Saytımızı qiymətləndirin


 
 

“Yüksəliş” müsabiqəsinə qeydiyyat başa çatıb
Tarix: 31-03-2022 | Saat: 19:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Yüksəliş” müsabiqəsinə qeydiyyat başa çatıb

“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başa çatıb.

Qarabaginfo.az xəbər verir ki, 2022-ci il fevral ayının 17-dən başlayan mərhələ 2022-ci il 31 mart 18:00-da tamamlanıb.

Bu müddətdə 12299 şəxs qeydiyyatdan keçib. Bununla da, ikinci "Yüksəliş" müsabiqəsinə qeydiyyat üçün müraciət ötən il ilə müqayisədə daha çox qeydə alınıb. Qeydiyyatdan keçənlərin 8495-i kişi, 3804-ü qadındır. Bu il qeydiyyat üçün müraciət edən 3203 namizəd ilk müsabiqədə də iştirak edib.

Qeydiyyat mərhələsi ərzində bölgələrdə əhalinin "Yüksəliş" müsabiqəsinə əlçatanlığını təmin etmək, qeydiyyat mərhələsində texniki dəstək göstərmək, müsabiqə ilə bağlı əhalini məlumatlandırmaq məqsədilə fevralın 21-i tarixindən 11 martadək “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun nümayəndələri 22 bölgəyə səfər edib. Ümumilikdə qeydiyyatdan keçənlərin ərazi üzrə bölgüsündə Bakı, Sumqayıt, Gəncə şəhərlərindən olan namizədlər üstünlük təşkil edir. Müsabiqədə iştirak üçün mümkün yaş aralığı 21-51 yaş olduğunu nəzərə alaraq müraciət edənlər arasında 21 yaşını tamamlamış 39 nəfər, 51 yaşını tamamlamış 3 nəfər namizəd yer alır.

Hal-hazırda müsabiqənin İşçi qrupu qeydiyyatdan keçən şəxslərin qeydiyyat zamanı daxil etdikləri məlumatların yoxlanılmasını həyata keçirir.

Qarşıda iştirakçıları Ümumi biliklər üzrə Onlayn mərhələnin ilk sınaq imtahanı gözləyir. İmtahanda Azərbaycan və dünya ölkələri üzrə tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, həmçinin hüquq və iqtisadiyyat sahələri, müasir trendlər üzrə 4 blok və hər bloka aid 25 sual təqdim olunacaq.

“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.



Xəbəri paylaş

1209 dəfə oxunub.

Digər xəbərlər