Saytımızı qiymətləndirin


 
 

Nazirlikdə oturan paqonlu qanqsterlər banka 623 min manat qoyan sahibkarı hədələdi
Tarix: 11-01-2022 | Saat: 10:42
Bölmə:Karusel / Multimedia | çapa göndər

Üç aydan artıqdır ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, həmin idarənin əməkdaşları Vüsal Ələkbərov, Yasin Məmmədov, Sahib Ələkbərovun işi üzrə Bakı Hərbi Məhkəməsində məhkəmə prosesi keçirilir. Məhkəmənin açıq keçirilməsinə baxmayaraq mətbuat nümayəndələrinin prosesi izləməsinə icazə verilmir.

virtualaz.org-un xəbərinə görə, keçmiş MTN-çilərin cinayət işi üzrə 32 nəfər zərərçəkmiş qismində tanınıb. Zərərçəkmişlərdən biri – iş adamı Mehrac Qurbanov istintaqa verdiyi ifadəsində göstərib ki, “Texnikabank” ASC-nin “Bakı” filialında müqavilə bağlayıb, öz adına illik 12 faizə 623 min 300 manat avro məbləğində əmanət qoyub.

Təxminən bir il sonra – 2008-ci ilin oktyabrında M.Qurbanovun mobil nömrəsinə zəng vurub, onu MTN-ə çağırıblar. Zəng vuran şəxs M.Qurbanova MTN-nin İstintaq Baş İdarəsinin şöbə rəisi Vüsal Ələkbərov olduğunu deyib. Ertəsi gün M.Qurbanov həmin nazirliyə yollanıb. Giriş qapısında qeydiyyatdan keçdikdən sonra nəzarətçilərin müşayiəti ilə xidməti otağa aparılıb.

 

Bu həmin Vüsal Ələkbərovdur ki, indi təqsirləndirilən şəxs qismində məhkəməyə gedib-gəlir, jurnalistlərdən yayınmaq və sifətini gizlətmək  üçün  koronavirus pandemiyası ona fürsət yaradıb...

Zərərçəkmişin ifadəsinə görə, xidməti otaqda V.Ələkbərov onunla təklikdə görüşüb. M.Qurbanova banka əmanət kimi qoyduğu məbləğdən imtina etməyi tələb edib: “Dedi ki, sən o puldan imtina etməlisən, əgər etməsən, başına oyun açacağıq, hansı yolla olursa olsun, səni tutacağıq. Mən də halal pulumdan imtina etməyəcəyimi söylədim”.

V.Ələkbərov ona “300 min dollar verməlisən ki, sənin əmanətlərinin qaytarılmasında köməklik edək, 15 gün ərzində əmanətlərini qaytaraq, ancaq bu pulu bizə verməsən, səni həbs edəcəyik, rəhbərliyin göstərişi belədir” deyib.

M.Qurbanov deyir ki, həmin gün V.Ələkbərov ona bir neçə sual verib, ifadəsini alıb, imza nümunələrini götürüb. Daha sonra isə general Mövlam Şıxəliyevin yanına aparıb. General sərt və acıqlı formada “Vüsal Ələkbərovun dediyini etməlisən, biz də sənə kömək edib banka qoyduğun pulu qaytaracağıq” deyib. Həbsə atılacağından ehtiyatlanan M.Qurbanov əlacsız qalaraq onlara pul vermək qərarına gəlib. Uzun çək-çevirdən sonra isə V.Ələkbərov 200 min dollara razılaşıb. MTN əməkdaşları tərəfindən təhdid edilən M.Qurbanov hədə-qorxu altında qaldığı üçün pul toplamağa başlayıb.

Mövlam Şıxəliyev

“Şirvan şəhərinə gedərək tanışım İsmayıl Əhmədova öz fermamdan 3600 manata 30 baş qoyunu satdım, qardaşlarım Hüseyndən 10 min manat, Heydərdən 15 min manat, bibim oğlu Kərimdən 20 min manat, bacılarımdan yadımda qalmayan məbləğdə, Sabirabad rayonunun Həşimxanlı kəndində yaşayan Səmədağa adlı tanışımdan 50 min manat borc pul aldım. 50 min manat da özümdə var idi”- zərərçəkmiş ifadəsində belə deyib.

Topladığı 200 min dolları sellofan torbaya qoyan M.Qurbanov V.Ələkbərova zəng vurub. Sonuncunun tələbi ilə birbaş MTN-ə gedib: “Aşağıda məni qeydiyyata aldılar və Vüsalın otağına apardılar. Gətirdiyim pulları Vüsala verdim. Banka qoyduğum əmanətin nə vaxt qaytarılacağını soruşdum. Vüsal da cavabında “bu haqda sənə məlumat verəcəyik” dedi”.

 

200 min dolları V.Ələkbərova verən M.Qurbanov MTN-nin binasəndan çıxaraq qardaşı oğlu Mahirin idarə etdiyi avtomobilə əyləşərək evinə qayıdıb. Həmin gündən sonra dəfələrlə V.Ələkbərovla telefon əlaqə yaratmağa cəhd etsə də,  mümkün olmayıb. V.Ələkbərov onun telefonlarına cavab verməyib.

“Borc aldığım şəxslərə MTN-dən Vüsal Ələkbərov adlı şöbə rəisinin hədə-qorxu yolu ilə pulumu aldığını dedim. Bunun nəticəsində borca düşmüşəm. Qalan mal-qaramı, fermamı dəyər-dəyməzinə satmışam”- zərərçəkmiş ifadəsində belə deyib.(Virtualaz.org)




150 dəfə oxunub.

Digər xəbərlər