Saytımızı qiymətləndirin


 
 

“Ermənilər bunu etsə, gürcülərin kürəyinə xəncər saplamış olacaqlar“
Tarix: 30-12-2021 | Saat: 13:26
Bölmə:Karusel / Region | çapa göndər

“Ermənilər bunu etsə, gürcülərin kürəyinə xəncər saplamış olacaqlar“

Ermənistan indi də Gürcüstana qarşı torpaq iddiası ilə çıxış etməyə başlayıb. Bir sıra erməni ekspertlər, Gürcüstanın Azərbaycan və Ermənistan arasındakı münaqişənin həlli prosesində vasitəçi kimi çıxış etməsi təklifinə sərt münasibət bildirib.

Bu dəfə hədəf kimi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsi göstərilir. Erməni politoloqlar bu ərazinin onlara məxsus olduğunu iddia edirlər.

Qeyd edək ki, bölgədə zaman-zaman separatçı hərəkatlar baş verir. Buna misal olaraq, bölgədə fəaliyyət göstərən separatçı QHT “Birləşmiş Cavakx Demokratik Alyansı”nın sədri Vaan Çaxalyan da tez-tez bölgənin Ermənistana ilhaq olması təklifləri ilə çıxış ediblər. Hətta eks-prezident Mixeil Saakaşvilinin ona sillə vurması da bir ara sosial mediaların gürcü seqmentində ən çox paylaşılan videolardan biri idi.

Onu bildirək ki, bundan bir müddət öncə Ermənistandakı müxalif “Ermənistan-Avropa Partiyası”nın sədri Tiqran Xzmalyan da analoji bəyanatla çıxış edərək Tbilisi şəhərinin guya 100 il əvvəl ermənilərə məxsus olduğu iddia ediblər.

Cavaxetiyada ikinci Qarabağ ssenarisi reallaşa bilərmi?

Ermənilərin bu iddiaları bölgədə yeni münaqişələrin yaranmasına səbəb ola bilərmi?

Qarabaginfo.az xəbər verir ki, məsələni yenisabah.az-a şərh edən hakim Gürcüstan parlamentinin sabiq deputatı Mahir Dərziyev bildirib ki, Cavaxetiyada ikinci Qarabağ ssenarisinin olması ehtimalı demək olar ki, yoxdur:

“Belə bir ehtimalı kimlərsə vaxtilə reallığa çevirmək istəyirdilər. Tarixçilər bunu daha yaxşı bilərlər. Səhv etmirəmsə, 1985-ci ildə Afinada erməni diaspor təşkilatlarının və xaricdəki erməni siyasi partiyalarının nümayəndələri toplantı keçiriblər və orada, artıq SSRİ-də gözlənilən süqutla bağlı onların analizləri və müəyyən təhlilləri olub. Separaçtı hərəkatı Qarabağdamı, yoxsa Cavaxetiyadamı başlamaq barədə müzakirələr aparılıb. Səs çoxluğu ilə o dövrdə ermənilər qərar alıblar ki, bu proseslərə Qarabağda başlasınlar. Bax, belə bir ssenari üzərində işləyənlər var idi”.

Sabiq millət vəkilinin sözlərinə görə, bu gün Gürcüstan bölücülük və separatizmdən ən çox əziyyət çəkən ölkələrdən biridir:

“Bizim ölkəmizin Abxaziya MR və ləğv edilən Cənubi Osetiya, tarixən isə Samaçablo (Hazırda Şida Kartli mxaresinin şimalı – red.) adlandırılan bölgələr faktiki olaraq Rusiya tərəfindən işğal olunubdur və orada separaçtı, qondarma rejimlər mövcuddur. Hesab edirəm ki, Cavaxetiyada ermənilərin hər hansı separatçı çıxışları Gürcüstan dövləti üçün arxadan saplanacaq bir xəncər ola bilərdi. Amma zaman-zaman orada müəyyən qüvvələr, o cümlədən bir sıra ekstremist ünsürlər müəyyən cəhdlər ediblər, amma Qarabağ ssenarisinin təkrar olunmasını mən ağılabatan hesab etmirəm.

Hər şeydən əvvəl ermənilər Qarabağdan ibrət götürməlidirlər, artıq onlar ağıllanmalıdırlar. Qarabağda onların əməllərinin yekunu nə oldu, onları gələcəkdə hansı tale gözləyir və s. Yəqin ki, ermənilər bundan real nəticələr çıxarıblar və bu mənada Qarabağda Azərbaycanın 44 günlük Vətən Müharibəsi, qazandığımız zəfər bir növ Gürcüstan üçün də böyük bir dəstək oldu”.

“Doğrudur, müharibə dövründə Gürcüstan hökuməti rəsmi olaraq neytrallıq siyasəti aparmaq mövqeyi tuturdu, amma ictimai rəy Azərbaycanın tərəfində idi. Bu baxımdan Qarabağdakı separatçılıq siyasətinin fiaskosu onların çoxlunun başına soyuq su ələdi və buna görə də, ermənilərin Cavaxetiyada ayağa qalxmasını real hesab etmirəm.

Bundan başqa, ermənilərin Gürcüstana ərazi iddialarına gəldikdə isə, təbii ki, müəyyən ekspert və akademik dairələrdə zaman-zaman belə sərsəm fikirlər səslənir, amma bu gün rəsmi səviyyədə, dövlət siyasətində Gürcüstanla Ermənistan arasında dostluq və qonşuluq münasibətləri mövcuddur. Həmçinin Gürcüstanın Milli Təhlükəsizlik Doktrinasına görə, Azərbaycan strateji müttəfiqdir, Ermənistan isə dost və qonşu ölkədir. Bu baxımdan dostluq və qonşuluq etməyə də məcburdular və hətta məhkumdurlar. Çünki bu gün Ermənistanın xarici aləmlə, o cümlədən, onu müttəfiqi Rusiya ilə bağlayan ən mühüm yollardan biri Gürcüstan ərazisindən - Yuxarı Larsdan keçir.

Bir çox mülahizələri və təhlilləri biz ortaya qoysaq, bu münaqişələrin yaranması ehtimalı da zənnimcə, çox azdır. Xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, artıq bunu deməyə əsas verir ki, onların Cavaxetiyadakı separatçılıq iddialarını sıfıra endiribdir”, - deyə sabiq deputat yekunlaşdırıb.



Xəbəri paylaş

1306 dəfə oxunub.

Digər xəbərlər
23-07-2022, 13:00 Zaqatalada zəlzələ olub