Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə seminar işinə başlayıb
Tarix: 27-01-2022 | Saat: 10:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə seminar işinə başlayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər” mövzusunda seminar işinə başlayıb.

Qarabaginfo.az xəbər verir ki, tədbirdə informasiya texnologiyaları və nəqliyyat sahəsi üzrə ekspertlər, ictimai fəallar, QHT, biznes sektoru nümayəndələri və media təmsilçiləri iştirak edirlər.

Seminarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində qarşıya qoyduğu vəzifələr və hədəflərdən bəhs ediləcək. Eyni zamanda, informasiya texnologiyaları, rabitə və nəqliyyat sahələri üzrə 2021-ci ildə əldə olunmuş uğurlar, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, eləcə də inkişaf perspektivləri barədə məlumat veriləcək.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov çıxışında bildirib ki, Prezident İlham Əliyevin 2021-ci ilin fevral ayında Sərəncamla təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədində Azərbaycanda “müasir innovasiyalar məkanı”nın yaradılması prioritet sahələrdən biri elan olunub. Dövlət başçısının ötən il Azərbaycanda rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalaması isə müvafiq sahələrdə kompleks islahatların aparılmasına böyük təkan verib. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə müvafiq sahələr üzrə tənzimləyici qurumlar yaradılıb.

Rövşən Rüstəmov əlavə edib ki, dövlət başçısı yerli televiziya kanallarına son müsahibəsində işğaldan azad olunmuş ərazilərimizdə quruculuq və bərpa işlərini xüsusi diqqətdə saxlayıb və insanların rahatlığını tam təmin edəcək şəkildə infrastruktur qurulmasının vacibliyini vurğulayıb. Nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2021-ci il tarixli Sərəncamı ilə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanmasına başlanıldığını bildirib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aida Bədəlova çıxışında qeyd edib ki, dövlət başçısı İlham Əliyev yerli telekanallara müsahibəsində vətəndaşlarla münasibətdə şəffaflığın artırılmasını, onlara daha keyfiyyətli, rahat, müasir şəkildə xidmət göstərilməsini və vətəndaş məmnunluğunun təmin olunmasını ən vacib vəzifələr kimi müəyyənləşdirib, məmur-vətəndaş təmaslarının minimuma endirilməsinin zəruriliyini vurğulayıb. Aida Bədəlovanın sözlərinə görə, yeni “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik-hüquqi şəxsin bazasında yaradılacaq AYNA informasiya sistemi bu istiqamətdə əhəmiyyətli addım olacaq. Sistem sərnişin və yükdaşıma xidmətlərinin keyfiyyətinə müsbət təsir göstərməklə yanaşı, məmur-sahibkar təmasını da minimuma endirəcək, bu sahədə göstərilən dövlət xidmətlərində şəffaflığın artmasına və neqativ halların tamamilə aradan qalxmasına müsbət töhfə verəcək.

Nazirin müşaviri, həmçinin milli prioritetlərə uyğun olaraq “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış”ın təmin edilməsi çərçivəsində Qarabağda nəqliyyat infrastrukturunun bərpası istiqamətində görülən işlər barədə məlumat verib.

Diskussiya formatında davam edən seminarda iştirakçılar rəqəmsal inkişaf və nəqliyyat sahəsində görülən işlərlə bağlı rəy və təkliflərini bildiriblər.

Çıxış edənlər Prezident İlham Əliyevin bir çox məsələlər, o cümlədən ictimai nəzarət mexanizmlərinin hazırlanması, şəffaflıq və hesabatlılıqla bağlı addımların atılmasına dair çağırışlarının qarşıda yeni vəzifələr qoyduğunu vurğulayıblar.



Xəbəri paylaş

1228 dəfə oxunub.

Digər xəbərlər