Saytımızı qiymətləndirin


 
 

Ermənistanda hakimiyyət prezidentliyə yeni namizəd AXTARIR
Tarix: 25-01-2022 | Saat: 13:53
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanda prezident postundan istefa verən Armen Sarkisyanın yerinə yeni namizədlə bağlı müzakirələr başlayır.
Qarabaginfo.az xəbər verir ki, bu barədə hakim “Mülki müqavilə” partiyasının deputatı Gevork Papoyan brifinq zamanı jurnalistlərə bildirib.


O deyib ki, mövcud qanunvericiliyə görə, prezidentliyə yeni namizədlə bağlı müzakirələrə başlamaq üçün hələ 5-6 gün var və Armen Sarkisyan hələ ki (o, istefasını geri götürə  bilər) prezident olaraq qalır.

 

"Bu vəziyyətdə biz yeni namizədlə bağlı məsələnin müzakirəsini tez hesab edirik, çünki ən azı nəzəri cəhətdən qanun Armen Sarkisyana istefa ərizəsini geri götürməyə imkan verir. Qanunvericilik imkan verən kimi məsələni müzakirə edəcəyik", - G.Papoyan bildirib.

 

Deputat Vaaqn Hovakimyan isə xatırladıb ki, prezidentin yekun istefasından sonra namizədlərin irəli sürülməsinə 5 gün qalıb. O zaman rəsmi müzakirələr başlayacaq.
 

"Namizədlər müəyyən meyarlara cavab verməlidirlər", - deputat Hovakimyan bildirib.
 

Ermənistan prezidenti Armen Sarkisyanın xarici vətəndaşlığının olması ilə bağlı “Hetq” nəşrinin yaydığı məlumatdan danışan Vaaqn Hovakimyan bildirib ki, bu mesaj hüquq-mühafizə orqanları tərəfindən yoxlanılmalıdır.

 

Xatırladaq ki, yanvarın 23-də prezident Armen Sarkisyan istefa verib və deyib ki, Konstitusiya ona potensialından sistemli daxili və xarici siyasət problemlərini həll etmək üçün istifadə etməyə imkan vermir. Prezidentin sözlərinə görə, ona xarici və iqtisadi siyasətə, diasporla münasibətlərə təsir mexanizmlərinin yaradılacağı ilə bağlı vədlər verilib, lakin bu, baş tutmayıb.

Ermənistanda bəzi ekspertlər deyirlər ki, Armen Sarkisyanın istefası ölkədə yeni reallıqlar yaradıb.

Belə ki, hökumət yaxın gələcəkdə tamamilə birqütblü ola bilər. İndi işğalçı ölkədə cəmiyyət Armen Sarkisyanın Ermənistan prezidenti kürsüsünə necə gəlib çıxdığını müzakirə edirlər. Onlar xatırlayırlar ki, həmin dövrdə - 2018-ci ilin aprelində prezident seçkiləri keçirilməzdən öncə - müxtəlif adlar, xüsusən də Vazgen Manukyanın ismi hallanırdı. Lakin o zaman dövlət başçısı postundan getməyə hazırlaşan Serj Sarkisyanın xarici dilləri bilən şəxsin prezident seçiləcəyini bəyan etməsindən sonra aydın oldu ki, söhbət Armen Sarkisyandan gedir.

Ermənistan KİV-lərində yayılan məlumata görə, məhz həmin dövrdə eks-dövlət başçısı Robert Koçaryan üçüncü prezident Serj Sarkisyanla görüşüb və öz fikrini əsaslandıraraq, onu Armen Sarkisyanı gətirməməyə çağırıb. Həmin söhbətdən sonra Koçaryanla Serj Sarkisyan arasında onsuz da gərgin olan münasibətlərin ümumilikdə pozulduğunu bildirilir.

“Jogovurd” qəzeti yazır ki, Armen Sarkisyan yenidən prezidentliyə namizədliyini irəli sürə bilər. Amma bir şərtlə ki, konstitusiyaya dəyişiklikləri nəticəsində dövlət başçısının səlahiyyətləri genişləndirilsin.

Qəzet yazır ki, Armen Sarkisyan hələ 2020-ci ildə verdiyi bir bəyanatda növbəti seçkilərə öz komandası ilə qatılmaqdan çəkinməyəcəyini gizlətməmişdi.

O zaman A.Sarkisyan bildirmişdi ki, gələcəkdə konstitusiya dəyişiklikləri olarsa, komandasının formalaşacağını və siyasi proseslərdə fəal iştirak edəcəyini istisna etmir.

Əksər ekspertlər isə deyirlər ki, Armen Sarkisyan yaxın gələcəkdə bütün qərarların Nikol Paşinyan tərəfindən verilə biləcəyini anlayaraq, vəzifəsindən istefa verib.(modern.az)



Xəbəri paylaş

1275 dəfə oxunub.

Digər xəbərlər
5-02-2019, 10:10 Bürclər- 5 fevral


Bu gün, 14:45Tofiq Hüseynov - 70