Saytımızı qiymətləndirin


 
 

Dəm qazından boğulan tələbənin müəllimi və dostları: “Onu çox istəməyən yox idi” - FOTOLAR
Tarix: 29-12-2021 | Saat: 16:15
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Dekabrın 26-da Azərbaycan Universitetinin tələbəsi Elimxan Əliyev dəm qazından boğularaq ölüb.

Qarabaqinfo.az saytının əməkdaşı Elmixan Əliyevin müəllimi və dostları ilə əlaqə saxlayıb.
 

Elmixanın magistratura üzrə müəllimi Elşən Pənahov bildirib ki, tələbəsi düşüncə cəhətdən digər yoldaşlarından fərqlənirdi:
 

“Elmixan dərslərində çalışqan, nisbi aktiv idi. Amma digər tələbələrdən hər zaman fərqlənirdi. Elmixan həm bakalavr, həm də magistr təhsilini bizim universitetdə alıb. Mən ona magistr pilləsində dərs deyirdim.

Elmixanın hər kəslə münasibəti çox müsbət idi. Çox sakit, hamı ilə mehriban idi. İmtahanda hər zaman hamıdan fərqli düşüncə ilə çıxış edirdi. Ailəsi ilə çox təəssüf ki, başsağlığına gedəndə tanış oldum. Elmixanı hər zaman yaxşı xatırlayacağıq”.



Bakalavr pilləsindəki qrup yoldaşı Asim Ellazovun sözlərinə görə, Elmixanın bütün universitet tanıyır, necə bir tələbə olduğunu hamı bilirdi:


“Elmixan çox çalışqan tələbə olub. Universitetə də yüksək balla daxil olub. Bir semestr Almaniyada təhsil aldıqdan sonra yenidən Azərbaycana qayıdıb.

Elmixanın hər kəslə münasibəti vardı, universitetdə onu hamı tanıyırdı. Əlindən gəldiyi qədər hər kəsə kömək edirdi. Elmixanın qardaşlarını da tanıyırdıq. Atası xaricdə işlədiyinə görə orada yaşayır.

Elmixanı itirdiyimizi hələ də dərk edə bilmirik. Onun yoxluğundan danışmaq hamımız üçün çətindir”.


Mərhumla uşaqlıqdan bir yerdə böyümüş dostu Sənan Azadəliyev bildirib ki, o qədər çətin yol ayrımlarına rast gəliblər ki, amma həmişə Elmixan ona dəstək olub:




“Elimxanla mən abituriyent dövründən yaxınıq, dostuq. Elmixan kimi insanla hələ rastlaşmamışam. Biz 2014, 2015, 2016-cı illərdə bir yerdə oxuyub, ikinci qrup üzrə qəbul imtahanlarına hazırlaşmışıq.

Ümuniyyətlə, Elmixan həyatda çox saf, təmiz oğlan olub. Dostluqda, yoldaşlıqda, dərslərdə, bir sözlə, hər şeydə insanlara kömək olub. Dərs zamanı müəllim mövzunu başa salırdı. Elmixan yorulmadan bizə təzədən dərsi danışırdı. Çox gözəl ürəyi vardı, hər zaman üzügülər idi.

Universitetə birlikdə daxil olmuşduq, 4 il bir yerdə oxuduq. Bəlkə də mənim universiteti bitirməyimin səbəbkarı Elmixandır. O qədər çətin yol ayrımlarına gəldik ki, Elmixan hər dəfə mənə dəstək oldu. Tək mənə yox, bütün qrupun dostu idi. Elmixanı sevməyən, onu çox istəməyən yox idi.

Arada olurdu qrup içində kiminsə kimləsə sözü düz gəlmirdi. Amma Elmixanın elə bir problemi olmayıb. Elmixan artıq ikinci kursda Almaniyaya getdi, amma bizimlə əlaqəni kəsmədi.

İki gün bundan qabaq bu xəbəri eşidəndə özümə gələ bilmədim, inanmırdım. Hətta sosial şəbəkələrdə xəbərləri görəndən sonra da inanmırdım. Onun yoxluğu mənə çox pis təsir edir”.
 

Qeyd edilir ki, E.Əliyev magistraturaya qəbul imtahanında 93 bal toplayaraq respublika üzrə ən yüksək nəticə göstərənlərdən biri olub. O, 2016-cı ildə ali məktəblərə qəbul imtahanında da yüksək nəticə əldə edərək 636 balla Azərbaycan Universitetinin tədrisi ingilis dilində aparılan maliyyə ixtisasına qəbul olunub. E.Əliyev 2017/2018-ci tədris ilinin yaz semestrini “Erasmus+” mübadilə proqramı çərçivəsində Almaniyanın tərəfdaş Koblenz Universitetində oxuyub.(modern.az)



Xəbəri paylaş

1311 dəfə oxunub.

Digər xəbərlər