Saytımızı qiymətləndirin


 
 

Bakıda, Cavanşir körpüsünün yanında 10-mərtəbəli bina sökülür
Tarix: 08-01-2022 | Saat: 12:13
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən bina

El arasında “Qaqarin" körpüsü kimi tanınan Cavanşir körpüsünün yaxınlığında - Bakının Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 6 ünvanda yerləşən 34 ailənin yaşadığı onmərtəbəli yaşayış binası söküləcək. Sakinlərə tezliklə köçürüləcəkləri ilə bağlı xəbərdarlıq edilib.

Qarabaginfo.az xəbər verir ki, sakinlər binanın söküləcəyindən ötən ilin noyabrında xəbər tutublar. Belə ki, binanın bir addımlığındakı “Qədim Qəbələ” restoranı isə artıq sökülüb, restoranla binanı ayıran hasarın bir hissəsi, o cümlədən binanın həyətindəki yardımçı tikili uçurdulub.

 

Sakinlərin sözlərinə görə, köçürüləcəkləri ilə bağlı onlara ərazi mənzil istismar idarəsi yazılı məlumat verib. Bildirilib ki, yaşadıqları bina dövlət sifarişi əsasında sökülür, əvəzində mənzil deyil, evlərinin sahəsinə görə kompensasiya veriləcək. Sakinlərin əksəriyyəti artıq köç əhvalı üstündədir.

“İşıq, qaz, su vaxtlı-vaxtında verilir, kəsilməyib. Bizə deyiblər ki, sonuncu mənzil köçürülənədək kommunal xidmətlər kəsilməyəcək. Çoxları artıq ev axtarışındadır”, - adını söyləmək istəməyən sakinlərdən biri deyir. Həmin sakin əlavə edir ki, təklif edilən kompensasiyanın məbləği ilə bağlı açıqlama verə bilməz, çünki hələlik razılaşma mərhələsindədirlər, danışıqlar davam edir.

 

Lakin bəzi sakinlərin dediklərinə  görə, mənzillərin kvadratı 2 min 200 manatdan, binanın birinci və ikinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahələrinin hər kvadratı isə 2 min 500 manatdan hesablanacaq. Qiymətləndirmə aparılarkən binanın şəhərin mərkəzində yerləşməsi, mərtəbə, evin təmiri və digər nüanslar nəzərə alınacaq.

 

Binanın birinci mərtəbəsində yerləşən obyektlərdən birinin işçisi isə bildirib ki, onlara da yeni ofis axtarmaq barədə bağlı xəbərdarlıq olunub. Binanın yaxın zamanlarda söküləcəyi deyilsə də, köçmək üçün onlara konkret vaxt verilməyib. Buna baxmayaraq binada yerləşən obyektlər yeni məkan axtarışındadır. Hətta artıq obyektlərdən biri başqa əraziyə köçüb.

Binanın gözətçisi isə danışmaq istəməyib, deyib ki, söküntü xəbərlərini o da eşidib, hərçənd ki, belə xəbərlərə çox da inanmır.  

 

Sakinlər onu da bildiriblər ki, onlar təkcə binanın deyil, yaxın zamanlarda Cavanşir körpüsünün də söküləcəyi eşidiblər. Çünki körpü ilkin funksiyasını itirib: “Əvvəllər “Qara şəhər”də zavodlar, istehsalat müəssisələri  fəaliyyət göstərirdi, körpünün altından dəmir yolu xətti gedirdi. İndi Ağ şəhər ərazisi yenilənib, böyüyüb, abadlaşdırılıb. Körpü də öz funksiyasını başa vurub. Körpü söküləndən sonra yolun genişləndirilməsi mümkün olacaq, nəticədə tıxacların qarşısı alınacaq. Yəni ərazidə böyük layihənin həyata keçiriləcəyini eşitmişik”.

 

Xətai Rayon İcra Hakimiyyətindən binanın söküləcəyini təsdiqləyiblər. Bildirilib ki, bina Zəfər abidə kompleksi ilə bağlı görüləcək işlər çərçivəsində, dövlət sifarişi əsasında sökülür. Köçürülmə ilə bağlı komissiya yaradılıb, kompensasiyanın məbləği müəyyənləşdirilib. İcra hakimiyyətindən əlavə ediblər ki, bina ərazinin ümumi görünüşünə də xələl gətirir. Artıq köçürülmə prosesinə başlanılıb.(virtualaz.org)




137 dəfə oxunub.

Digər xəbərlər