Saytımızı qiymətləndirin


 
 

Şuşa qeydləri... II hissə - Şuşadan Allahın evinə qədər...
Tarix: 04-01-2022 | Saat: 14:58
Bölmə:Karusel / Qarabağ / Yazar | çapa göndər

Şuşa qeydləri… II hissə – Şuşadan Allahın evinə qədər…

ŞUŞAYA DAXİL OLDUQ: Mən belə adamam, içimdə özümü küncə sıxmağa, bic-bic əzilməyə başladım. Pahoo, Samir Şuşaya gəlib! Dədə-nənəsinin Yardımlıda dağılan tifağından, it köçünə çevrilən ev-eşiyindən utanmayan adam Şuşada kövrəlməyə gəlmişdi. Gəlmişdim… Nəyə kövrələcəkdim, a kişi!? Kənddə ot basıb, başı daşı yerin dibinə girib dədəmin… Başı çarşablı, ağzı örpəkli nənəmin qəbri zina üstündə öldürülən əxlaqsız kişilərin qəbirlərinin ayaqları altında qalıb. Di gəl, Şuşada 40, 50, 60 il əvvəl ölənlərin dağıdılmış məzarları başında durub Fatihə, İxlas oxuyacaqdım. Allah sonuncu dəfə 1992-ci ildə Şuşanı tərk eləmişdi, indi qayıdıb deyirsiniz!? Allahı Bakıda qətlə yetirənlər onu Şuşada diriltməyə gəliblər deyirsiniz!? Bəlkə Şuşanın divarlarına əsgərlərimizin yazdığı “Ya Məhəmməd”, “Ya Əli”, “Ya Hüseyn” sözlərindən sonra Allah yenidən təşrif buyura, gələ… Ey Allah.., sən Allah, gəl! Tfuu, milli afroditalar nə gözəl olurmuş Zevsin olmadığı yerdə – Şuşada!? Şuşadan Xankəndinə baxanda anladım ki, Qarabağda elə əvvəldən Artemida tanrısı olmayıb, ona görə də Laçın dəhlizi Qarabağın bakirəliyini tən ortadan poza bilib. Cəhənnəmə pozsun, onsuz da elə Bakının özündə də bakirələrə yer yoxdur, intellektual fahişələr həmişə öndədir…

“Qoç ət” RESTORANINA XOŞ GƏLDİNİZ!

400 kilometrlik yolu Şuşada cəmi üçcə saat olmaq üçün gəlmişdim. Avtobusu birbaşa “Qoç ət” restoranına sürdürdülər, acmışdıq, kabab yedik. Biz İrəvanı da geri qaytarsaq, yenə nəfsimiz doymayacaq, ac qalanda yox, gəlirlərimiz azalanda bir-birilərimizi didib parçalayacağıq. Məsələn, əlavə olaraq sifariş verdiyim bir balaca qabdakı paytaxt salatına görə 6 manat pul ödədim. Qalanı havayı idi. Sifariş versən, pulunu da ödəməlisən. Köhnə inqilab küçəsində qazaxlı Etibarın çəkdiyi kabab Şuşada yediyim kababdan daha dadlı idi. Şuşada bişən kabab niyə dadlı olmamışdı, İlahi? Mən başqa şeylərə inanırdım. Amma səmimiyyətlə qəbul etdim ki, Şuşanın özü kababdır axı… Bircə fərq vardı, Şuşada yediyim kababdan adam ətinin dadı-qoxusu gəlirdi. Səhv anlamayın, kabab heyvan ətindən hazırlanmışdı, amma ehsan yeyirdim elə bil… Kimin, nəyin ehsanını!? Uşaq vaxtı yas mərasimlərində ehsan yeməzdik, elə bilirdik ki, ölən adamın ətindən bişirirlər. Bax, belə bir düşük və axmaq hissin pəncəsinə düşmüşdüm.

İnsan abırsız, həyasız varlıqdır, acmışdım, əslində isə adam əti də olsaydı, yeyəcəkdim. İnsan hər şeyə öyrənir. 2018-ci il mart ayının 4-də gecə saat 01:10… Anam can verirdi, başı üstündə dayanmışdım, bir neçə dəqiqə sonra canı çıxacaqdı, elə bilirdim ki, mənim də canım çıxır və anam öləndə mən də öləcəm. Cəmi 5 dəqiqə sonra anam keçindi, amma mən ölmədim. Və o andan sonra başa düşdüm ki, dünyada insandan sırtıq varlıq yoxdur, insan hər şeyə öyrənir, dözür. Uzağı qüssədən, qəm-qəhərdən ürəyin ağzına gələr, göz yaşların sel olar, sonda o da quruyar. Nə isə… 3 saatın 1 saatı “Qoç ət” restoranında əridi, rədd olub getdi.

CIDIR DÜZÜNƏ GEDİRİK: Paşinyanın yallı getdiyi o yeri görmək mənə maraqlı idi, başqa heç nə! Gördüm. Arxa fonda sıldırımlar, hamı şəkil çəkdirirdi… Amma heç kim düşünmədi ki, o qayalarda şəhid igidlərimizin şəkli, rəsmi, libası, uşaqlığı, dərisinin rəngi, qanının qoxusu qalıb. Bəlkə fotoya onlar da düşəcəkdi, nə bilim. Dostlar bilir ki, Cıdır düzündə öz istəyimlə şəkil çəkdirmədim, onların təkidi ilə telefon, fotoaparat qarşısına keçdim. Ümumiyyətlə, mən orda niyə şəkil çəkdirməli idim? Gözəl mənzərəsinə görə? Daha gözəl mənzərələr görmüşəm axı. Mən Cıdır düzünə başqa şeyə görə gəlmişdim, olmadı, tapa bilmədim, çəkilib kənarda durdum, yallı gedən həmkarlarımızın sırasına da qoşulmadım. Xankəndi yaxşı görünürdü Cıdırdan… İlk dəfə idi kiməsə, nəyəsə uzaqdan göz salamı verirdim. Allah qədər yaxın, Allah qədər uzaq nəyəsə… Almadı salamımı Xankəndi, vallah, almadı! Öz anası haqqında gözəl yazıb danışmağı bacarmayan adamlar Şuşa haqqında sicilləmə sevgi nağılları yazdı. Bu nə taledir vermisən bu bəxtsiz şəhərə, İlahi! Hamı onu görmədən sevdi, amma hər kəs bircə dəfə baş çəkib geri qayıdır. Sevgiyə belə qovuşarlar? Gedib orda ailəsinə yurd-yuva salan neçə yardımlılı, salyanlı, gəncəli, şirvanlı, gədəbəyli, qazaxlı və s. var!? Zamanımızın 1 saatı da beləcə getdi.

ŞUŞADA “QALA” ÇÖRƏYİ: Mən əvvəldən çörəyə müqəddəs nemət kimi baxmamışam. Odur ki, Şuşadan “Qala” çörəyi də almadım. Bir müqəddəs şeyi ki, böyük pula da yox, cəmi 50 qəpiyə satırlar və uşağının ac qarnını doyurmaq üçün ona görə neçə qadınlar bədənini satıb, küçələrə düşüb… Həyatda insan qarnına hesablanan heç bir şey müqəddəs ola bilməz. İnsan zehniyyətinə hesablanan 1 qəpiklik nəsnə belə müqəddəsdir.

MƏŞHUR “ŞUŞA” sözü… Məşhur qala divarının qarşısına gəlib çatdıq, yenidən fotolar çəkdirdik, sonda xatirə fotosu da oldu. Təxminən 1 saat… Oldumu 3 saat? Oldu… Avtobuslara doluşub üzü Bakıya yol aldıq, Şuşanı tərk etməyə başladıq. İlk dəfə idi Bakının pis insanlarını görmək üçün tələsirdim. Başınıza dönüm, ey savadsız, cahil, düşük, bambılı və pul üçün hər şeyini qurban verən adamlar, başınıza dönüm… Şuşa məni tərksilah eləyib yola saldı. Nə təəssürat olacaq axı…

Mən Şuşada başqa şeylər də gördüm… Məsələn, ermənilərin 30 il ərzində yaşadığı evləri.., o evlərin içinə boylandım. Erməni uşaqların bir-iki oyuncaqları qalmışdı qapı-pəncərəsi olmayan evin mətbəxində… Yəqin bu evlərdə ermənilər də toy edib, yemək bişirib, qeybət edib, təzə paltar geyinib, yatanda paltarlarını soyunublar. İlahi, olubmu bu şeylər!? Mən içimi yedim qurtardım, amma doymadım. Erməni ailələrin stulları da gözümə sataşdı, otura bilərdimmi o stulllarda?

GÖVHƏR AĞA MƏSCİDİNƏ GİRİŞ: İçəri daxil olmadım. Məndən ciddi aktyor yoxdur, amma bu aktyorluğu məsciddə edə bilməzdim. Nədir, Bakıda varlığına şübhələdiyim Allaha Şuşada dua etməliydim? Mənim üçün Allah çoxdan ölüb. Amma o yox da deyil. O, var! Sağ ol, İlahi, səninlə döyüşdə məni məğlub-rüsvay etmək də istəmirsən. Elə hey başıma ipi salıb fırladırsan, Don Kixotluqla məşğulam, yel dəyirmanı ilə döyüşürəm. Axırda da başıma ip salıb Gövhər Ağa məscidinə gətirdin, amma yenə girmədim içəri… Amma sən dəqiq bilirsən ki, mən sənə inandığm üçün məscidə girmirəm, namaz qılmıram, oruc tutmuram. Mən bilirəm ki, orda elədiyim dua yerinə yetməyəcək. Mən nəticəsinə inanmadığım addımları atmıram axı… Biz cəhənnəmə, Allah Şuşadakı öz evini, o məscidi niyə ermənilərə təslim etmişdi? Heç olmasa, öz evinin xətrinə bizim evləri də qoruya bilməzdimi?

ERMƏNİ UŞAĞIN YAŞIL YELLƏNCƏYİ: … Mən Şuşada başqa nə gördüm, məsələn… O yelləncəkdə nə vardı?

 

Ardı var…

Samir Feyruzov




1144 dəfə oxunub.

Digər xəbərlər