Saytımızı qiymətləndirin


 
 

Bu ilin devalvasiya təhlükəsi – İqtisadçıdan AÇIQLAMA
Tarix: 13-01-2022 | Saat: 17:39
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 “2014-2015-ci illərdə devalvasiyalardan öncə məzənnəni saxlamaq üçün Mərkəzi Bank 15,5 milyard ehtiyatından təxminən 10 milyarddan çoxunu xərclədi. Amma prosesin qarşısını ala bilmədi. Zamanla dolların qiyməti qalxaraq 1,05, 1,55 və sonda 1,70 AZN-də sabitləşdi. Addım-addım devalvasiyanın şahidi olduq”.

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri modern.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli devalvasiya riskindən danışarkən bildirib.

Onun sözlərinə görə, hazırda manata təsirlər yoxdur: “Çünki valyuta ehtiyatları var və neft bahadır. Amma gələcəkdə yenidən belə bir situasiya yarana bilər. Yəni neftin qiyməti ucuzlaşsa, digər faktorlara görə manata basqılar artsa, o zaman belə anlamaq olar ki, daha Mərkəzi Bank və Neft Fondu məzənnəni saxlamaq üçün əlavə vəsait xərcləməyəcək. Bir daha deyirəm, hazırda buna ehtiyac yoxdur. Çünki devalvasiya təhlükəsi ən azı bu il yoxdur. Amma belə bir təhlükə gələcəkdə yaranacaqsa, artıq hökumət ehtiyatlardan vəsait xərcləmək üsulundan istifadə etməyəcək. Ötən gün Prezidentin yerli telekanallara açıqlamasını belə anladım”.

N.Cəfərli qeyd edib ki, hazırda qiymət artımları manatın alıcılıq qabiliyyətini aşağı salır: “Bu, devalvasiyaya qədər olan təhlükəli prosesdir. Amma hazırda Azərbaycan hökuməti məzənnə dəyişikliyinə, yəni, devalvasiyaya getmir. Paralel olaraq devalvasiyaya qədər təhlükəli proses gedir, manatın alıcılıq qabiliyyəti aşağı düşür. Təəssüf ki, bununla bağlı hökumət ciddi addımlar atmır”.

Ekspert təhlükəni aradan qaldırmaq üçün hökumətin əlində olan əsas alətlərdən istifadənin vacibliyini qeyd edib: “Hökumətin əlində olan əsas alətlər gömrük rüsumları və vergi dərəcələridir. Belə ki, ölkə ərazisində istehsalı olmayan, yaxud da az olan, əsasən də strateji ərzaq məhsulları sayılan gündəlik təlabat mallarının bir müddət, ən azı bir il gömrük rüsumları və vergiləri sıfırlanmalıdır. Bu zaman bazarda müəyyən balans yaranacaq və qiymət artımının, inflyasiyanın qarşısını almaq mümkün olacaq”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bildirib ki, hökumət bir neçə il bundan əvvəl çox ağır bir addımın atılmasına məcbur olub: “Manatın qiymətdən düşməsi insanların rifah halına mənfi təsir göstərmişdi. Amma o addımı biz mütləq atmalı idik. Çünki əgər biz o addımı atmasaydıq, bütün valyuta ehtiyatlarımızı xərcləyə bilərdik. Onsuz da bu addımın gecikməsi ona gətirib çıxardı ki, Mərkəzi Bankın valyuta ehtiyatları böyük dərəcədə tükənmişdi. Təqribən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilmişdi. Nəticə etibarilə Mərkəzi Bank manatı sabit saxlaya bilmədi və biz 10 milyard dollar valyutanı itirdik”.



Xəbəri paylaş

331 dəfə oxunub.

Digər xəbərlər