Saytımızı qiymətləndirin


 
 

Azad olmuş dilsiz"əsirlər" - Rena Ibrahimova
Tarix: 22-04-2022 | Saat: 10:16
Bölmə:Karusel / Qarabağ / Yazar | çapa göndər

Bir 4 nəfər şəkili ola bilər
Şəkillərin dili olsaydı nə deyərdilər görəsən? Danışıb deyərdilərmi yaranma tarixçələrini? Bəlkə onlar da bu həyata insan kimi doğulub gəlirlər-bir sübut, bir hekayə, bir tarix kimi. Necə, harada, hansı şəraitdə, hansı əhval-ruhiyədə "doğulublar"? Hansı sirri, hansı müəmmani, hansı sevgini, hansı kədəri, nisgili daşıyırlar, gizlədirlər görəsən?
Uşaq vaxtı şəkillərə baxanda düşünürdüm "axı bu şəkillərdəki admlar nəfəs ala bilmirlər orada. Bəlkə sıxılırlar, boğulurlar qalaq-qalaq şəkillərin altında, yaxud da albomların qalın cildləri və kağızları altında? Bəlkə də elə o səbəbdən kimin evinə getsəm şəkilərə baxmağı, albomları vərəqləməyi çox sevirdim.
...Biz köçkün gələndə evimizdən heç nə götürməmişdik. Hər şeyimizi qoyub çıxmışdıq. Yaxşı ki, anam evdə olan bütün sənədləri götürmüşdü. Amma şəkilləri götürmək kimin ağlına gələrdi? Əyin paltarını götürüb toxumları qablarda islağa qoyub "onsuz, bir neçə günə qayıdıram, mən gələnə kimi cücərər, gələndə əkib-səpərəm", evdən gülləri çölə-sürahının üstünə qoyub "yağış yağanda isladar, yanmazlar"deyən bir insanın eyninəmi gələr şəkil götürmək? Bu şəkillərlə bərabər 10-larla ailə şəkillərimizin çox qətibə taleyi var. Bu şəkillər əsirlikdən, tapdaq altından gətirilib. Sözün həqiqi mənasında!İnanmayacaqsınız amma tapdaq altından gətirilib. Əksəriyyəti cırılmış, saralmış ayaqlar altında qalaraq ayaq izləri möhür kimi üzərinə hopmuş şəkildə gəlib çıxmışdılar. Təcavüzə məruz qalaraq gəlmişdilər. Elələri oldu ki,atmalı olduq. Əksəriyyətini isə saxlamalı olduq.
1992-ci il may ayının 18-dən sonra Laçın koridoru bağlandı. Tale hər ailəni bir diyara səpələdi. Pərən-pərən olmuş
insanlar, sınmış talelər, darmadağın olmuş yurdlar, ayrılıqlar insanların çaşqınlığı, qınaq obyektinə çevrilib hər addımda tənqid, təhqir edilmələri, bir anın içində hər şeyini itirib küçələrə səpələnən insanların şəkilmi yadına düşərdi?
Laçının işğalı rəsmən elan edilsə də uğurunda müharibə davam edirdi. Giriş yox idi. Yalnız Kəlbəcər yolu ilə Murov dağından keçib döyüşçülərimiz kəşfiyyat xarakterli müharibə aparırdı. Kəşfiyyat qrupunun içində mənim dayım-Hüseynov Ramiz və əmim oğlu-İbrahimov Yusif də vardı. Həmin qrup bizim kənddən keçərkən çox evlərin yandırılmasının, çoxunun talan esilməsinin şahidi olmuşdular. Hətta bir gecə orada gecələməli olmuşdular. Bizim evimiz həmin vaxt qarət olunsa da yandırılmayıbmış. Gecəni boş dəmir çarpayılarda keçirib hələ də qış ehiyatından qalan kompotdan içib almalardan yeyib yenidən yola düşüblər. Və elə həmin vaxt Yusif İbrahimov döşəməyə səpələnmiş şəkilləri görüb yığıb gətirmişdi. Neçə ay özü ilə o şəkillərilə birgə döyüşlərdə, səngərlərdə, dağlarda gəzə-gəzə onları Bakıya gətirib çıxarmışdı. Saralmış, deşik-deşik olmuş bəzilərinin üzərində iri çəkmə izləri olan şəkilləri görüb ağladıq. Görəsən nələr görmüşdü, eşitmişdi, nələrin şahidi olmuşdular? Yəqin alçaldılaraq, kinli baxışlarla, iyrənc, qanlı əllərlə, qulaq batıran vəhşi gülüşlərlə ayaq altına atılıb tapdanmışlar, tarixlərinə, yaranmalarına həqarət edilərək.
Kaş şəkillərin dilini bilib danışar, sirlərinə agah olardım. Sorardım hansı naqisin murdar, çirkli əli dəyib saf xatirələrinə, təmiz hekayətlərinə? Acılar yaşayıb tapdaqdan xilas olub, əsirlikdən qurtulmalarının sevincini bölər, göz yaşlarını silərdim. Onların əvəzində xilaskar qəhrəman döyüşçünün əllərini öpərdim. Kaş halal torpaqlarımız düşməndən azad ola, o döyüşçülər üçrəngli bayrağımızı öz əllərində Laçın üzəridə taxaydılar. Cansız şəkilləri canlandırıb, nigaran ruhları, qərib qəbirləri sevindirərdilər. Tanrının sevdiyi bəndə olub alınlarından öpülüb tariximizi qızıl hərflərlə-QƏLƏBƏ sözü ilə yazardılar, bizsə əllərini öpərdik. Düşmənlərimizin gözlərinin didəsinə baxıb haqqımızı sübit edərdik! Alardıq şəhidlərimizin qanlarını! Yeni şəkillər çəkib bir daha əsir etməzdik onları-Qələbəmizin sübutu, şahidi, əbədi sahibi olaraq!
Rena Ibrahimova


Xəbəri paylaş

1540 dəfə oxunub.

Digər xəbərlər