Saytımızı qiymətləndirin


 
 

Moskvada Azərbaycan xalçalarına həsr olunan milli gecə keçirilib
Tarix: 15-12-2021 | Saat: 10:46
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

Moskvada Azərbaycan xalçalarına həsr olunan milli gecə keçirilib

Moskvada Azərbaycan xalçaları növbəti dəfə rusiyalı alıcılara təqdim olunub.

Qarabaginfo.az xəbər verir ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin istehsalı olan xalçaların təqdimatı xüsusi təşkil olunmuş "Azərbaycan xalçaları "Caspian" sahilində" adlı Azərbaycan milli gecəsində baş tutub.

Tədbirdə Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu, Azərbaycanın Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov və xarici ölkələrin səfirləri və diplomatları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Polad Bülbüloğlu Moskvada Azərbaycan xalçalarına həsr olunmuş sərginin keçirilməsini önəmli hadisə adlandırıb: "Bir səfir kimi mənə bu gün burada xalçalarımızın kolleksiyasını görmək çox xoşdur. Xalça Azərbaycanın milli sərvətidir. Azərbaycan xalçaları dünyanın ən məşhur muzeylərinin eksponatıdır".

Emin Məmmədov isə çıxışı zamanı tədbir iştirakçılarının bir daha əsl Azərbaycan xalçalarına heyran qalacaqlarından əminliyini ifadə edərək, “Azərxalça” ASC-nin bütün yeniliklərə və maraqlı təkliflərə açıq olduğunu və dizaynerlərdən cəlbedici əməkdaşlıq təklifləri gözlədiyini vurğulayıb: "Əsas məqsəd Azərbaycan xalçalarını məhz nüfuzlu dizaynerlərin diqqətinə çatdırmaq, onlarla əməkdaşlıq üçün zəmin yaratmaqdır. “Azərxalça” ASC artıq dünyanın məşhur dizaynerləri ilə işləmək, onlardan sifariş götürmək və ya onların sifarişlərini toxumaq kimi məsələləri gündəmdə saxlayır".

Daha sonra çıxış edən “Detali” dizayn məktəbinin direktor müavini İrina Perxova bildirib ki, böyük hörməti və yeni həllər axtarışını özündə birləşdirən yeni “Azərxalça” kolleksiyası ilə tanış olmaq üçün bir çox interyer dizaynerləri sərgiyə gəliblər: “İnteryer dizayn məktəbimiz yeni tendensiyalarla ayaqlaşır. İndi incəsənətə və sənətkarlığa maraq artır, ona görə də belə bir tədbirdə iştirak etmək, rəng həllərinin özəlliklərinə baxmaq, həm mənəvi məna, həm də zəngin mədəni irs daşıyan ornamental əsərlərə baxmaq bizim üçün çox vacib və maraqlıdır".

“Detali” dizayn məktəbinin distant proqramlarının prodüseri Yekaterina Popova-Qamayun qeyd edib ki, hazırda “Azərxalça” ilə gələcək əməkdaşlıq istiqamətləri, ekspedisiyalar, xalçaçılıq, Azərbaycan xalçaları üzrə mühazirələrin mövzuları müzakirə olunur: “Bu, çox gözəl sərgidir. Moskva qışının ortasında Azərbaycanın günəşi..."

Gecə çərçivəsində “Azərxalça” ASC-nin kreativ direktoru Əsmər Abdullayeva “Azərbaycan xalçalarının yeni həyatı” adlı təqdimat keçirib, Azərbaycan xalçalarının toxunma prosesini izah edən ustad dərsi təşkil olunub.

Rəsmi hissədən sonra qonaqlara Azərbaycan milli mətbəxinin təamları, milli şərabların təqdimatı və musiqiçilər Riad Məmmədov və Aslan Əhmədovun konsert proqramı təqdim olunub.

Qeyd edək ki, Moskvanın ən məşhur məkanlarından biri - “Caspian”da baş tutmuş tədbirdə təqdim olunan Azərbaycan xalçalarının çoxu əsl əl işi olan Qarabağ xalçalarıdır. Tədbir iştirakçılarına ümumilikdə həm klassik, həm də modern xalça kolleksiyalarından ibarət 56 xalça təqdim edilib. Xüsusi gecədə Rusiyanın tanınmış 50 dizayneri də iştirak edib.(Apa)



Xəbəri paylaş

1389 dəfə oxunub.

Digər xəbərlər