Saytımızı qiymətləndirin


 
 

Nazarbayev üçün ağlayanlar...
Tarix: 07-01-2022 | Saat: 23:24
Bölmə:Karusel / Yazar | çapa göndər

32 illik hakimiyyəti dövründə gerçək stabil ölkə, qanuna söykənən demokratik dövlət idarəçiliyi qura bilməyibsə, nəymiş onun üstünlüyü?

Qazaxıstanda nə baş verdiyi haqda hələ də aydın mənzərə yoxdur. Kimdir bu silahlı adamlar, hansı terror qruplarına bağlıdırlar, tələbləri nədir? Bəs adıçəkilən, amma sirli  “xarici qüvvələr” kimlərdir? Hələ ki, bu suallara cavab yoxdur. 

Qazaxıstanı Rusiyanın qarışdırdığı haqda iddialar düşündürücüdür. Dekabrın 28-də MDB dövlət başçılarının Sankt-Peterburqdakı qeyri-formal görüşündə Putin əvvəl Nazarbayevlə, sonra Tokayevlə əslində nələri müzakirə edib, bunlar da maraq edilən suallardır. “Rusiya izi” ilə bağlı iddialardan yola çıxsaq, belə çıxır ki, Putin Qazaxıstanın “açarını” istəyib, Nazarbayev buna qarşı çıxıb, Tokayev isə razılaşıb...    

Azərbaycanda bir dəstə adam bu dəfə də özlərinə qazax xalqının mübarizəsini nümunə seçiblər, halbuki bugünlərdə ortada xalq faktoru ya olmayıb, ya da irəli çıxmağa imkan verməyiblər. Bəziləri isə dəsmal götürüb ağlaşma qurub ki, guya Nursultanın 32 illik hakimiyyətinin sonu ilə qazax xalqı bədbəxt oldu, ölkə ondan sonra az qala müstəmləkə olacaq, hələ xalq bu adamın xiffətini çox çəkəcək və sair...Nazarbayev keçmiş partnomenklatur məmur, ölkəsində yarımqapalı sərt rejim qurmuş, xüsusi idarəçilik parametrləri yaratmış təcrübəli dövlət adamıdır. Bəli, dövlət adamıdır, amma dövlət deyil!  Xalq heç deyil, baxmayaraq ki, özünü hansısa əsaslarla “elinbaşı” kimi titullandırmışdı. Onun heç bitməyən hakimiyyət ehtirası isə yəqin ki, türk imperiyalarını qurmuş fateh babalarına oxşamaq istəyindən yaranmışdı...

Bəlkə, “Rusiya işğalına qarşı davam etməkdə olan silahlı müqavimətə” elə Nazarbayev rəhbərlik edir...

Nazarbayevi Bakıda oturub tərifləmək olar- amma qazax xalqı onun haqda nə fikirləşir, əsas sual budur. Deyirlər, qazax xalqı yaxşı yaşayıb, iqtisadi rifah olub və sairə...Nursultan 32 illik hakimiyyəti dövründə stabil ölkə, qanuna söykənən demokratik dövlət idarəçiliyi qura bilməyibsə, nəymiş onun üstünlüyü? Sabun köpüyü kimi partladı “stabil dövləti”, onun  güc strukturları... 3 gün ərzində xalqa qısa müraciəti belə olmadı elbaşının...Budurmu vəfası? Haradadır, Nazarbayev? Bu müəmma çözülməyincə, Qazaxıstanda nə baş verdiyini anlamaq asan olmayacaq. Ev dustağıdırsa, bilinməli, ölkəni tərk edibsə, açıqlanmalıdır. Bəlkə “Rusiya işğalına qarşı davam etməkdə olan silahlı müqavimətə” elə Nazarbayev rəhbərlik edir. Başqa nə versiya qaldı ki? 

Nursultan necə oldu ki, Təhlükəsizlik Şurası katibi vəzifəsindən getdi- Tokayev bunlar haqda danışmayıb hələ. Aksiyalarda Nazarbayevin vəzifədən uzaqlaşdırılması tələbi səslənib, amma bunu elə tələsik icra etdilər ki, sanki o gedən kimi küçədəkilər evinə çəkiləcəkdi, rahatlaşacaqdı. Amma indi kimsə Nazarbayevin istefası haqda danışmır. Tokayev Putinin deyil, Nazarbayevin kadrdır, onun adamıdır. Deyirsiz, Tokayev bərkə düşən kimi Nazarbayevi kreslosundan itələyib, yerinə keçdi? Mümkündür, amma məntiqlə belə qarmaqarışıqlıqda qərarları bir adam verməli idi, onun ağır məsuliyyətini də yazıq Tokayevə “yüklədilər...” 

Qazaxıstanda hər şey hələ indi başlayır. Çox tezliklə “kim güllə atmaq əmri verib”, “ölkəyə xarici qoşunu çağırmaq qərarı niyə verilib” kimi suallara cavab vermək lazım gələcək. Nazarbayev yaşının ahıl çağında bu məsuliyyətdən qurtuldu. Amma bütün baş verənlərdə onun silueti var, bunun məsuliyyətindən qaça bilməz. Ölkə vətəndaş müharibəsi həddinə gəlibsə, sənin içinə girib silahlı üsyan hazırlaya bilirlərsə, demək nəyisə yox, çox şeyi səhv etmisən... 

Nazarbayev SSRİ-nin “şinelindən çıxıb” və həmişə də o dövrün xiffətini çəkən dövlət adamı olub. Onun təklifi ilə yaradılan Avrasiya Birliyi əslində SSRİ-nin iqtisadi potensialını bərpa etmək cəhdi idi. Nazarbayev üçün müstəqillik SSRİ pəncərəsindən həmişə daha təntənəli, hətta etibarlı görünüb. Onun təkliflərində bir gerilik, bir geriyəqayıtma istəyi həmişə olub. Türk Şurası haqda danışanda Nazarbayevi xüsusi fərqləndirə də bilərik, amma guya Nazarbayevin “Turan” qurmaq istədiyindən xarici güclərin qəzəbinə tuş gəlməsi barədə nağıllar isə yalnız cığallları ovundmaq üçündür... 

Yeni şəhər də salmaq olar, yeni paytaxt da... Amma ölkə binaları ilə deyil, vətəndaşı ilə tanınır, onunla inkişaf edir. İndi vətəndaş qarşıdurması yaranmış Qazaxıstan od içindədir. Ölkə ciddi zərbə aldı, həm iqtisadiyyat, həm daxili stabillik zədələndi. Ölkədə müxalifət yoxdur, amma bu işin xeyrinə deyil. İndi silah kimin əlindədir,  əmrlər haradan alınır, bilinmir. Nursultan Nazarbayevin qoyub(atıb) getdiyi Qazaxıstanda vəziyyət belədir, həm də betərdir...

Nazim SABİROĞLU, 
Musavat.com 




135 dəfə oxunub.

Digər xəbərlər