Abşeron Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayonun Məmmədli kəndində sakinlərlə səyyar qəbul-görüşü keçirilib.

Qarabaginfo.az xəbər verir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyasının Aberon Rayon Təşkilatının sədri, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir.
Abdin Fərzəliyev çıxış edərək rayon ərazisində hər həftə səyyar-qəbulların keçiriləcəyini bildirərək qeyd etmişdir ki, burada məqsəd yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində lazimi addımların vaxtında atılmasıdır. 
RİH başçısı torpaqlarımızın işğaldan azad olunmasından, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qələbə qazandığı 44 günlük Vətən Müharibəsindən, döyüş meydanında düşmənin məğlubiyyətindən danışaraq qeyd etmişdir ki, bütün ölkə ərazisində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı daimi olaraq göstəriləcəkdir. 
Bundan sonra kənd sakinləri çıxış edərək rayon icra başçısının kənd və qəsəbələrdə səyyar görüşlərinin keçirməsinin əhəmiyyətini vurğulayaraq kəndin yeni salınan məhəllələrinə içməli suyun verilməsinə, şəhidlərin adını daşıyan və eləcə də kənd daxili küçələrin abadlaşdırılmasında, kanalizasiya xəttinin çəkilməsində, plansız aparılan tikinti işlərinin dayandırılmasında, sahibsiz heyvanların ərazidən uzaqlaşdırılmasında, yeni məktəb və bağça binalarının tikilməsində köməklik göstərilməsini xahiş etmişlər. 
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunuş, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilmişdir.
Abdin Fərzəliyev daha sonra Rayon İcra Hakimiyyətinin inzibati binasında bir qrup şəhid ailəsini və qaziləri qəbul etmişdir. Qəbul zamanı şəhid ailələrinin və qazilərin qaldırdıqları problemlər, istəkləri dinlənilmişdir. Şəhid ailələri əsasən övladlarının adlarını daşıyan küçələrin abadlaşdırılmasında, məişət tullantılarının yığılması üçün xüsusi yerlərin müəyyən edilməsində və vaxtında daşınmasında, ailə üzvlərinin işlə təmin olunmasında və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş etmişlər.
RİH başçısı şəhid ailələrinin qaldırdığı məsələlərin böyük əksəriyyətinin yerindəcə həll edərək bildirmişdir ki, Abşeron rayonunda şəhidlərin adını daşıyan küçələrin siyahısı hazırlanmış, həmin küçələrin real vəziyyəti təhlil olunmuş və görüləcək işlər müəyyənləşdirilmişdir. Bu küçələrin hissə-hissə abadlaşdırılacağını, yeni dayanacaqların qurulacağını, küçə adlarını özündə əks etdirən lövhələrin hazırlanacağını və quraşdırılacağını söyləyən başçı rayon ərazində fəaliyyət göstərən müəssisələrin rəhbərləri ilə görüşlərin keçirildiyini və bunun nəticəsində bir çox şəhid ailəsi üzvlərinin və qazilərin işlə təmin olunduğunu, bu kimi işlərin bundan sonra da daimi olaraq davam etdiriləcəyini bildirmişdir.