Saytımızı qiymətləndirin


 
 

MTN generalı iş adamlarının mallarını “qaçaqmal” adıyla əllərindən alıb, satıb pulunu mənimsəyib
Tarix: 19-01-2022 | Saat: 15:25
Bölmə:Karusel / Multimedia | çapa göndər

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi, general Mövlam Şıxəliyev Çindən “skoç” və pirotexniki vasitələr (xalq arasında “zırpaket” kimi tanınır ) gətirib ölkədə satmaq istəyən iki sahibkarı həbs etdirdikdən sonra onların mallarını da “qaçaqmal” kimi əllərindən alıb. Amma müsadirə edilən, ümumi dəyəri 650 min manat olan  bu mallar daha sonra bazarda realizə edilib, pullar isə Şıxəliyevə çatdırılıb.

virtualaz.org xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsində davam etməkdə olan, jurnalistlərin buraxılmadığı səs-küylü məhkəmə prosesində zərərçəkənlərdən Sərdar İsmayılov danışıb. Xatırladaq ki,  məhkəmədə müttəhimlər kürsüsündə general Mövlam Şıxəliyev, onun başçılıq etdiyi idarənin vəzifəli şəxsləri Vüsal Ələkbərov, Yasin Məmmədov, Sahib Ələkbərov oturublar. Jurnalistlər içəridə baş verənlər haqda məhkəmənin çölündə zərərçəkənlərdən və vəkillərdən məlumat almalı olurlar.

 

Sərdar İsmayılov məhkəmədə deyib ki, şəriki  Orxan Abdullayevlə 2013-cü ilin martında Çindən yapışqan lent və pirotexnik mallar gətirib Gürcüstanda satmaq istəyiblər, amma həmin malların satışında Gürcüstanda problem yarandığına görə malları Azərbaycanda  satmaq qərarına gəliblər.  Lakin həmin  mallardan pirotexniki vasitələrin  Azərbaycana gətirilməsinin qadağan olduğunu öyrəniblər. Bu səbəbdən də pirotexnik vasitələri  satışına heç bir qadağa qoyulmayan İrana qanuni şəkildə aparıb orada satmaq qərarına gəliblər. Malların Gürcüstanda yerli gömrük orqanında Azərbaycan ərazisindən tranzit yolla keçməklə İrana aparılması barədə gömrük sənədləşməsi aparılıb. Yük yerli gömrük əməkdaşlarının müşayəti altına alınıb, gömrükçülərin nəzarəti altında 7 sentyabr 2013-cü ildə Astara gömrük postuna yola salınıb.

 “Mallarımızı Bakıya, özümüzü MTN-ə apardılar...”

 Lakin mallar Qazax ərazisində MTN-in əməliyyatçıları tərəfindən saxlanılıb. MTN əməkdaşları malların içərisində  qaçaqmal olduğunu bildiriblər: ” Mallarımızın olduğu maşın MTN-çilər tərəfindən əvvəlcə zorla Qazax ərazisindəki dayanacağa aparıldı. Orada mallar yerə boşaldılıb gömrükçülərin nəzarəti altında sayıldı. Məlum oldu ki, MTN-çilərin iddia etdikləri qaçaqmal maşında yoxdur və rəsmi gömrük sənədlərində göstərilən mallarla sayılan malların sayı eynidir. MTN-çilər isə sakitləşmək bilmədilər. Zorla, gömrükçülərlə az qala əlbəyaxa olmaqla mallımızı Bakıya gətirdilər”.

 

Zərərçəkmiş deyir ki, malları Bakıya, onların özlərini isə MTN-ə aparıblar. MTN-də üç gün saxlanıldıqdan sonra barələrində 3 aylıq həbs qəti-imkan tədbiri seçilib.

“İndi özünü təmizə çıxarmağa çalışan Mövlam Şıxəliyev biz həbsdə olanda öz imzası ilə Gömrük Komitəsinə sorğu göndərmişdi. Bizə məxsus malların qaçaqmal olmasını təsdiqləmək, özlərinin cinayətlərinə Gömrük Komitəsini də şərik etmək istəyirdilər. O zaman Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayev Mövlam Şıxəliyevin sorğusuna cavab yazmışdı ki, cinayətkar sizsiz, Azərbaycan dövlətinin qoşulduğu yük daşımaları haqda beynəlxalq daşımalara qanunsuz olaraq müdaxilə etmisiniz. Əsgər Abdullayev məktubun davamında yazıb ki, Qazaxa göndərilən MTN-çilər özbaşınalıq edib qanunlara saymazyana yanaşıblar. Bunun qarşısı gömrükçülər tərəfindən alınıb”- zərərçəkmiş ifadəsində deyib.

 

“Pul ver, səni azad edək, pul verməsən burada çürüyəcəksən...”

 S.İsmayılovun ifadəsinə görə, Mövlam Şıxəliyev Əsgər Abdullayevin məktubunu alandan sonra həbsdə saxlanılmaları üçün heç bir əsas olmasa da onlara qarşı qanunsuzluq davam etdirilib: ”Bizi həbsdən azad etmədilər. Bu məktubu sıravi bir vətəndaş deyil, Gömrük Komitəsinin sədr müavini yazmışdı. Məktub haqda həbsdən sonra bildim”.

Zərərçəkmiş deyir ki, həmin ərəfədə Yasin Məmmədov özünü vəzifəli şəxs deyil, quldur kimi aparıb: ”Bu adamlar o qədər harınlamışdılar ki, qanunlardan danışanda bizə gülürdülər. Yasin Məmmədovun bircə tələbi vardı. Deyirdi ki, pul ver, səni azad edək, əgər pul verməsən burada çürüyəcəksən”.

 

Yasin Məmmədov, Sahib Ələkbərov

S.İsmayılov 12 yaşından atasız böyüdüyünü, ailənin bütün yükünün onun çiynində olduğunu deyib: “Çətin günlər görmüşəm. Ailəmi də götürüb Şəkidən Bakıya gəldim. Bazarlarda fəhlə işlədim, pul qazandım, mağaza sahibi oldum. Çinlə ticarət  əlaqələri qurdum. Bu adamlar haradansa bizim Gürcüstandan İrana mal apardığımızı öyrəniblər. Qərara gəliblər ki, bizi tutsunlar, malımızı əlimizdən alıb satsınlar, özümüzdən də pul qoparsınlar”.

Bazar adamlarını da hədələyib pul alıblar...

Zərərçəkmiş deyir ki, istintaq zamanı ona məxsus telefon kitabçasında adları olan şəxsləri də çağırıb incidiblər: “Mənə borcu olan bazar adamlarına hədə-qorxu gəlib pullarını alıblar. Yasin Məmmədov məndən 50 min dollar, üstəlik 2 min manat, Orxan Abdullayevdən 50 min manat,  Əfsəl  Həsənəliyevdən 32 min manat, Cahangir Məmmədovdan isə 80 min manat pul aldı. Elman Məsimovla Məcid Anqubazovu isə pulları olmadığına görə 1 il həbsdə saxladılar. Elmanı və Məcidi döyüblər, yalan ifadə verməyə məcbur ediblər”.

 

S.İsmayılov ifadəsinin davamında Mövlam Şıxəliyev, Yasin Məmmədov və digərilərinin Cahangir Məmmədovu çox ağır duruma saldıqlarını söyləyib: “Cahangir MTN-cilərin tələb etdiyi məbləği verə bilmək üçün evini banka qoyub pul götürmüşdü. Onu da bizim kimi xəstəlik adı ilə azad etsələr də, öz cinayətlərini ört-basdır etmək üçün işi məhkəməyə göndərdilər. Cahangir ağır maddi çətinliklərlə üz-üzə qalmışdı. Məhkəmədən sonra bank faizlərinə görə damarlarını kəsib doğradı. Həkimlər xilas etdi. Cahangiri elə vəziyyətə salmışdılar ki, bıçaqla ürəyinə də vurmuşdu. Lakin ölməyib sağ qaldı. Əməliyyatdan sonra sağ qaldığını görəndə isə özünü xəstəxananın 5-ci mərtəbəsindən yerə atıb öldürdü”. (Qeyd: Cahangir Məmmədov 2015-ci ilin iyulunda intihar edib)

Zərərçəkmiş deyir ki, həbsdən azad ediləndən sonra sözügedən malların harada olmasını araşdırdıqda məlum olub ki, MTN-çilərin qanunsuz, qaçaqmal elan etdikləri 650 min manatlıq pirotexnik malları elə özləri aparıb satıblar. Malların pulu isə M.Şıxəliyevə çatdırılıb: “Bizə qarşı cinayət hazırlayan, iştirak edən Mövlam Şıxəliyev başda olmaqla Yasin Məmmədov və digərilərinin barəsində qanunun imkan verdiyi qədər sərt cəza verilməsini xahiş edirəm. Maddi və mənəvi ziyanın ödənilməsini tələb edirəm.

Məhkəmə prosesi yanvarın 25-də davam edəcək.

(Virtualaz.org)



Xəbəri paylaş

1244 dəfə oxunub.

Digər xəbərlər