Saytımızı qiymətləndirin


 
 

Ermənistan siyasi böhrana çəkilir: Paşinyanın Köçəryan və Sarkisyanla məcburi savaşı xaos vəd edir
Tarix: 24-01-2022 | Saat: 19:37
Bölmə:Karusel / Region / Yazar | çapa göndər

Prezident Armen Sarkisyanın istefasından sonra revanşist Qarabağ klanı bütün siyasi resurslarını Paşinyan hakimiyyəti ilə həlledici mübarizəyə hazırlayır; Ermənistanda təkbaşına hakimiyyət uğrunda mübarizənin mütləq qalibini Rusiyanın edəcəyi prinsipial seçim müəyyənləşdirə bilər…

Ermənistan prezidenti Armen Sarkisyanın tutduğu postdan istefa verməsi bu düşmən ölkədə yeni siyasi böhranın başlanğıcı kimi dəyərləndirilir. Belə ki, bəzi erməni politoloqlar prezident A.Sarkisyanın bu addımı məqsədyönlü şəkildə atdığını düşünürlər. Və konkret siyasi hədəflərə hesablandığını iddia edirlər.

Ancaq hələlik məlum olan ondan ibarətdir ki, prezident A.Sarkisyanın gözlənilməz istefasının arxasında bəzi müəmmalı məqamlar gizlənməmiş deyil. Ona görə də, A.Sarkisyanın istefa verərkən gətirdiyi “Prezidentin heç bir idarəçilik səlahiyyətləri yoxdur” bəhanəsi də fərqli məzmunda yozulur. Və onun istefa açıqlamasının da məhz Ermənistan sərhədlərindən kənarda olduğu dövrə təsadüf etməsi barədə məlumatlar ciddi müzakirə mövzudur.

Paşinyan hakimiyyətinə yaxın olan siyasi dairələr prezident A.Sarkisyanın istefa üçün göstərdiyi səbəbi qeyri-ciddi hesab edirlər. Onların fikrincə, A.Sarkisyan prezident postina seçilərkən öz səlahiyyətlərinin ingilis kraliçasından çox olmayacağını da əvvəlcədən bilirdi. Və indi onun idarəçilik səlahiyyətlərinin azlığından şikayətlənməsinin heç bir məntiqə sığmadığını vurğulayırlar.

35929886_0_74_1500_918_1920x0_80_0_0_47ceb218ddd750ba99396e73ec488e1c.jpg (241 KB)

Digər tərəfdən, hazırda istefa vermiş prezidentə qarşı bir sıra ciddi ittihamlar da irəli sürülməkdədir. Həmin ittihamlara görə, prezident A.Sarkisyan bu vəzifədə çalışdığı müddətdə bir çox xarici səfərlərə çıxıb və dövlət büdcəsindən xeyli vəsait xərcləyib. Ancaq həmin çoxsaylı səfərlərin və xərclənən büdcə vəsaitlərinin Ermənistana heç bir xeyri olmayıb.

Erməni mətbuatında yer alan məlumatlara görə, artıq istefa vermiş prezident A.Sarkisyan xarici ölkələrdə fəaliyyət göstərən erməni diasporunu Ermənistanda təmsil edən yeganə dövlət rəsmisi sayılırdı. Onun regionda baş verənlərə münasibəti Paşinyan hakimiyyəti ilə deyil, məhz erməni diasporunun ideoloji mövqeyi ilə üst-üstə düşürdü. Prezident A.Sarkisyan baş nazir Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması siyasətinin ən qatı əleyhdarlarından idi. Və gücü çatdıqca, imkan daxilində erməni baş nazirin bu siyasi kursuna müqavimət göstərməyə çalışırdı.

Əsas ittihamların sırasında onun xarici səfərlərinin Ermənistan dövlətinin mənfəətlərindən daha çox özünün siyasi və biznes maraqlarına uyğunlaşdırılması ilə bağlıdır. Belə ki, A.Sarkisyanın şəxsi biznesinin və kapitalının 90 faizinin Ermənistandan kənarda olduğu vurğulanır. Və o, xarici səfərlərini məhz öz şəxsi biznesini yönləndirmək, erməni diasporundan yeni təlimatlar almaq məqsədilə reallaşdırdığı bildirilir.

Maraqlıdır ki, prezident A.Sarkisyana Rusiya siyasi dairələrinin də münasibəti birmənalı deyil. Kremlə yaxın siyasi dairələr hesab edirlər ki, daha çox Böyük Britaniyanın təsiri altında fəaliyyət göstərirdi. Ermənistanla bağlı hər hansı hadisə baş verərkən Rusiyaya müraciət etmək əvəzinə, dərhal Qərb ölkələrinə, eləcə də, NATO-ya üz tuturdu. Və bu səbəbdən də, onun istefasının Rusiya-Ermənistan münasibətlərinə heç bir təsir göstərməyəcəyi bildirilir.

VkMQl-SbL4.jpg (52 KB)

Onu da qeyd edək ki, Ermənistanda prezident A.Sarkisyanın istefasından narahat olanlarla yanaşı, bundan əməlli-başlı məmnun qalanlar da kifayət qədərdir. Xüsusilə də, həm Qarabağ klanı, həm də Paşinyan hakimiyyəti bu istefa ilə bağlı artıq uzaqgedən planlar qurmağa başlayıblar. Hər iki rəqib siyasi düşərgə bu istefanı özəl maraqların reallaşdırılması baxımından, önəmli şans olaraq, dəyərləndirir.

Məsələ ondadır ki, Qarabağ klanı Ermənistanda prezident postunun boşalmasına keçmiş dövlət başçılarından birinin – Robert Köçəryan və ya Serj Sarkisyanın yenidən hakimiyyət piramidasında yer almaq imkanı kimi yanaşır. Paşinyan hakimiyyətinin Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması siyasətindən narazı olan revanşist düşərgə bu iki şəxsdən birinin, xüsusilə də, R.Köçəryanın prezident seçilməsini Ermənistanın yeganə xilas yolu hesab edir. Bu düşərgədə belə qənaətlər var ki, R.Köçəryan prezident postuna sahiblənərsə, Ermənistanın bütün hərbi-siyasi itkilərini tədricən kompensasiya etmək mümkün ola bilər.

Belə anlaşılır ki, erməni revanşıstləri R.Köçəryanın yenidən president seçiləcəyi təqdirdə, 44 günlük savaşdan öncəki durumu bərpa edə biləcəklərinə ümid bəsləyirlər. Halbuki, 44 günlük savaşdan sonra yaranmış yeni situasiya siyasi fiqurların deyil, hərbi faktorların doğurduğu şərtlərin nəticəsidir. Azərbaycan ordusu Ermənistanı darmadağın edib və bununla da hər şey rəsmi Bakının siyasi iradəsinin təsiri altına düşüb. Və bu vəziyyəti dəyişmək üçün Ermənistanın yeni müharibəyə imkan verəcək nə ordusu, nə də maliyyə-iqtisadi resursları mövcud deyil.

Digər tərəfdən, mövcud situasiya üçtərəfli anlaşmalarla tənzimlənir. Ermənistanda yeni prezident kim olsa da, rəsmi İrəvan həmin üçtərəfli anlaşmaların icrasından yayınmaq şansına sahib deyil. Ermənistanın hərbi müttəfiqi olan Rusiyanın prezidenti Vladimir Putin vaxtilə “üçtərəfli anlaşmaların pozulması intihar olardı” deməklə, hər kəsə buna göstəriləcək cəhdlərin mümkün nəticələri barədə xəbərdarlıq etmişdi. Və Qarabağ klanına aid olan heç bir siyasətçi də indiyə qədər cəsarət edib, üçtərəfli anlaşmaların pozulma variantını gündəmə gətirməyib.

35533294_267_0_1334_1067_1920x0_80_0_0_cbfb15a22377c028f7c22d781fb16fe9.jpg (341 KB)

Paşinyan hakimiyyətinə gəldikdəsə, prezident A.Sarkisyanın istefası bu düşərgə üçün dövlət sistemində daha bir siyasi rəqibin sıradan çıxarılması anlamını daşıyır. Vaxtilə dolayısı ilə Paşinyan hakimiyyətinin istefasını tələb edən düşərgəyə daha yaxın olan prezident A.Sarkisyan bundan sonra artıq əl-ayağa dolaşmayacaq. Xüsusilə də, baş nazir N.Paşinyanın Ermənistanda konstitusiya islahatlarına başlamaq niyyətləri qarşısında əsas əngəllərdən birinin özbaşına həll olunduğu qətiyyən şübhə doğurmur.

Çünki indi baş nazir N.Paşinyan daha asanlıqla Ermənistan konstitusiyasını dəyişə, prezident hakimiyyətinin yenidən bərpasını təmin edə, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə əngəl olan maddələri oradan çıxara bilər. Və Ermənistanda yeni konstitisiya ilə prezident hakimiyyətinin bərpa olunasına qədər keçid dövlət başıçısı olacaq şəxs Paşinyan hakimiyyətini təmsil edəcəyindən bu prosesə heç bir müqavimət göstərməyəcək.

Belə anlaşılır ki, baş nazir N.Paşinyanın yolu özü də gözləmədən ciddi şəkildə təmizlənib. İndi erməni baş nazir yaxın gələcəkdə səlahiyyətləri artırılacaq prezident postuna sahiblənərək, Ermənistanda mütləq hakimiyyəti ələ keçirtmək planlarını reallaşdıra bilər. Və belə vəziyyəti baş nazir N.Paşinyan yalnız xəyal edə bilərdi.

Ancaq bununla belə, yaxın dövrlərdə Ermənistanda başlayacaq yeni dövrün siyasi böhranın dərinləşməsi ilə müşayiət oluna biləcəyi də qətiyyən istisna deyil. Hər halda, Köçəryan-Sarkisyan cütlüyünün liderlik etdiyi Qarabağ klanının mövcud situasiyada bütün resurslarını Paşinyan hakimiyyəti ilə həlledici mübarizəyə istiqamətləndirə bilər. Bu halda, daxili qarşıdurmalar vətəndaş itaətsizliyinə, küçə iğtişaşlarına, eləcə də, sosial-iqtisadi problemlərdən bezən əhalinin Ermənistandan kütləvi emiqrasiyaya üz tutmasına da səbəb ola bilər. Və belə vəziyyətdə artıq prezidentinin də öz postunu qoyub qaçdığı Ermənistanda siyasi qalibi Rusiyanın müəyyən edəcəyini düşünmək olar.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,



Xəbəri paylaş

1279 dəfə oxunub.

Digər xəbərlər