Saytımızı qiymətləndirin


 
 

"Məmurlar vətəndaşın çiynindən düşməlidir" - Zərdüşt Əlizadə ilə MÜSAHİBƏ
Tarix: 02-02-2022 | Saat: 17:47
Bölmə:Karusel / Müsahibə | çapa göndər

Parlamentin fəaliyyəti zaman-zaman cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar tərəfindən tənqid olunur. Bir çox millət vəkillərinin xalqın problemlərini Milli Məclisdə gündəmə gətirməməsi, parlamentin ölkədə həyata keçirilən islahatlarla ayaqlaşmaması tənqidin əsas səbəblərindəndir. Elə buna görə də, bir çox insanlar parlamentin buraxılmasının və yeni seçkilər keçirilməsinin vacibliyinə diqqət çəkirlər. Bu və digər məsələlərlə bağlı tanınmış politoloq və publisist Zərdüşt Əlizadə konkret.az-ın suallarını cavablandırıb:

1. Parlamentin hazırkı vəziyyətini və fəaliyyətini necə qiymətləndirirsiniz?

– Parlament üzvlərinin əksəriyyəti qanunvericilik fəaliyyətinə layiq deyil. Oturuşmuş Azərbaycan siyasi sistemində parlamentin mövqeyi demək olar ki, sıfırdır. Özüdə təkcə parlamentin deyil, məhkəmə sistemi və Nazirlər Kabinetinin fəaliyyəti də sıfıra bərabərdir. Ona görə də, Milli Məclisin buraxılması və təkrar seçkilərin keçirilməsi heç nəyi dəyişməyəcək.

2. Azərbaycanda hansı sahələrdə islahatlara ehtiyac var?

– Ölkədə bütün sahələrdə islahatlara ehtiyac duyulur. Təhsil, Səyiyyə, bələdiyyə, iqtisadiyyat və digər sahələrdə islahatlar zəruridir. Məmurlar vətəndaşın çiynindən düşməlidir. Dövlət aparatı cəmiyyəti boğmaqdan əl çəkməlidir. Əgər məmurlar vətəndaşları sıxmasalar, Azərbaycan xalqı özü işləyib maddi rifahını yaxşılaşdıra bilər. Əslində problemlərdən çıxış yolu məsləhətləşmələrin aparılmasındadır. Amma ənənəvi müxalifət nə bilir ki, onlarla da məsləhətləşmələr aparılsın. Onlar hazırkı iqtidarın getməsini və özlərinin hakimiyyətə gəlməsini istəyirlər. Bu məsləhət deyil. Bu, “sən çəkil, biz gəlib yeyək” deməkdir. İki-üç partiya (REAL, Rifah) və müstəqil ziyalılar var ki, onlarla məsləhətləşmələr aparıla bilər.

3. Hansı dövlət qurumlarının fəaliyyəti gərəksizdir və onların ləğvinə ehtiyac var?

– Ölkədə xeyli sayda Agentliklər yaradılıb. Amma əməli fəaliyyət demək olar ki, yoxdur. Hesab edirəm ki, Azərbaycanda cəmi 12 nazirliyin fəaliyyət göstərməsi, səlahiyyətlərin isə  bölgələr arasında bölüşdürülməsi daha doğru olar. Azərbaycanda əvvəl mövcud olan xanlıqların ərazisində 8 inzibati ərazi vahidi yaradılsa və hamısına vergi toplamaq, polis və bələdiyyə yaratmaq səlahiyyətləri verilsə, bu idarəetmə mexanizmi baxımından daha məqbul sayılar. Bakı yalnız müdafiə və xarici siyasət məsələlərinə baxmalıdır. Səhiyyə, təhsil, yerli özünüidarəetmə, kommunal və digər məsələlərlə isə yerlərdə əhali məşğul olmalıdır. Belə olan halda insanlar Bakıya axışmaz və paytaxtda əhalinin sayı azalar.



Xəbəri paylaş

1431 dəfə oxunub.

Digər xəbərlər