdı. Ümummilli Lider bu qayıdışı ilə ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi ilə bağlı tarixi missiyasını həyata keçirməyə başladı. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin neytrallaşdırılmasına nail olundu. Bir sözlə, böyük dövlət xadimi Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı və Azərbaycanı parçalamaq, forposta çevirmək və korporativ maraqlar əsasında idarə etmək istəyənlər öz niyyətlərinə çata bilmədilər. Ən əsası, nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Heydər Əliyev qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verilməsi, ilk parlament seçkilərinin keçirilməsi, referendum yolu ilə Konstitusiyanın qəbul edilməsi, idarəetmə sisteminin formalaşdırılması, neft müqavilələrinin imzalanması, Azərbaycanın iqtisadi dirçəlişinin əsasının qoyulması, respublikamızın beynəlxalq əlaqələrinin formalaşdırılması, ölkənin dünya birliyinə inteqrasiyası prosesinə başlanması dövlətimizin tərəqqi yolunda inamla irəliləməsini təmin etdi, Azərbaycanın qarşısında aydın perspektivlər açıldı. Bütün bunların qanunauyğun nəticəsi kimi, 1993-cü il oktyabr ayının 3-də Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev qısa zamanda ölkədə milli həmrəyliyi, tərəqqini və inkişafı təmin etdi. Milli ideologiyanın formalaşdırılması da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biridir. Ümummilli Liderin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurəyə çevrildi. Bunlarla yanaşı, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik və balanslaşdırılmış xarici siyasət kursu nəticəsində Azərbaycanın beynəlxalq əlaqələri genişlənməyə başladı. Ölkəmiz beynəlxalq arenada müstəqil dövlət kimi tanındı, ikitərəfli və çoxtərəfli səmərəli xarici əlaqələr quruldu”.

Deputat qeyd edib ki, “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan iqtisadiyyatında dönüş yarandı və genişmiqyaslı işlərə başlanılıb: “Bütövlükdə milli maraqlara əsaslanan uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi, Azərbaycan etibarlı tərəfdaş kimi tanınmağa başladı. Ulu Öndər Heydər Əliyev Azərbaycanı sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün də uğurla və inamla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs Azərbaycanın qüdrətinin daha da artmasını təmin edib, ölkəmiz möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi və institusional islahatların uğurla həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin qorunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir ki, ötən illərdə müxtəlif beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi tanındı və bu yöndə sənədlər qəbul edildi. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsində bu beynəlxalq sənədlər hüquqi baza rolunu oynadı. Eyni zamanda İlham Əliyev torpaqlarımızı işğaldan azad etməklə ata vəsiyyətini yerinə yetirmiş oldu. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, yeni-yeni zəfərlər qazanacaq!”.



Xəbəri paylaş

1209 dəfə oxunub.

Digər xəbərlər